Türk dünyasının yeni strateji hədəfi

post-img

Budapeşt zirvəsi və geosiyasi transformasiya

2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və imzalanmış 71 maddəlik Bəyannamə təşkilatın qlobal arenada artan təsirinin simvoluna çevrildi. Zirvə görüşünün Avropa İttifaqına üzv  ölkə olan Macarıstanın ev sahibliyində keçirilməsi tarixi və geosiyasi baxımdan əhəmiyyətlidir. TDT-nin Avropadakı ilk belə yüksək səviyyəli toplantısı təşkilatın regional çərçivədən çıxaraq, daha geniş beynəlxalq platformaya inteqrasiya meyillərini nümayiş etdirdi.

Türk Dövlətləri Təşkilatının Budapeştdə Zirvə görüşü keçirməsi dərin tarixi və siyasi kontekstdə qiymətləndirilməlidir. Görüş  müasir türk dövlətlərinin iştirakı ilə Avropanın mərkəzində – türklərin tarixi coğrafiyasından kənarda – türk irsinin yenidən təsdiqlənməsi və strateji şəkildə gündəmə gətirilməsi deməkdir.

Türk xalqları tarix boyunca Avrasiyanın müxtəlif bölgələrinə yayılmış, bu coğrafiyalarda yalnız hərbi deyil, həm də mədəni, siyasi və iqtisadi təsir izləri buraxmışlar. Avropada bu təsir, əsasən, Hun, Avar, Qıpçaq, Peçeneq, Bolqar və Osmanlı kimi müxtəlif türk siyasi qurumları vasitəsilə özünü göstərmişdir. Xüsusilə, Hun hökmdarı Attilanın Avropada yaratdığı siyasi gərginlik, Roma imperiyasını danışıqlara məcbur etməsi türk siyasi ağırlığının ilk nümunələrindən biri sayılır. Daha sonra, Avar Xaqanlığı Mərkəzi Avropada təsir dairəsi quraraq bu ərazidə türk varlığını sabitləşdirmişdir. Balkanlarda Bolqar xanın qurduğu dövlət və Osmanlı imperiyasının yüzilliklər boyu bölgədəki hakimiyyəti türk mədəniyyətinin və idarəetmə modelinin Avropa kontekstinə daxil olması ilə nəticələnmişdir.

Tarixə baxış Macarıstanın Türk Dövlətləri Təşkilatına olan marağını daha anlaşılan edir. Macar elmi və siyasi dairələri özlərini tarixi Hun və Avar mirası ilə əlaqələndirərək, türk dünyası ilə ortaq mədəni bağları vurğulamağa çalışır. Budapeştin bu sammitə ev sahibliyi etməsi isə Türk dünyasının Avropada nüfuz dairəsini genişləndirmək istiqamətində strateji niyyəti ortaya qoyur.

Macarıstanın TDT-yə müşahidəçi statusundan çıxaraq daha fəal iştirakçıya çevrilmək istəyi Avropada alternativ geosiyasi qütb axtarışlarının da bir göstəricisidir. Qərb təsirindən nisbətən uzaqlaşmağa çalışan və çoxtərəfli diplomatik balans siyasəti yürüdən Budapeşt rəhbərliyi Türk dünyası ilə əməkdaşlığı həm tarixi mirasa söykənən, həm də iqtisadi-siyasi faydalar gətirən bir platforma kimi qiymətləndirir ki, bu da Avropada TDT-nin yumşaq gücünün yeni forması kimi təhlil oluna bilər.

Beləliklə, TDT-nin Budapeştdə Zirvə keçirməsi türk tarixi irsinin Avropada yenidən aktuallaşdırılması, tarixi yaddaşın siyasi kapitala çevrilməsi və türk dövlətlərinin transregional təsir gücünün sərgilənməsi baxımından strateji əhəmiyyət daşıyır. Hadisələr həm də Qərb və Şərq arasında yerləşən ölkələrin yeni güc mərkəzlərinə doğru meyillənməsinin bir əlaməti qəbul edilə bilər.

