Hindistanın “əngəl” siyasəti iflasa məhkumdur

post-img

Azərbaycan-Pakistan qardaşlığına qarşı çıxmaq mümkün deyil

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri hər zaman yüksək səviyyədə olub. Xüsusilə Ermənistanla müharibə şəraitində yaşadığımız dövrdə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra İslamabadın Bakıya göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanıb. Öz növbəsində Azərbaycan da Hindistana dəstəyini heç zaman əsirgəməyib. lkəmiz ammu və əşmirlə bağlı problemin beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət edilərək sülh yolu ilə həllini dəstəkləyir. 

Azərbaycan 2025-ci ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı qardaş dövlətlə həmrəylik nümayiş etdirib və siyasi dəstək göstərib. Lakin bu yaxınlaşma Hindistanın narazılığına səbəb olub və Nyu-Dehli müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı təzyiq imkanları axtarmağa başlayıb. Hindistanın mövqeyində həm geosiyasi maraqlar, həm də Pakistanla dərinləşən qarşıdurma mühüm rol oynayır.

Bu məsələyə sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşündə də toxunuldu. Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib. 

Azərbaycan–Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

                                                                                ***

Bu arada Hindistanın yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxdığı məlum olub. Bu barədə “AnewZ” telekanalı məlumat yayıb. Rəsmi Pekin təşkilata üzv dövlət başçılarının 31 avqust – 1 sentyabr tarixlərində Tiencin şəhərində keçirilən 25-ci sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun “Şanxay ruhu” prinsiplərinə uyğun olduğunu qeyd edib. “Öz növbəsində vəziyyətlə tanış olan rəsmi şəxslər “AnewZ”a bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistanlə qardaşlıq münasibətləri ilə sıx bağlıdır”, – deyə telekanal qeyd edib. Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.

Dünən bu istiqamətdə daha bir məntiqəuyğun və adekvat hadisə baş verib. Məlum olub ki, qardaş Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü blok edib. Rəsmi İslamabad bu addımı Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq atıb.

                                                                                ***   

Qeyd etmək lazımdır ki, Nyu-Dehli bir müddətdir müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı süni əngəllər yaratmaqla məşğuldur. Son olaraq Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv qəbul edilməsinə qarşı çıxması bu siyasətin açıq göstəricisidir. Halbuki, məhz təşkilata sədrlik edən Çin Xalq Respublikası Azərbaycanın müraciətini dəstəkləyib və onun “Şanxay ruhu” prinsiplərinə tam uyğun olduğunu bəyan edib. Bu isə göstərir ki, Hindistanın arqumentləri heç bir beynəlxalq prinsipə əsaslanmır, sırf ikitərəfli münasibətlər zəminində formalaşan şəxsi narazılıqlardan qaynaqlanır. “Şanxay ruhu”nun əsas tələblərindən biri də odur ki, ölkələr arasında olan mübahisələr çoxtərəfli platformalara daşınmasın. Nyu-Dehlinin bu davranışı isə açıq-aşkar həmin prinsiplərin pozulmasıdır.

Əslində, Hindistanın bu cəhdləri nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də onun strateji kursuna zərər yetirə bilər. Azərbaycan müstəqil siyasət yürüdən, regional və qlobal əməkdaşlıq formatlarında sabit tərəfdaş kimi qəbul edilən bir dövlətdir. Ölkəmizin Türkiyə, Pakistan, Çin, Mərkəzi Asiya dövlətləri və İslam dünyası ilə sıx əlaqələri Nyu-Dehlinin hər hansı əngəlinin təsirini minimuma endirir. Hindistanın Azərbaycana qarşı addımları əksinə, onun özünün geosiyasi məhdudluğunu, dar düşüncəli siyasətini nümayiş etdirir. Çünki dünyada yeni çoxtərəfli əməkdaşlıq mühiti formalaşır, ölkələr strateji tərəfdaşlığa daha çox önəm verir. Bu mühitdə bir ölkənin başqa dövlətə qarşı əsassız bloklama siyasəti yürütməsi onun diplomatik gücünü yox, zəifliyini ortaya qoyur.

