Gürcüstan üzərində geopolitik oyunlar: ikinci cəbhənin axtarışı

post-img

2025-ci ilin may ayı Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə növbəti gərginlik mərhələsinin başlanğıcı oldu. Avropanın bəzi dairələri Tbilisiyə qarşı ard-arda sərt bəyanatlar, demarşlar və təzyiqlərlə çıxış etdi. “Avropa gələcəyi” adı ilə təqdim olunan bu çağırışların arxasında, əslində, Cənubi Qafqazı yeni hərbi böhranlara sürükləmək niyyəti dayanır. Təsadüfi deyil ki, bu gün Gürcüstana qarşı yönəlmiş siyasi təzyiqlər Baltikyanı ölkələrdən, Polşadan və Skandinaviya dairələrindən gəlir – yəni Ukrayna müharibəsində “ikinci cəbhə” axtaranlardan.

Estoniya 2025-ci ilin 8 mayında Gürcüstanın diplomatik və xidməti pasport sahiblərinə qarşı viza rejimi tətbiq etdiyini elan etdi. Elə həmin gün Gürcüstanın xarici işlər naziri Aİ xarici işlər şurasının Varşavadakı qeyri-rəsmi iclasına dəvət olunmadı. Bu, Aİ-nin Gürcüstandakı hakimiyyətə açıq mesajı idi: əgər siz bizim planlara qoşulmursunuzsa, sizi təcrid edəcəyik.

9 may – Avropa Günü – Gürcüstanda yenidən mitinqlər keçirildi. Eks-prezident Salome Zurabişvili və müxalif qüvvələrin təşkil etdiyi aksiyalar Avropaya inteqrasiya adı ilə gerçəkdə hökumətin devrilməsinə çağırış idi. Elə həmin gün Aİ-nin Tbilisidəki səfiri Gürcüstanın Avropa yolunun dayandırıldığını bəyan etdi. İsveç və Baltikyanı ölkələrin diplomatları da oxşar tonda açıqlamalar verdilər. Lakin maraqlıdır ki, Macarıstan, Slovakiya, Bolqarıstan və hətta NATO üzvü olan Türkiyə bu çağırışlara qoşulmadı.

Məsələ tək Gürcüstanla bağlı deyil. Ukraynada hərbi əməliyyatların dondurulmağa doğru getdiyi bir vaxtda, bəzi Aİ ölkələri yeni münaqişə zonaları formalaşdırmaq istəyirlər. Hollandiya hərbi kəşfiyyatının rəhbəri bildirib ki, Rusiya artıq Ukrayna üçün lazım olandan daha çox artilleriya istehsal edir və Baltikyanı regiona yeni hərbi bölmələr yerləşdirir. Bu isə o deməkdir ki, növbəti toqquşma Polşa, Finlandiya və Baltikyanı ölkələrdə gözlənilir.

Əgər belə olarsa, Aİ-nin bəzi dairələri Gürcüstanı “ikinci cəbhə” kimi səhnəyə çəkmək istəyəcək. Təsadüfi deyil ki, Gürcüstandakı müxalifətə edilən dəstək, antihökumət aksiyalarına verilən açıq müdafiə bu kontekstdə oxunur.

Azərbaycan Prezidenti İlham Əliyev bu proseslərin geosiyasi nəticələrinə toxunaraq vurğulayıb ki, Avropa rəsmilərinin “Orta dəhliz”lə bağlı bəyanatları reallıqla üst-üstə düşmür. Dəhlizin infrastrukturunu Gürcüstan və Azərbaycan qurub. Ermənistanın bu dəhlizdə heç bir rolu yoxdur. Lakin Aİ rəsmiləri yeni reallıqları nəzərə almadan sanki kartanı kənardan yenidən çəkməyə çalışırlar.

Əgər Gürcüstanda “ikinci cəbhə” açılarsa, bu, yalnız Cənubi Qafqaz üçün deyil, həm də Çin üçün ciddi nəticələr doğuracaq. Çünki bu halda Avrasiyadan keçən bütün quru marşrutlar bağlanacaq və Çin üçün yalnız dəniz yolu qalacaq – o yolun isə tam nəzarəti ABŞ-ın əlindədir.

Beləliklə, ortaya tək bir sual çıxır: Avropa İttifaqının bəzi dairələri doğrudanmı Gürcüstanın sabitliyini, Orta dəhlizin fəaliyyətini və regionun inkişafını istəyirlər? Yoxsa əksinə, Avrasiyanın “tranzit iflici” onların əsas hədəfidir və Gürcüstan bu planlara tabe olmadığı üçün cəzalandırılır?

Gürcü xalqı 2024-cü ildəki seçkilərdə bu planlara “yox” dedi. Hakimiyyət də xalqın mandatına söykənərək təzyiqlərə boyun əymədi. Amma görünən odur ki, bu təzyiqlər bitmir. Səssizcə Gürcüstanda növbəti “Maydan ssenarisi” üçün zəmin hazırlanır. Bu isə bir daha sübut edir ki, geosiyasi oyunlar demokratik qərarları və dövlətlərin suverenliyini nəzərə almadan davam edir.

Oğuz ARİF

Siyasət