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində qəbul edilən mötəbər Bəyannamə təkcə təşkilatın daxilindəki koordinasiyanın və institusional çərçivələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal diplomatiyada yüksələn aktor kimi TDT-nin iddialarını və potensialını nümayiş etdirməsi baxımından strateji əhəmiyyət kəsb edir. Həmin sənədin məzmunu təşkilatın  beynəlxalq sistemdə aktiv mövqeyə sahib olmaq niyyətində olan çoxölçülü diplomatik platforma olduğunu təsdiqləyir.

Bəyannamədə üzv dövlətlərin siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyaya hazır olduqlarını bildirmələri TDT-nin gələcəkdə klassik regional təşkilat modelindən çıxaraq funksional bloklaşma yolunda irəlilədiyini göstərir və bu, Türk dünyasında qərarların çoxtərəfli məsləhətləşmələr və institusional çərçivə daxilində qəbul edilməsinə yönəlmiş diplomatik mədəniyyətin formalaşmasına işarədir.

Sənəddə beynəlxalq məsələlərə dair vahid mövqelərin formalaşdırılması və koordinasiyalı fəaliyyət çağırışları 
TDT-nin qlobal diplomatiyada “əhəmiyyətli aktor” kimi çıxış etməyə başladığını göstərir. Qəzzadakı humanitar böhranla bağlı vahid mövqe və siyasi bəyanat təşkilatın beynəlxalq humanitar məsələlərdə etik və prinsipial mövqe sərgiləmək istədiyini əks etdirir. Fikrimizcə, bu amil, bir tərəfdən təşkilatın yumşaq güc potensialını artırır, digər tərəfdən isə İslam dünyasında və qlobal Cənubda legitimliyini genişləndirə bilər.

Əfqanıstan və Suriya kimi mürəkkəb geosiyasi məsələlərə dair birgə yanaşma istəyi üzv dövlətlərin regional təhlükəsizlik arxitekturasında daha aktiv rol oynamaq niyyətinin ifadəsidir və bu addım Türk Dövlətləri Təşkilatının regional təhlükəsizlik mexanizmi formalaşdırmaq potensialının dəyərləndirilməsinə şərait yaradır.

Xüsusilə, beynəlxalq təşkilatlarda qarşılıqlı namizədlik dəstəyi məsələsinin vurğulanması təşkilatın öz içində siyasi həmrəyliyi gücləndirməklə yanaşı, qlobal miqyasda təsir gücünü artırmaq üçün praktiki diplomatik alətlərdən istifadə etdiyini göstərir və üzv dövlətlərə BMT, İƏT, UNESCO kimi beynəlxalq qurumlarda daha güclü mövqelər qazanmaq imkanı yaradır .

Ümumilikdə, Budapeşt Zirvəsində qəbul edilən Bəyannamə TDT-nin siyasi transformasiyasını və institusional yetkinliyini göstərir və sənəd təşkilatın yalnız etnomədəni bağlılıq əsasında deyil, ortaq siyasi iradə və strateji maraqlar əsasında birləşdiyini göstərən bir çərçivə kimi çıxış edir. 

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində iqlim gündəminə dair qəbul edilən yanaşmalar təşkilatın beynəlxalq diplomatiyada yeni və vacib istiqamətdə – “yaşıl diplomatiya” sahəsində – iddialı addımlar atmağa başladığını göstərir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu çərçivədə irəli sürdüyü “Bakı İqlim Birliyi Paktı” təşəbbüsü TDT üçün qlobal davamlılıq diskursunda fəal iştirak baxımından strateji fürsət yaradır. Zirvə iştirakçılarının bu təşəbbüslərə verdiyi dəstək TDT-nin ekoloji məsuliyyətə əsaslanan diplomatik platformaya çevrilmək niyyətini ortaya qoyur.

