Avropanın Şərq, Türk dünyasının Qərb dövləti
“Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”. Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında deyib.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəöncəsi ikitərəfli görüşdə Azərbaycan və Macarıstan liderlərinin mətbuat üçün verdiyi bəyanatları çox önəmli müsajlarla zəngin idi. Bu da təsadüfi deyildi. Axı, ilk dəfə idi ki, TDT-nin Zirvə toplantısı Macarıstanda keçirilirdi. Baş nazir Viktor Orban bu faktı xüsusi olaraq vurğuladı: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına evsahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada “qasırğa”nın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər”.
Avropa İttifaqına üzv ölkənin başçısı kimi özünəməxsus xarizmaya və siyasi imicə malik olan Orban xalqının Hun sərkərdəsi Atillanın şəcərəsindən gəldiyini söyləyən ilk macar liderdir. Onun Türk dünyasına, xüsusilə Azərbaycana bəslədiyi rəğbətini ən müxtəlif məkanlarda və tədbirlərdə nümayiş etdirməsinin şahidi olmuşuq. Bu mənada onun Azərbaycanı ölkəsinin “dar günün dostu” kimi tanımasını bəyan etməsi təsadüf sayılmamalıdır.
Budapeştdə səmimi dostluq atmosferində keçən görüşün yekununda Prezident İlham Əliyev mətbuat üçün verdiyi bəyanatında Azərbaycan–Macarıstan əlaqələrinin uğurla inkişafını, ölkələrimizin dost, strateji tərəfdaş olmasını ayrıca qeyd etdi: “Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi kökünə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar, bir-birinə çox yaxındır”.
Dövlət başçımız əlavə etdi ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.
***
Qeyd edək ki, yaşı bir qərinəyə bərabər Azərbaycan–Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində çoxşaxəli tərəfdaşlıq müstəvisinə yön alıb. Bu əlaqələr 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib. Bu sənəd iki ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənədlə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək etibarlı tərəfdaşlığın təməl sütunlarını təşkil edir.
Liderlərin Budapeşt görüşündən yadda qalan məqamlardan biri də Prezident İlham Əliyevin üzünü macar həmkarına tutaraq ölkələrimiz arasında tale oxşarlığı barədə dedikləri oldu: “Oxşarlıqlardan biri də, Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də, qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Dövlətimizin başçısının zərgər dəqiqliyi ilə xırdaladığı bu incə məqamlar, doğrudan da, Azərbaycanla Macarıstanın bir-birinə möhkəm tellərlə bağlanmasını zəruri edir. Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri kimi Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi ön sırada gəlir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın qitə ilə əlaqələrinin inkişafında strateji körpü rolunu oynayan ən etibarlı tərəfdaşıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın yeni üfiqlərini açır. Buna iki dost ölkə liderinin qarşılıqlı səfərlərində intensivləşən şəxsi təmasları da dəlalət edir. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Bu məqamda vacib bir detalı qeyd etməyimiz yerinə düşər. Baş nazir Viktor Orbanın TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il –Macarıstanın Aİ Şurasına sədrliyi dövründə Şuşaya ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlə, eləcə də COP29-da iştirakı ilə bağlı Aİ rəsmilərinin Orbanı qınamasına, hətta səlahiyyətlərini aşması barədə dediklərinə Macarıstan Baş nazirinin reaksiyası birmənalı oldu. O, Azərbaycan ilə xüsusi münasibətlərini nəzərə alaraq, belə beynəlxalq tədbirdə Aİ-nin sədri kimi deyil, Macarıstanın Baş naziri səviyyəsində iştirak etdiyini bildirmişdi.
***
Bakı–Budapeşt əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan–Macarıstan Strateji Dialoqunun təsis edilməsi oldu. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutdu.
Macarıstan Aİ, Avropa Şurası, “Qoca qitə”nin digər siyasi strukturlarında Azərbaycanın maraqlarını daim müdafiə edir. TDT-nin Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyətə malikdir. Baş nazir Viktor Orban, Xarici işlər və ticarət naziri Peter Siyarto dəfələrlə bəyan ediblər ki, Macarıstan həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövlətidir. Razılaşın ki, bu, bir Avropa dövləti tərəfindən Türk dünyasına yönəlik çox cəsarətli bəyanatdır.
2023-cü il üçün Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, Vesprem şəhərinin isə “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədar, yanvarın 30-da “Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin yaradılması və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ümumiyyətlə, iki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il 200 azərbaycanlı tələbəyə təqaüd ayrılır. Hazırda Macarıstanda 700-ə qədər azərbaycanlı tələbə təhsil alır. Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan da macar tələbələrin təhsil haqqını ödəyir.
İki dövlətin və iki xalqın dostluğuna dəlalət edən daha bir fakt: 2023-cü il oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərindəki Hunqarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılışı olub. Azərbaycan Dillər Universitetində Macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2025-ci il mayın 19-da Macarıstanın aparıcı ali məktəblərindən biri olan Eötvöş Lorand Universitetində (ELTE) Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb.
Bütün bunlar Azərbaycanın avropalı dostu ilə genişlənməkdə olan əlaqələrinin parlaq gösrətəriciləridir. Əminliklə deyə bilərik ki, bütövlükdə Azərbaycan–Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və dostluq münasibətlərinin beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb olacağı şübhəsizdir.
İ.HƏSƏNQALA
XQ