Moskva Bakı ilə dialoqa məhz bu prinsipə əməl etməklə başlamalıdır
Rusiyada dövlətin vahid ideologiyaya ehtiyac duyduğu barədə ara-sıra çıxışlar eşidirik. Xüsusilə, Ukrayna ilə müharibə başlayandan sonra belə çağırışlar bəzi rəsmilərin dilindən də səslənməkdədir. Bunlardan biri Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkindir. O, hakimiyyətin dövlət ideologiyasına ehtiyacı olduğunu bəyan edib. Komitə sədri bu ideologiyanın qurula biləcəyi dəyərlərin siyahısını da açıqlayıb: “Keçmişə sevgi, mərhəmət, Tanrıya inam. Bunların hamısı konstitusiya dəyərləridir”.
Maraqlı yanaşmadır. Bastrıkin Rusiyanın milli dokrtinasının düsturunu vaxtilə “avtokratiya – pravoslavlıq – millilik” kimi formalaşdıran I Nikolayın təhsil naziri Uvarovun nümunəsini əsas göstərməklə hansı “keçmişi sevməyin” lazım olduğunu aydın şəkildə ifadə edib. Belə çıxır ki, müasir Rusiya Nikolayın vəzirinin irəli sürdüyü milli ideologiyanı əxz etməlidir. O zaman Uvarovun tamahkarlığının təcəssümü olan bu şovinist ideya barədə dahi rus şairi Aleksandr Puşkin tənqidi şeir yazmışdı. Amma nə olsun, Rusiyada hələ də heç nə dəyişməyib. Bu yaxınlarda Moskvada həmin Uvarovun abidəsinin açılışı oldu. Bu məqamda oxucuların yadına ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyət dönəmində milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Boltonun sözlərini salmaq istərdik: “Rusiya quruluşunun ideologiyası “çarizm”dir. Bu, Romanovlar imperiyasının təsəvvür edilən böyüklüyünə siyasiləşmiş nostaljidir”.
***
Ona görə keçmişə qısa nəzər saldıq ki, oxucu Kremlin bu gün yürütdüyü siyasəti ilə iki əsr əvvəl çar Rusiyasının milli ideologiyası arasındakı dəyişməzliyi və oxşarlığı görsün. Məlum səbəblərdən, yəni öz günahından Azərbaycanla münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması üçün Kremlin atdığı, yaxud atmağa hazırlaşdığı addımların mahiyyətində məhz həmin “milli ideologiyanın” silueti görünməkdədir.
“Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib. O, yerli mediaya açıqlamasında daha sonra bildirib: “Və biz inanırıq ki, məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşdır və belə də qalmalıdır”.
Peskovun sözlərinə görə, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir. Çünki iki ölkəni “ortaq tarix, ortaq bu gün və ümumi gələcək” birləşdirir.
Rusiya Prezidentinin sözçüsü, həmçinin onu da bəyan edib ki, rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daim təmasdadır və onlar “saxlanılan rusların maraqlarını müdafiə edirlər”. Bundan başqa, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daim əlaqə saxlayırlar”.
Kremlin iki ölkə arasında münasibətlərin normallaşmasına, diplomatik gərginliyin aradan qaldırılmasına doğru atılan addımları kimi qəbul ediləcək bu açıqlamadan savayı, son günlər digər pozitiv hərəkətlər də müşahidə olunmaqdadır.
“Rusiya və Azərbaycan arasında münasibətlərdəki böhran fonunda bu gün vəziyyətə ayıq baxmağa çağıranların səsləri daha ucadan eşidilir”. Bu sözləri “Rusiya-1” telekanalının efirində Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi fonunda Rusiyanı Azərbaycanla küsdürməyə çalışırdılar: “Halbuki Azərbaycan bu gün bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır. Azərbaycan Prezidenti İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir”. Slutski çıxışında bir daha xatırladıb ki, Azərbaycan Rusiyanın postsovet məkanında strateji tərəfdaşıdır.
Kremlin kifayət qədər yüksək çinli rəsmilərinin dilindən səsləndirdiyi barışıq notları hələlik konkret addımlarla müşayiət olunmasa da, ekspertlər gərginliyin tezliklə aradan qalxacağı qənaətindədirlər.
***
“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranmış çətinliklər narahatedicidir. Amma vəziyyət “xalqların maraqları nəzərə alınmaqla sülh yolu ilə” həll olunacaq”. Bu fikirlərin müəllifi Dağıstanın rəhbəri Sergey Melikov etiraf edib ki, indi dağıstanlıları təxribata çəkmək və “onları münaqişələrə sürükləmək, sonradan utanacaqları işlərə inandırmaq” cəhdləri edilə bilər.