Maraqlı məqam odur ki, Hindistanın Azərbaycana qarşı çıxış etdiyi vaxtda Pakistan da Ermənistanın eyni təşkilata üzvlüyünü bloklayıb. Bu, regionda siyasi tarazlığın necə işlədiyini göstərən əla nümunədir. Rəsmi İslamabad Nyu-Dehlinin addımına cavab olaraq Bakıya açıq dəstəyini nümayiş etdirib. Əslində, bu hadisə göstərir ki, Hindistanın təzyiq cəhdləri heç bir nəticə verməyəcək, əksinə, Azərbaycan–Pakistan qardaşlığını daha da gücləndirəcək. Çünki hər addımında qardaş ölkələr bir-birinə dayaq olur, qarşılıqlı dəstəklə regionda öz mövqelərini möhkəmləndirirlər.

Beləliklə, Hindistanın Azərbaycana qarşı apardığı siyasət əks nəticə verir. Azərbaycan qlobal arenada etibarlı və prinsipial tərəfdaş statusunu qoruyur, Pakistanla qardaşlıq münasibətləri isə daha da möhkəmlənir. Nyu-Dehlinin bütün cəhdləri yalnız onun özünün geosiyasi nüfuzuna zərbə vurur, ölkəmizin mövqelərinə isə təsirsiz qalır.

Politoloq İlyas Hüseynov mövzu üzrə XQ-yə bildirdi ki, Hindistanın ölkəmizə hücumları ilk dəfə deyil. Onun sözlərinə görə, Nyu-Dehli ŞƏT-in tamhüquqlu üzvlüyü yolunda Azərbaycanın namizədliyini əngəlləməklə düşmənçilik ritorikasını davam etdirir: “Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında münaqişə və müharibə dövrü başa çatıb, sülh bərqərar olub. Hindistanda isə hələ də 2020-ci il 27 sentyabrdan öncəki tarixlə yaşayırlar. Bu da təəssüf doğurur. Çünki yeni geosiyasi reallıqları dünyanın proqressiv çoxluğu, praqmatik əksəriyyəti qəbul edib. Avqustun 8-də Vaşinqtonda imzalanmış və hamı tərəfindən bəyənilən, qəbul edilən sənədlər bunu təsdiq edir”.

Siyasi şərhçi qeyd etdi ki, eyni zamanda, Pakistanla Azərbaycan arasında möhkəm dostluq-qardaşlıq münasibətləri var: “Sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən görüşdə Prezident İlham Əliyev Baş nazir Məhəmməd Şahbaz Şərifə Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan Prezident qeyd etdi ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür. Bu onu deməyə əsas verir ki, bizim münasibətlərimiz dönməzdir, sarsılmazdır. Hindistanın ölkəmiz əleyhinə bu addımları isə qeyd etdiyimiz kimi tamamilə təəssüf doğurur. Zənnimcə, Ermənistan Respublikası da Hindistanı bu addımlardan çəkindirməlidir. Çünki məhz Azərbaycanın, necə deyərlər, nəzarəti ilə Pakistanla Ermənistan arasında diplomatik münasibətlər yaranır. Pakistanın Azərbaycana dost-qardaş münasibəti özünü tarixin bütün dövrlərində sübut edib. Ermənistanın ölkəmiz əleyhinə etnik təmizləmə siyasəti həyata keçirməsi, torpaqlarımızı işğal etməsi ona gətirib çıxarmışdı ki, Pakistan indiyədək Ermənistanla diplomatik əlaqələr qurmayıb və Hayastanı bir dövlət kimi tanımayıb”.

İ.Hüseynov açıqlamasının davamında bildirdi: “Hazırda yeni geosiyasi reallıqlar kontekstində normallaşma və etimad quruculuğu, dövlətlərarası münasibətlərin formalaşması üçün mühüm addımların atılması fonunda biz Ermənistan və Pakistan xarici işlər nazirlərinin iki dövlət arasında diplomatik əlaqələrin qurulmasına dair avqustun 31-də kommünike imzaladıqlarını görürük. Bu da ölkəmizin xeyir-duası, mövqeyimizin və maraqlarımızın nəzərə alınması yolu ilə həyata keçirilən prosesdir. Lakin Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Eyni zamanda, ölkəmizin iqtisadi maraqlarının da qarşısını alır. Əslində, Hindistan bununla iç üzünü göstərmiş olur. Bu davranışlar məntiqdən kənardır”. 

Politoloq hesab edir ki, Nyu-Dehlinin mövqeyində dəyişiklik baş verməsi, ölkəmizin maraqlarının təmin olunması üçün mühüm diplomatik iş həyata keçirilməli, böyük proses icra edilməlidir.

Səxavət HƏMİD

XQ



Siyasət