“Erməni soyqırımı”: nağılın sonu

post-img

I məqalə

XX əsrin geosiyasi ziddiyyətləri 

Keçən əsr bəşər tarixində bir çox sahələrdə yeniliklərlə yanaşı, ziddiyyətlərlə zəngin olmuşdur. Əsrin əvvəllərində Avropa və Asiyada demək olar ki, bütün güclü dövlətlər ölüm-dirim çarpışmasında idilər. Burada xüsusilə anqlo-saks, fransız, rus, osmanlı, Çin, yapon imperiyaları arasında toqquşmalar seçilirdi. Məsələn, XX əsrin ilk beş ilində Avropada, Yaxın Şərqdə, Qafqazda olduğu kimi, Uzaq Şərqdə də qızğın hərbi toqquşmalar özünü göstərirdi. 1905-1907-ci illər Rusiya–Yaponiya müharibəsini xatırlayaq. 

Bu prosesin fonunda bizim üçün indi də düşündürücü olan iki tendensiyanı ayıra bilərik. Birincisi, dünyanın kəskin qarışdığı XX əsrin əvvəllərindən Amerika başda olmaqla Qərb imperialist dairələri elə beynəlxalq hüquqi tənzimləmə və cəzalandırma sistemi üzərində düşünməyə başladılar ki, hər bir böyük gücü ram etmək mümkün olsun. Bu zaman qərblilərin və rusların ikinci dərəcəli, “tarixi baxımdan lazımsız”, siyasi-ideoloji baxımdan isə təhlükəli hesab etdikləri böyük gücləri sıradan çıxarmaq ilk  vəzifələrdən idi. Bu baxımdan 1918-ci il yanvarın 8-də ABŞ-ın o dönəmki Prezidenti V.Vilsonun tarixə “Vilsonun 14 müddəası” kimi düşmüş Konqresə müraciətini ayrıca vurğulamalıyıq. 

“Sülhpərvər və bəşəri” Vilson

Əslində, həmin 14 müddəa (prinsip) bir sıra aspektlərdə başlanğıc deyil, nəticə idi. Çünki XX əsrin ikinci onilliyinə dünya qanlı toqquşmalar, hərbi təcavüzlər, terror, şantaj, rəqibi Yer üzündən silmək və sair kimi vəhşi proseslərin vüsət alması ilə qədəm qoyurdu. Həmin reallıq prizmasında 14 müddəaya baxanda 12-cinin məzmunu diqqəti çəkir. Orada yazılmışdır ki, Osmanlının qeyri-millət hissəsinə muxtar inkişaf imkanı yaradılsın və Dardanel boğazı bütün gəmilərə açılsın. Avstriya-Macarıstan imperiyasında yaşayan bütün xalqlara da muxtar inkişaf imkanından başqa heç bir böyük dövlətə belə münasibət sənəddə əksini tapmamışdır. Almaniyadan isə işğal etdiyi bütün ərazilərdən çıxması tələb olunurdu. 

Müqayisələr göstərir ki, V.Vilson Osmanlının türk imperiyası kimi aradan qaldırılmasına aparan yol seçməyi təklif etmişdir. Məhz bu kimi imperialist iddiaların əsasən türklərə qarşı yönəldilməsi və bunun çərçivəsində adi türk-müsəlmanlara qarşı xüsusi amansızlıqla terror törədilməsi təsadüfi görünmür. Onların işığında “erməni soyqırımı” şantajı da böyük imperialist güclərin tarixin bir dönəmində ermənilərə və türklərə qarşı nağıl, şantaj, qarşılıqlı nifrət və düşmənçilik “ideoloji, diplomatik, silahlı şantajından başqa bir şey deyildir. Nə yazıq ki, ermənilər bu nağıla o dərəcədə inanmışlar ki, indi bir sıra erməni ziyalılarının çağırışlarını belə eşitmək istəməyən “soyqırımı və türk düşməni xəstəsi” vardır. 

Ancaq bunlarla yanaşı, geniş bir coğrafiyada günahsız insanların axan qanının, minbir erməni işgəncəsinə məruz qalmış məsum türk-müsəlman insanlarının (qoca, qadın, kişi, gənc daxil) məhv edilməsinin günahını heç nə yuya bilməz. O hadisələr yaddaşdan silinməz. Bu gerçəkliyin fonunda “erməni soyqırımı” deyərək bağıran siyasətçilərin, ölkə başçılarının, terrorçuların tarixi cinayətlərini aydın görmək olur. Onlar türklərlə yanaşı, erməni xalqının sadə kəsiminə qarşı da cinayətlər törətmişlər! Əlahəzrət faktların işığında “erməni nağılı”nın ideoloji, siyasi və geosiyasi anatomiyasına nəzər salmaqla vurğulanan tezislərin doğruluğuna əmin ola bilərik.

İmperiyaların savaşı və  insan faktoru

Bu barədə çox yazılmışdır. Azərbaycanda da həm tarixi baxımdan, həm də, konkret olaraq, Qərbi Azərbaycan məsələsi kontekstində çox dəyərli araşdırmaları ölkəmizin alimləri etmişlər. Biz onlara toxunmayacağıq və müəyyən geosiyasi və siyasi xətt üzrə “erməni soyqırımı” nağılının məhdud miqyasda süjetinə müraciət edəcəyik. 

Erməni məsələsi Anadoluda və Cənubi Qafqazda iki istiqamətdən olan imperialist təcavüzlər prosesi ortaya atdı. Onlardan biri Qərb imperiyalarının Osmanlını dağıtmaq niyyətindən qaynaqlanan hərəkat, digəri isə XIX əsrin əvvəllərindən Səfəvilərə qarşı hərbi yürüşlər keçirib yeni ərazilər işğal etmək iddiasında olan Rusiya ilə bağlıdır. Qısaca onu deyək ki, Qərb imperialistləri siyasi, diplomatik və ideoloji aspektlərdə türk-müsəlman imperiyalarına qarşı savaşırdısa, Rusiya ərazi işğalı üsuluna üstünlük verirdi. Lakin hər iki imperialist dairələri birləşdirən ortaq siyasi-ideoloji məqam vardı – türkləri cəmiyyət kimi özünütənzimləyə bilmək halından çıxarmaq, onları mənəvi, mədəni, ideoloji və əxlaqi olaraq zəiflətmək, toplumlarını parçalamaq və sonra özlərinin istədikləri kimi yenidən qurmaq (müasir oxşar üsullardan biri: ABŞ-ın Qəzzadan yerli sakinləri çıxarıb, “yenidən qurmaq” planı). 

Həmin imperialist dairələrə bu uzaq məqsədli niyyəti reallaşdırmaqda şantajçı, arada vasitəçi və istifadə aləti kimi bir xalq lazım idi. Onlar erməniləri seçdilər. Niyə məhz onları seçdilər, ayrı mövzudur. Ancaq artıq br neçə yüzildir ki, ermənilər həmin kənar qüvvələrin maşası rolunda çıxış edirlər. Əlbəttə, bu xidmət üçün ermənilərə nəsə “hədiyyə” edilməli, vədlər verilməli və onlar istiqamətlənməli idilər. Bu “hədiyyə” erməni dövlətinin yaradılması ideyası oldu! Faktlar göstərir ki, XIX əsrin əvvəllərindən rusların qacarlarla savaşları və ayrıca, Avropa və ABŞ-ın Osmanlı və Səfəvi ərazilərindəki fəaliyyətləri addım-addım bir tərəfdən erməni azğınlığının yüksəlməsinə, digər tərəfdən isə daha çox sayda məsum türk-müsəlman əhalinin zərər görməsinə aparıb çıxarırdı. Bu proseslərin fonunda artıq XIX əsrin sonlarında bir sıra mütəşəkkil terrorçu erməni təşkilatları yaradılmışdı. 

Onda hələ “erməni soyqırımı”ndan danışan yox idi. Çünki əsas olaraq erməni terrorçuları Anadoluda, İrəvanda, Zəngəzurda, Borçalıda, Cənubi Azərbaycan ərazilərində və digər yerlərdə kütləvi qırğınlar törədirdilər. Bu, ümumilikdə Qərb və Rusiya imperiyalarının apardıqları antitürk siyasətləri fonunda ağalarının əmrlərini yerinə yetirən ermənilərin vəhşiliklərinin göstəricisi kimi qəbul edilməlidir. Bizim üçün çox ağrılı olan həmin dövrlə bağlı yalnız bircə faktı vurğulayaq. Türkmənçay işğal müqaviləsi 1828-ci il fevralın 10-da imzalanmışdır. Bundan heç bir ay keçməmiş, Novruz bayramı günündə (21 mart) çar I Nikolayın imzaladığı fərmana baxın: İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradılsın. Bu, süni bir inzibati bölgü idi. Çünki rusların “erməni vilayəti” dedikləri ərazidə cəmi 1111 kənd vardı. Həmin kəndlərin cəmi 62-də ermənilər yaşayırdılar və onlardan da yalnız 14-nün adı ermənicə idi (bu faktlar Qərbi Azərbaycan icmasının hazırladığı müxtəlif materiallarda və başqa mənbələrdə, hətta erməni mənbələrində vardır). Bunu, obrazlı desək, “erməni soyqırımı” nağılının siyasi, diplomatik və geosiyasi “prelüdiyası” adlandıra bilərik!

Çünki, birincisi, Rusiya imperiyası sonralar bu siyasəti genişləndirərək işğal etdiyi bütün Azərbaycan ərazisinə tətbiq etmişdir (bir müddət Osmanlının da işğal etdiyi ərazilərinə yaymışdı), ikincisi, təbliğatda, ideologiyada “türklər gəlmədir, ermənilər aborigendir” xülyasına vüsət vermişdir. Bu iki xətt uzun müddətdir ki, erməni terrorunun, şantajının və “soyqırımı nağılı”nın ideoloji sütununu təşkil edir. Onun başqa bir sütunu Qərb imperialist dairələrinin həm radikal, ultraetnik, şovinist milliyyətçi ideoloji konseptlərini daim aktuallaşdırması ilə bağlıdır. Bu istiqamətdən birbaşa “erməni soyqırımı”nın qondarma süjeti hazırlandı və paralel olaraq, Qərb parlamentlərinin ona hüquqi don biçməsinə başlanıldı.

“Soyqırımı”na qədərki mərhələdə erməni terroru 

Bunu bilmək vacibdir. Çünki həmin məqamı anlamadan “erməni soyıqırımı” nağılının əsas mahiyyəti və yaradılma səbəbini tam dərk etmək mümkün deyildir. Nəyi nəzərdə tuturuq?

XIX əsrdə mütəşəkkil hala gətirilən erməni terror fəaliyyətinin xüsusi ideoloji hədəfi müəyyən edilmişdi. Onu Qərbdəki ağaları müəyyənləşdirmişdilər. Qısaca hər bir erməni terror təşkilatı üçün aksiom sayılan tələb belə idi: türkü öldürmək haqqındır, harada gördün məhv et, yerindən-yurdundan sürgün et! Boşaltdığın ərazilər sənin “Böyük Ermənistan” keçmişinin indisidir”! Bu tezisi müxtəlif formalarda “Armenakan”, “Hnçak”, “Daşnaksütyun”, “ASOA”, “Asala”, “Erməni soyqırımının ədalət komandosları” və başqalarında açıq görmək olar. Sizcə, bu fikirlərdən daha çox nəyin nəfəsi duyulur: dövlət qurmaq istəyən “məsum bir xalqınmı”, yoxsa başqa etnosa və dini kimliyə malik bir qövmə qarşı kin, nifrət, vəhşət, məhvetmə istəyimi? Məncə, ikincidir! Bu cür köklənmiş vəhşilər hansı haqla özlərinin soyqırımından danışa bilər. Bu o zaman ola bilər ki, kimlərisə məhv etməyini özünün təbii haqqı saysın və buna qarşı kim durursa, o, “sıyqırımı edir” – deyə çərənləsin. “Erməni soyqırımı” nağılının başlanğıcı da sonu da bu primitiv ideoloji və psixoloji tezisdədir! Məhz XX əsrdə II Qarabağ müharibəsində Azərbaycan Orudusu bu gerçəkliyi dumanlı erməni başlarına anlatdı!         

Lakin XXI əsrə qədər və hətta 1915-ci ilə qədər erməni terrorunun fəaliyyət sahələri öncədən belə ola biləcəyinə işarələr verirdi. Xüsusi nifrət ideologiyası və psixologiyası ilə doldurulmuş erməni terror təşkilatları Osmanlı İmperiyasında aldığı zərbələr nəticəsində və havadarlarının təhriki ilə Cənubi Qafqaza nüfuz etməyə başladılar. Onlar faktiki olaarq üç istiqamətdə davamlı olaraq terrora başladılar – Osmanlı, Cənubi Azərbaycan və Cənubi Qafqaz! Bunların hər birində erməni fəaliyyətinin ortaq əlaməti dinc insanları kütləvi qətlə yetirmək, sataşmaq, təhqir etmək, yerli insanları öz yurdlarından didərgin salmaq, imkan daxilində onları məhv etməkdən ibarət idi! Bunun fonunda iki istiqamətdə dərhal fəaliyyət göstərirdilər. Birincisi, yerli əhalidən boşalan yerlərə Osmanlı və Qacar imperiyalarından erməniləri köçürür və toponimləri erməniləşdirirdilər. Demoqrafik balans dəyişdiyi halda “erməni muxtariyyatı” və “erməni dövləti” hoqqasını ortaya atırdrılar. Buna dəstək həm Qərbdən, həm də Rusiyadan olurdu. Ancaq ən böyük dəstək həmin dönəmdə Rusiyadan idi. Bunlar avtomatik olaraq türklərin yaşadıqları ərazilərdə süni demoqrafik vəziyyət yaradırdı. Azərbaycan tarixçi alimi Nazim Mustafa rus müəllifi N.Şavrova istinad edərək yazır ki, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşayırdısa, 1908-ci ildə onların sayı 1 milyon 301 min idi. Yəni 400 min erməni qısa müddətdə Cənubi Qafqaza köçürülmüşdü. Onlar harada yerləşdirildi? Türk-müsəlmanlardan terror, sürgün və işgəncə ilə boşaldılan yerlərdə! 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında 1301 yaşayış məntəqəsi mövcud idi və onların 959-da (!) azərbaycanlılar yaşayırdılar. Yuxarıda qeyd etiyimiz kimi artıq 1918-ci ilə orada cəmi 10 min azərbaycanlı qalmışdı! Bu prosesin adını nə qoyaq? 

Gerçəklik odur ki, imperialistlər “müstəqil erməni dövləti”ni belə yaradırdılar! Türkün tökülən günahsız qanından bu “dövlətin ideologiyasını dizayn edirdilər! İndi bu, onların öz başlarında çatlayır!   

Və bütün bunlar 1915-ci ilə qədər, ümumiyyətlə, türklərə qarşı ermənilərin havadarlarının göstərişi və əmri ilə etdiklərinin yalnız az bir qismidir. Lakin ümumi mənzərəni real ifadə edə bilir. 1915-ci ilə aid etməyə çalışılan “erməni soyqırımı”na bu faktların işığında baxmaq mütləq zərurətdir!

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki,  fəlsəfə elmləri doktoru

 

Siyasət