“Biz bu gün dünyada baş verənləri narahatlıq və ağrı ilə izləyirik. Təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb. Amma mən əminəm ki, onların hamısı sülh yolu ilə, xalqların maraqları nəzərə alınmaqla, münasibətlərimizin tarixinə hörmətlə həll olunacaq”.
Melikovun sözlərinə görə, belə çətin vaxtlarda vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə – Rusiyanı daxildən zəiflətməyə, nifaq salmağa, qardaş xalqları bir-birinə qarşı qoymağa cəhd edənlər tapılır: “Bu, xüsusilə, onilliklər ərzində ən yaxın qonşuları ilə sülh və harmoniya şəraitində yaşayan çoxmillətli Dağıstana aiddir. Respublikamızda Dağıstanı özlərinə vətən hesab edən azərbaycanlılar az deyil. Əlaqələrimiz, sadəcə, coğrafi deyil, tarix, ailə bağları, mədəniyyət və birlikdə yaşadığımız həyatdır. Vurğulamaq istəyirəm ki, Dağıstanda azərbaycanlılar yerli xalqdır!”
Dağıstan rəhbərinin açıqlaması bir sıra maraqlı assosiasiyalar doğurur. Misal üçün, “biz birlikdə çox sınaqlardan keçmişik və yenə keçəcəyik. Bütün çətinliklər müvəqqətidir, amma qardaşlıq və ləyaqət bizimlə əbədi olaraq qalır” sözləri ilə qafqazlı xarakterini ortaya qoyan Melikovun xoş niyyətli çağırışına bunları əlavə etməyi vacib sayırıq: – Gələcəyimiz problemləri tez bir zamanda dərk edə bilməkdən, şovinizmdən, tarixi illüziyalardan qurtulmaqdan, irili-xırdalı, qərbli-şərqli bütün qonşularla qarşıqlıqlı hörmətə söykənən münasibətlər qura bilməkdən asılıdır. Bəli, biz artıq XIX əsrin dünyasında deyil, bütün ölkələrlə normal danışıqlar aparmalı olduğumuz müasir dünyada yaşamalı olacağıq.
***
“Kremlin nümayəndə heyəti hazırlanır və o, bu həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq”. Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan VÇK-OQPU Teleqram kanalı özəl mənbəyinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Bakıya şəxsən Rusiya Prezidenti Putinin mesajı çatdırılacaq. Hər iki ölkədə həbs olunanların mübadiləsi təklifi verilə bilər. Nümayəndə heyətinə Vladimir Putinin keçmiş şəxsi adyutantı, indiki fövqəladə hallar naziri, Azərbaycan hökumətinin nümayəndələri ilə yaxın şəxsi münasibətləri olan Aleksandr Kurenkovun başçılıq edə biləcəyi qeyd olunur.
“Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə münaqişə aparmaq və belə mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, – deyə mənbə kanala açıqlamasında bildirib.
Beləliklə, görünən odur ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdə mövcud gərginliyi aradan qaldırmaq istəyir. Təki ortada reallığın qəbul edilməsinə, xoş niyyət və səmimiyyətə söykənən dialoq üçün siyasi iradə olsun. Və bu dialoqda təmaslar yuxarıdan aşağı – şaquli deyil, düz, üfiqi müstəvidə –bərabərhüquqlu tərəfdaşlar kimi qurulsun.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Azərbaycan Rusiya ilə münasibətlərin diplomatik qarşıdurma səviyyəsinə çatdlırılmasında heç vaxt maraqlı olmayıb. İndiki durumun belə qalmasında da maraqlı deyil. Sadəcə olaraq, əgər Moskva Bakı ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdirsə, bunun heç də yuxarıdan aşağı baxmaq demək olmadığını anlamalıdır. Azərbaycan özünə qarşı bu cür yanaşmanı heç kəsdən qəbul edə bilməz. Bu gün rəsmi Bakının Kremldən heç bir umacağı yoxdur. Ən az, normal qonşuluq münasibətləri qorunub saxlanılmalıdır. Və istənilən halda insanlıq çərçivəsindən kənara çıxmamalıdır. Ortada cinayət əməli varsa, onun cəzası da olmalıdır. Ola bisin ki, bizim təyyarəmizi qəsdən yox, düşünmədən, texniki səhv ucbatından vurublar. Mütləq araşdırılmalı günahkarlar üzə çıxarılmalı, elan edilməli, cəzalandırılmalı və qarşı tərəfdən üzr istənilməlidir. Bəziləri iddia edirlər ki, Azərbaycan Rusiyanın hərbi helikopterini vurub, sonra sülhməramlıların getdiyi maşını atəşə tutub. Bakı bu faktları etiraf etdi, təzminat ödədi və üzrxahlığını bildirdi. Axı, indi qarşı tərəfdən də bundan artıq bir şey tələb olunmur.
Bəli, Rusiyada yaşayan azərbaycanlıların arasında müxtəlif insanlar var. Yanlış hərəkət edənlər, hətta cinayət törədənlər də ola bilər. Amma bu o demək deyil ki, onları döyüb öldürəsən və sonra da deyəsən ki, öz vətəndaşlarımızdır, necə davranacağımzı özümüz bilərik. Azərbaycan bu cür yanaşmanı qəbul etmir. Bu baxımdan etirazımın əsası var idi. Buna görə iki ölkə arasında müəyyən qarşıdurma yarandı. Fəqət həmin hadisənin geniş rezonansı oldu. Rusiyanın güc strukturları gördülər ki, bizim soydaşlarımızla belə qəddar rəftar etmk olmaz. Cinayət törədibsə həbs edin, qaydaları pozubsa, deportasiya edin. Başağrısının əsas səbəbi məhz budur. Hətta cinayət işlətmiş olsa belə, onu təpiyin altına salmağa kimsənin haqqı yoxdur.
Düşünürük ki, Azərbaycanın haqlı etirazı artıq faydasını verdi. İkitərəfli münasibətlərin normallaşması yönündə Şimaldan pozitiv çağırışlar çoxalmaqdadır. Anladılar ki, Azərbaycanla münasibətlərin korlanması Rusiyaya yalnız ziyan vura bilər. Bakı əyilməyəcək ki, Kreml fayda görsün.
Nümayəndə heyəti gəlsin, dialoq qurulsun. Doğrudur, onlara səmimiyyətlə qucaq açmayacağıq, amma qonşu dövlətlər kimi münasibətləri müəyyən formaya salmalıyıq. Əvvəlki münasibətlər tam şəkildə olmasa da, 60-70 faiz bərpa edilə bilər.
Kəramət QƏNBƏROV,
beynəlxalq hüquq eksperti
Rusiyanın Yekaterinburq şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş insidentlər fonunda Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginlik mərhələli şəkildə səngiməyə doğru gedir. Bu proses, ilk növbədə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial, ardıcıl və təmkinli siyasətinin nəticəsidir. Rəsmi Bakı bu hadisələrə hüquqi çərçivədə yanaşaraq, baş verən hüquq pozuntularının qətiyyətlə pislənilməsini, təqsirkar şəxslərin cəzalandırılması tələbini gündəmə gətirdi. Azərbaycanın mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə – insan hüquqlarının qorunması, etnik, dini ayrı-seçkiliyin yolverilməzliyi və dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətə əsaslanır. Bu yanaşma emosional ritorikadan uzaq, milli maraqlara söykənən rasional dövlət siyasətidir.
Azərbaycan gərginliyin dərinləşməsində maraqlı olmayaraq, diplomatik kanallar vasitəsilə hüquqi mexanizmlərin işə salınmasını üstün tutur. Qonşuluq siyasətində qarşılıqlı etimad, sabitlik və beynəlxalq hüquqa hörmət Azərbaycanın əsas prioritetləri sırasındadır. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmaq fikrində deyil, amma dünyanın hər hansı ölkəsində azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına da göz yummayacaq.
Eyni zamanda, indiki vəziyyətdə Türkiyənin regionda oynadığı balanslaşdırıcı rolu xüsusi qeyd etmək lazımdır. Ankara həm Bakı, həm də Moskva ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və buna adekvat olaraq neytral və məsuliyyətli mövqe sərgiləyir. Türkiyə tərəfləri təmkinə çağırmış, regional sabitliyi pozacaq ritorikadan uzaq duraraq vasitəçilik təşəbbüsü ilə çıxış etmişdir. Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətlərində müşahidə olunan yumşalma, Azərbaycanın hüquqi əsaslara söykənən xarici siyasət kursunun və regionda sabitliyin qorunması yönündə göstərdiyi səylərin məntiqi nəticəsidir. Türkiyənin konstruktiv rolu isə bu prosesi dəstəkləyən mühüm faktor kimi çıxış edərək, gələcəkdə qarşılıqlı etimada əsaslanan, dayanıqlı və hüquqa söykənən qonşuluq siyasətinin inkişafına real zəmin yaradacaq.
İmran BƏDİRXANLI
XQ