“Yaşıl” enerji dəhlizlərinin qurulması, tullantıların idarə olunması və iqlimədavamlı infrastruktur layihələrinin təşviqi kimi konkret təşəbbüslər təşkilatın dayanıqlı inkişaf hədəfləri ilə də uyumlu hərəkət etdiyini göstərir. TDT-nin “Türk Yaşıl Baxış” adlı strateji sənədi “yaşıl” keçid üzrə üzv ölkələr arasında uzunmüddətli əməkdaşlıq modelinin əsasını qoyan yol xəritəsidir. Bu sənəd təşkilatı yaşıl diplomatiyada normativ güc kimi mövqeləndirmə potensialına malikdir.

Zirvə görüşündə təhlükəsizlik məsələlərinin xüsusi diqqət mərkəzində olması TDT-nin mövcud regional və beynəlxalq çağırışlara uyğun şəkildə funksional transformasiya keçirdiyinin əksidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq, transmilli cinayətkarlıq və terrorizmlə mübarizə, eləcə də kibertəhlükəsizlik istiqamətində birgə fəaliyyət niyyətləri təşkilatın klassik mədəni inteqrasiya çərçivəsindən çıxaraq, çoxölçülü təhlükəsizlik aktoruna çevrilmək potensialının formalaşdığını təsdiqləyir və bu transformasiya təşkilatı regional sabitlik mexanizmi roluna yaxınlaşdırır, onun geosiyasi əhəmiyyətini artırır.

Budapeşt Sammitində vurğulanan mədəniyyət və gənclik diplomatiyası elementləri TDT-nin öz təsirini təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşdırmadığını, yumşaq güc alətlərinə böyük önəm verdiyini göstərir. Türk gəncliyinə dair əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi isə təşkilatın gələcək lider nəsillərinin ortaq kimlik, ortaq dil və ortaq strateji baxış ətrafında formalaşdırılması məqsədinə xidmət edir.

Budapeşt Zirvəsində institusional və iqtisadi sahələrdə qəbul edilən qərarlar təşkilatın gələcək fəaliyyətlərinin effektivliyi və strateji davamlılığı baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. TDT Katibliyinin büdcəsinin artırılması və Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması təşkilatın iqtisadi və maliyyə strukturlarını da möhkəmləndirən funksional beynəlxalq aktora çevrilmək iradəsini ortaya qoyur.

Büdcənin artırılması təşkilatın institusional potensialının genişləndirilməsinə, layihə əsaslı əməkdaşlığın maliyyələşdirilməsinə və ekspertiza imkanlarının gücləndirilməsinə xidmət edəcək. Türk İnvestisiya Fondunun fəaliyyəti isə iqtisadi inteqrasiyanın dərinləşməsi, üzv ölkələr arasında ortaq iqtisadi layihələrin reallaşdırılması baxımından yeni bir mərhələnin başlanğıcıdır. 

Bununla yanaşı, Gömrük dəhlizinin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minməsi təşkilat daxilində ticarətin liberallaşdırılması və logistika şəbəkələrinin inteqrasiyası baxımından mühüm addımdır. Nəticə etibarilə, bu saziş TDT-ni qlobal təchizat zəncirlərində daha rəqabətli və əlaqəli bir struktur halına gətirir.

Bütün bu addımlar göstərir ki, TDT artıq sadəcə, ideoloji və mədəni birlik layihəsi olmaqla kifayətlənmir, həm də praktiki, institusional və iqtisadi alətlər vasitəsilə dərin inteqrasiya modelinə doğru irəliləyir. Son olaraq qeyd etmək istərdim ki,  Türk dünyasında gələcəkdə bu sinerjinin daha da güclənməsi türk dövlətlərinin beynəlxalq münasibətlər sistemində daha təsirli və görünən mövqe tutmasına zəmin yaradacaq. 

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki,  siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət