110 illik yalanın, böhtanın mahiyyəti və hədəfi
(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/222697-ermeni-soyqirimi-uydurmalar-ve-gercekler)
“Ermənilərin fəlakəti”nin Avropa ölkələrində təbliği və Rusiyaya edilən yeni xəyanət
Uydurma “erməni fəlakəti”nin müzakirə edilməsində missioner təşkilatlar da müəyyən rol oynadılar. Ermənilərin ələ keçirilməsi və onların protestantlığı qəbul etmələri əsasən satın almaq və yeni əhali ilə fərqə görə edilirdi. Protestantlığı qəbul edən ermənilərə böyük pul verilirdi. 1916-cı ilin fevralında Londonda Lord Mera adına Erməni qaçqınlarına yardım fondunun nümayəndəsi Harold Bekston Qafqaza səfər etdi. Səfər zamanı onu tərcüməçi kimi Daşnaksütyunun Tiflisdə nəşr olunan “Orizon” qəzetinin əməkdaşı Arşak Safrastyan müşayiət edirdi. Fevralın 28-də bu şəxsin şərəfinə Tiflisdəki “Anona” restoranında ziyafət verildi. Qonağın yanında olan Daşnaksütyunun üzvləri Vardanyan, Muradyan, İsaakyan və b. ermənilərin vəziyyəti barədə jurnalistə şişirdilmiş məlumatlar verdilər və Rusiyaya inanmadıqlarını bildirdilər. Bu, erməni xadimlərinin onların himayəçisi olan Rusiyaya arxadan vurduqları daha bir zərbə idi.
Söhbət zamanı H.Bekston dedi ki, ermənilərə muxtariyyəti israrla tələb etmək üçün daha tutarlı faktlar, xüsusən öldürülən ermələrin sayını, təqibləri, hüquqsuzluqları, ermənilərin sıxışdırılması, onların Rusiya və Avropa ölkələrində yaymaqdan ötrü faktları toplamaq lazımdır. Bildirdi ki, İngiltərə mətbuatında ermənilərin hüquqlarını müdafiə edən yazılarla çıxış edəcəkdir.
H.Bekstonun söylədiklərinə uyğun olaraq erməni ziyalıları, terror-siyasi təşkilatlarının üzvləri, din adamları ermənilərin ölümü, dəyən maddi və mənəvi ziyan barədə mətbuatda məqalələr yazmağa başladılar. Bakıda dərc edilən “Arev” (Günəş) qəzeti bununla bağlı olaraq ermənilərə belə bir müraciət etdi: 1. Rus ordusu tərəfindən tutulan ərazilərdəki kəndlərdə, rayonlarda əhalinin və əmlakın, dağıdılan mədəniyyət müəssisələrinin sayını müəyyənləşdirmək. 2. Müharibə illərində ermənilər hansı təqiblərə və məhrumiyyətlərə məruz qalıblar?
3. Qırğının hansı şəraitdə və nə zaman baş verdiyini, ona kimin rəhbərlik etdiyini, ermənilərin köçürülməsinin hansı şəraitdə və hansı yolla baş verdiyini aydınlaşdırmaq. 4. Ermənilərin Rusiyaya qaçmasının təfərrüatlarını müəyyənləşdirmək, bütün fiziki və mənəvi məhrumiyyətlərini araşdırmaq. Toplanan bütün məlumatları rus və Avropa dillərində nəşr edilən almanax və qəzetlərdə dərc etdirmək.
Bundan sonra ermənilər nəsə alacaqları ümidi ilə hay-küylə uydurma məlumatları bir neçə dəfə şişirdərək təşkilatlarına göndərməyə başladılar. Uydurmaların həddi-hüdudu yox idi.
H.Bekstonun səfəri və verdiyi vədlərlə bağlı olaraq Rusiya Daxili İşlər Nazirliyinin Polis Departamenti xarici ölkələrə yerli hakimiyyətlərlə Rusiyanın səfirlik və konsulluqları ilə münasibətlər üçün ezam edilmiş xüsusi agentinə 1916-cı il martın 29-da göndərdiyi məxfi məktubunda yazırdı ki, H.Bekston Tiflisdə yerli daşnaklar tərəfindən qəbul edilib və onlardan ermənilərin hazırkı vəziyyətinə dair qərəzli məlumatlar alıb. O, məqalələrində “erməni muxtariyyəti” ilə bağlı məsələlərə kömək edəcəyinə, bu məqsədlə ingilis cəmiyyətinə təsir edəcəyinə söz verib. Polis Departamenti özünün agentinə ingilis mətbuatını diqqətlə izləmək, H.Bekstonun “erməni məsələsi” ilə bağlı məqalələrini göndərmək tapşırığı verdi.
Bu məktub ermənilərin qərəzli, şişirdilmiş məlumatlar verdiklərinin Rusiya imperiyasının dövlət orqanı tərəfindən etiraf edilməsi idi.
İngiltərəyə qayıtdıqdan sonra H.Bekston “Ararat” qəzetində “İrəvan metamorfozası” adlı bir məqalə dərc etdirdi. O, məqalədə erməni qaçqınlarının vəziyyətini təsvir edərək yazırdı ki, Rusiyada hamı onlara qucaq açdı, 1915-ci ilin sentyabr-oktyabr aylarında 23 min nəfər erməni Qafqaza gəldi. Hər bir erməni öz evinə 2-5 nəfər ermənini yerləşdirdi. 1916-cı ildə İrəvanda artıq 16 min erməni qaçqını var idi. Məqaləsi yayımlandıqdan sonra Bekston erməni qaçqınlarına yardım fonduna 1000 rubl pul verdi.
Londonda dərc edilən “Ararat” qəzeti ermənilərin vəziyyətinə dair materialların xarici mətbuat orqanlarında dərci üçün xüsusi komissiya yaratdı. Paris və Milanda da belə komitələr quruldu.
Beləliklə, ermənilərin uydurduqları məlumatlar mətbuata ayaq açdı. Az sonra İsveçrədəki komitə fransız dilində bir neçə kitabça nəşr edərək yaydı. Bu isə Avropa ölkələrində və ABŞ-da ictimai rəyə təsir göstərirdi.
Erməni təşkilatları didişirlər
Düşdükləri vəziyyət üçün erməni təşkilatları biri-birilərini, Daşnaksütyunu və kilsəni təqsirləndirirdilər. Günahı daşnaklarda görən “Mşak” qəzeti 1915-ci il 21 dekabr tarixli sayında senzuranın dərcinə icazə vermədiyi “Fayda” başlıqlı məqaləsində yazırdı ki, 1896-cı ildən Daşnaksütyun öz fəaliyyətindən ötrü aşağıdakı vasitələri müəyyənləşdirdi: “Türkiyə Ermənistanı” haqqında və xaricdə təbliğat aparmaq, xalqı silahlandırmaq, Avropa dövlətlərinin Türkiyəyə “Qordi düyü”nü olan “erməni məsələsi”ni həll etmək üçün təzyiq göstərməsinə məcbur edən fəal açıq çıxışlar təşkil etmək. Məqalədə 30 ildə bu fəaliyyətin nəticəsi aşağıdakı kimi verilirdi: Birinci dövrdə, Həmid (Sultan Əbdülhəmid nəzərdə tutulur- M.Q) 1877–1878-ci illər müharibəsindən sonra özünün xristian təbəələrinə münasibətdə siyasətini müəyyənləşdirdi, ermənilərin pərakəndə çıxışlarından öz məqsədlərini həyata keçirməkdə bəhanə kimi istifadə etdi. Ermənilərin ümid yeri olan həmin Avropa diplomatiyasına arxalanaraq İstanbuldan Kilikiyaya, Trapezunddan Vana qədər 300 min nəfər günahsız ermənini qırdı. Bir o qədər də erməni qorxusundan mühacirət etdi, müsəlmanlığı qəbul etdi, onların torpaqlarına kürd və müsəlman elementləri yerləşdirildi. İkinci dövrdə Daşnaksütyun türk hökumətinin tərəfdarı oldu. Türkiyə ermənilərinin siyasi və ictimai həyatınını idarəçiliyini öz üzərinə götürdü. O, Türkiyə ermənilərini mürtəce elementlərindən qorumaq məqsədi ilə hakim İttihad və Tərəqqi ilə ittifaq bağladı. Bunun faydası aşağıdakı oldu: Kilikiyada 30 min erməni əzişdirildikdən sonra ittihad-
çılar özlərinin şübhəli müttəfiqini tələyə saldılar, siyasi proqramlarında erməniləri rədd etdilər, məqsədlərinə sistematik olaraq yaxınlaşmağa başladılar, türk parlamentində daşnaklar üçün yer saxladılar. Türkiyə ermənilərinin iradəsinin ifadəçisi olan patriarx bərbad hala düşdü, həm türk hökuməti, həm də erməni xalqı arasında hər hansı əhəmiyyətini itirdi, Türkiyə erməniləri arasında özünümüdafiəni zəiflətdi, kürdləri silahlandırdı və bizimlə kürdlər arasında ziddiyyətləri kəskinləşdirdi. Üçüncü və ya ümumavropa müharibəsi dövrü hələ başa çatmayıb, lakin Daşnaksütyunun fəaliyyəti öldürücü nəticə verir. Rusiya ermənilərinin təşkil etdikləri azadlıq hərəkatının nəticələri bax, budur.
Erməni təşkilatları arasında ixtilafların dərinləşdiyini görən Poqos Nubar Paşa 1916-cı ilin fevralında Parisdən Tiflisdə yerləşən “Mşak” qəzetinin redaktoru A.Arakelyana məktub göndərərək Qafqazdakı erməni təşkilatları arasında ixtilaflara son qoymağa və “bütün erməniləri ümumi erməni işi və Ermənistanın xilası və gələcəyi naminə birləşməyə” çağırdı. Belə bir çağırışı katolikos da etdi. Onlar bütün erməniləri və siyasi partiyaları birləşməyə dəvət etdilər. Tiflisdə bunun üçün ilkin şərtlər də işlənib hazırlandı.
Partiyalar martın 14-də ilkin məsləhətləşmələr üçün toplaşdılar. Danışıqlar başlansa da, bir nəticə əldə edilmədi, siyasi partiyalar birləşə bilmədilər. Bununla bağlı olaraq “Mşak” qəzeti yazırdı:
“Harada iki nəfər erməni varsa, orada üç fikir vardır”.
Daşnaklar Rusiyanın ermənilər üçün geniş islahatlar aparacağına inansalar da muxtariyyəti heç gözləmirdilər. Onlar bu istəklərinə İngiltərə və Fransanın Osmanlıya təzyiqlər edərək nail olacaqlarına inanırdılar.
Rusiya imperatorluğu ermənilərə muxtariyyət vermir: Səbəb nədir?
Rusiya ordusu tərəfindən işğal edilən ərazilərə, xüsusən Ərzuruma yerləşmələrinə icazə verilməməsi erməniləri hiddətləndirdi. Hökumət ermənilərə inanmır, onların separatçılığı gücləndirəcəyindən narahat idi. Bütün bunlara görə, ermənilərin rus ordusunun işğal etdiyi ərazilərdə muxtariyyət almağa olan ümidləri zəiflədi. Sonralar, 1916-cı il aprelin 2-də polkovnik (sənəddə adı yazılmamışdır - M.Q.) Qafqazın İran və Türkiyə ilə yaxın hissələrində ermənilərin torpaq alması məsələsinə dair yazdığı məxfi arayışda qeyd edirdi ki, erməni hərəkatı ilə tanış olan çoxlu şəxslərin fikrincə, Türkiyə və İranda qədim erməni abidələrinin arxeoloji baxımdan öyrənilməsinə və tədqiqinə marağın artması diyarın təbii zərvətlərini tutmaq üçün öyrənmək məqsədi daşıyır. Bu fikirlərin nə qədər doğru olduğunu zaman göstərəcəkdir, ancaq bu, şübhə yaratmır. 1914-cü ilin ikinci yarısından erməni hərəkatının daha çox artdığı bir dövrdə ermənilər Trapezunddan Kilikiyaya və Ankaradan Urmiyəyə qədər olan ərazilərə iddialarını gizlətmirdilər. Bunu mitinqlərdə və mətbuatda müzakirə edirdilər. İndi onlar sözdən işə keçiblər. İnsanları hiddətləndirməmək üçün erməni mətbuatının və nitqlərinin tonu xeyli dəyişib. Lakin ermənilərin hərəkətləri göstərir ki, onlar müəyyənləşdirilmiş, tamamilə konkret məqsədə doğru durmadan gedirlər. Polkovnik yazırdı ki, Türkiyədən olan qaçqın ermənilərin İrəvan və Yelizavetpol quberniyalarındakı dövlət torpaqlarına “müvəqqəti” yerləşdirmək barədə vəsatət qaldırmaları, Ələşkirt vadisində torpaqların yarısının əkib-becərilmək üçün verilməsi layihəsi və b. onların bütün torpaqları sistematik olaraq tutmaq və bu rayonda müəssisələri inhisara almağa dair həmin planlı fəaliyyətlərinin təzahürüdür. Qeyd edirdi ki, Azərbaycan, Xəzər dənizinin əvvəllər bizə məxsus olan cənub sahilləri və ordularımız tərəfindən tutulan türk torpaqları cənuba doğru tarixi hərəkət yolumuzun üstündə yerləşir. Yaxın zamanlarda hadisələrin necə olacağından asılı olmayaraq həmin torpaqlar Rusiya imperiyasının tərkibinə daxil edilməlidir. Bu, son iki əsrdə baş verən hadisələrin qaçılmaz məntiqi nəticəsidir və ondan imtina etmək tarixdən imtina etməyə bərabərdir. Müasir hadisələr heç bir zaman olmadığı kimi göstərir ki, “rus” vilayətləri bu sözün geniş mənasında rus elementi olan və üstünlük təşkil edən və ya öz maraqlarını qorumağa imkan verən şərtləri qoyan ərazilərdir. Boş ərazilərin ruslardan başqa hər hansı xalq tərəfindən tutulması bu vəzifəni çətinləşdirəcəkdir. Müharibə başa çatana və Türkiyənin vilayətlərinin ələ keçirdiyimiz torpaqları üzərində hüquqlarımız aydınlaşana qədər onların tutulması qadağan edilməlidir və ya hətta dövlət mülkiyyəti elan edilməlidir.
1916-cı ilin yazında Rusiya, İngiltərə və Fransa Türkiyənin Asiya hissəsinin bölüşdürülməsi və Ərəbistanda müstəqil ərəb dövlətinin qurulması barədə saziş imzaladılar. Sənədə görə, Rusiya Ərzurumu, Trapezundu, Van və Bitlis vilayətlərini, Muş, Siirt, Yon Ömər, Amadz, Fars sərhədi xəttinə qədər ərazini tutmalı idi. Rusiyanın Qara dənizdə sərhədi Trapezunddan qərbə doğru müəyyənləşdirilirdi. Fransa Suriyanı, Adana vilayətini, gələcək rus sərhədinə qədərki ərazini, İngiltərə Mesopotomiyanın cənub hissəsini Bağdad ilə birlikdə və s. əraziləri tutmalı, ingilis və fransız ərazilərinin arasındakı yerlərdə isə ərəb dövlətləri konfederasiyası qurulmalı idi. Strateji cəhətdən əhəmiyyətli olan bu ərazilər neft yataqları ilə zəngin idi. Sazişə görə, İtaliyaya da ərazilərin verilməsi nəzərdə tutulurdu.
İngilis və fransız hökumətləri 1916-cı ilin iyun ayında “erməni məsələsi” ilə əlaqədar olaraq rus hökumətinə müraciət etdilər. Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı olaraq Qafqaz hakimiyyətinin fikrini soruşdu. Məsələni müzakirə etmək üçün Tiflisdə müşavirə çağırıldı. Müşavirədə general N. Yanuşkeviç, general N. Yudeniç, general-leytenant Volski və digərləri iştirak edirdilər. Geniş və dərin bir müzakirə nəticəsində müşavirədə yekdil bir fikir ifadə edildi: ermənilər müttəfiqlər naminə çoxlu itkilər vermələrinə baxmayaraq, onlar muxtariyyət hüququ almağa layiq deyillər, çünki onların inqilabi komitələrdən başqa bir təşkilatı yoxdur, onlar da erməni xalqının iradəsini və rolunu ifadə edirlər, bu təşkilatlar Rusiyaya düşmən münasibətdədirlər, onların əlində muxtariyyət olarsa, Rusiyaya düşmən münasibət bəsləyərlər. Müşavirədə qəbul edilən qərar Petroqrada göndərildi.
Rus hökuməti bu qərarı redaktə edərək İngiltərə və Fransa hökumətlərinə çatdırdı. Cavabı aldıqdan sonra Fransanın baş nazri Aristid Brian Poqos Nubar Paşanı yanına çağıraraq dedi ki, təəssüf edir, ermənilərin yalnız inqilabi komitələri vardır, məsələn, Daşnaksütyunun üzvləri xaricdə erməni xalqının xeyrinə təbliğat aparırlar. Poqos Nubar Paşa Aristid Brianın ermənilər haqqında fikrini dəyişməyə cəhd edərək digər təşkilatların olduğunu desə də, o, fikrindən dönmədi.
Parisdə ingilis ictimai xadimi Ceyms Brays ilə 1916-cı ilin yayında görüşən Poqos Nubar Paşa “erməni məsələsi”nin ingilis diplomatik dairələrində vəziyyətini müzakirə etdi. Ceyms Brays bildirdi ki, Ermənistana muxtariyyət verilməsini anlayışla qarşılayır, lakin onun həyata keçirilməsinə Rusiya mane olur, Fransanın isə mövqeyi hələ aydın deyildir.
Ermənilərə muxtariyyət verilməsi məsələsində Rusiyanın da iştirakçısı olduğu Antanta ölkələri arasında ziddiyyətlər hökm sürürdü. Rusiya imperiyasının ermənilərə muxtariyyət vermək istəməməsinin dərin səbəbləri var idi. Əgər onlara Türkiyənin Şərq vilayətlərində muxtariyyət yaradılardısa onda Qafqazın yerli əhalisi olan, o zaman deyildiyi kimi, müsəlmanlar (azərbaycanlılar) və gürcülər də muxtariyyət tələb edə bilərdilər. Digər tərəfdən, Türkiyə ərazisində qurulan muxtariyyət Qafqaz ermənilərini özünə çəkə bilərdi. Rusiya hakimiyyəti müharibədə müttəfiqi olduğu digər Antanta dövlətlərinin himayəsi altında Türkiyənin Şərq vilayətlərində ermənilər üçün muxtariyyətin qurulmasına yol vermək istəmirdi. Çünki bu zaman həmin ölkələr zəngin təbii sərvətləri olan Qafqaza yaxınlaşar və separatçılıq artardı. Antanta dövlətləri də Rusiyanın himayəsi altında Türkiyənin Şərq vilayətlərində ermənilərə muxtariyyətin qurulmasını istəmirdilər. Belə olduqda Rusiya uzun onilliklər boyu arzuladığı və cəhd etdiyi Qara dəniz boğazlarına və isti dənizlərə çıxmaq imkanı qazanardı.
Beləliklə, əsrlər boyu türk hakmiyyəti altında rahat yaşamış, lakin çətin vəziyyət yaranan kimi Türkiyəni arxadan vuran ermənilər ölkə ərazisini parçalamaq üçün fəaliyyətlərini genişləndirsələr də istəklərinə çata bilmədilər. Avantüra boşa çıxdı. Ermənilərdən istifadə edən böyük dövlətlər yaranmış şərait üçün məsuliyyəti onların təşkilatlarının üstünə yıxdılar, dağıdıcı, inqilabi olmayan təşkilatlar qurmağı və təbliğat işlərini genişləndirməyi təklif etdilər.
Erməni təşkilatlarının yeni hiyləsi
Ermənilərə muxtariyyət verilməyəcəyi aydın olduqdan sonra Poqos Nubar Paşa katolikos V Gevorqa və Ambarsum Arakelyana bir məktub göndərərək ermənilərin komitəçi-döyüşçülərdən fərqli olaraq inqilabi xarakter daşımayan təşkilatlarının qurulmasını xahiş etdi. Bu işlə yaxından məşğul olan A. Arakelyanın çağırdığı müşavirədə İvan Diaryan, Korqanov, İvan Ter-Qriqoryan, şair Aleksandr Şirvanzadə, Aşot Atanasyan, Ovanes və Stepan Malxasyan, heykəltəraş Mikaelyan, arximandrit Benin və digərləri iştirak edirdilər. Çoxluğun təşkil olunmasından ötrü zamanın gəlib çatdığını bildirən A.Arakelyanın fikrincə, yubanmaq erməniləri düşünülmüş şəkildə ölümə vermək demək idi.
Müşavirədə məqsədi ermənilərin milli inkişafına və rifah halının yaxşılaşmasına kömək etmək olan Erməni Milli Xalq Partiyası qurmaq barədə razılıq əldə edildi. Partiyanın komissiyaları yaradıldı.
Bu zaman Fransada olan doktor Y.Zavriyev fransız diplomatiyasını gələcək sülh konfransında “erməni məsələsi”ni həll etməyə meyilləndirməyə çalışırdı. Daşnaksütyun məsələnin əlverişli həlli üçün Avropa ölkələrində təbliğat aparmağı təşkil etmək barədə qərar qəbul etdi.
V.Vasakuni imzalı bir erməni müəllifi “Ardzaqank Parizi” (Parisin səsi) jurnalının 1916-cı il 25 oktyabr tarixli 14-cü sayında ermənilərin müharibədə özlərini aparmasını tənqid edərək yazırdı ki, biz özümüzü siyasətçi kimi göstərə, mövqeyimizi müəyyənləşdirə bilmədik, müharibəyə qatıldıq. Ancaq soruşmadıq ki, nə məqsədlər uğrunda? Biz müharibəyə qatılarkən tarixi, beynəlxalq sosial-iqtisadi münasibətləri və onların nəticələrini unutduq. Biz müharibəyə qatılarkən özümüz özümüzü aldatdıq. Bizim “könüllülərin” başçıları bizi inandırdılar ki, əgər rus ordusuna yardım etsələr, Qafqaz ali rəhbərliyi onlara muxtariyyət verəcəkdir. Eyni ağalar bizi inandırdılar ki, gənc Türkiyə də onalara muxtariyyət verəcəkdir. Lakin ermənilər ruslara inanaraq onların tərəfinə keçdilər. Bu, səhv idi. Rus hökuməti ermənilərə muxtariyyət vədi verməmişdi. Gənc türklər də ermənilərə muxtariyyət vədi verməmişdilər. “Könüllü” hərəkatın bir hissəsi ruslarla, digər bir hissəsi isə türklərlə danışıqlar aparırdı. Petroqradda ermənilərin qurultayında Q.Çalxuşyan bildirdi ki, rus hökumətinin ermənilərə muxtariyyət verməsi barədə şayiələr yepiskop Mesropun, Samson Arutunovun və Aleksandr Xatisovun uydurması olub.
Ermənilər ruh düşkünlüyünə düşdülər. Qafqaz canişinliyinin xüsusi şöbəsinin rəisi Qafqaz ordu qərargahının rəisinə, surətini isə Tiflis quberniya jandarma idarəsinin rəisinə göndərdiyi 1916-cı il 4 noyabr tarixli 6250 №li tamamilə məxfi məktubunda ermənilərin əhval-ruhiyyəsi haqqında yazırdı:
“Bir ilə yaxın Bitlis-Van rayonunda olarkən işimin xarakterinə uyğun olaraq əhalinin bütün sinifləri ilə həm erməni, həm də müsəlmanlarda daimi və geniş əlaqə saxlamalı oldum, onlardan mənə ermənilərlə digərləri arasında, onların fəaliyyətləri və nəzərdə tutduqları planları barədə çoxlu məlumatlar daxil olur. Ermənilərdən, əsasən kənd əhalisindən daha çox məlumatlar alıram. Onların çoxu erməni komitələrinin fəaliyyətinə rəğbət bəsləmirlər. Sonuncunu onda günahlandırırlar ki, məhz bu komitələr ermənilərə bütün bədbəxtlikləri gətirmişlər və erməni xalqını tamamilə məhv edəcəklər. Kənd əhalisi əksər hallarda komitələrin gizli fəaliyyətləri ilə əlaqəli deyillər və yalnız bir şeyi arzu edirlər ki, onları işləmək üçün sakit buraxsınlar. Lakin onlar səslərini qaldıra bilmirlər, çünki komitələr əhalini terror qorxusu altında saxlayırlar, tabe olmayanlarla qəddarcasına hərəkət edirlər. Ermənilər mənə dəfələrlə məlumat vermişlər ki, Daşnaksütyun diyarda gizli şəkildə enerjili fəaliyyət yürüdür, başlıca olaraq gəncləri komitə üzvlüyünə yazılmağa məcbur edirlər, onları “böyük işə” hazır olmağa səsləyirlər... Dəfələrlə mənə ermənilərin diqqəti cəlb etməmək üçün şəhərdən kənarda həftə sonu istirahət adı altında keçirilən müşavirələri barədə məlumat vermişlər.”
İstəklərinə çatmayan erməni təşkilatları xarici ölkələrdə şayiələr yaymağa başladılar. Onların təbliğatı Amerikada yaxşı gedirdi. İlk növbədə ona görə ki, burada 120 min erməni yaşayır, Erməni Milli Komitəsi fəaliyyət göstərirdi. Daşnakların və qnçakçıların komitələri hələ 1900-cü ildən burada fəal təbliğat aparırdılar. Onların təbliğatı sayəsində amerikan cəmiyyəti erməni həyatı ilə yaxından tanış olmuşdu. Bundan başqa, ABŞ-ın Türkiyə ərazilərində çalışan konsulları və missionerləri də erməni təbliğatında mühüm rol oynayırdılar. Belə missionerlərdən 1917-ci ildə İrəvanda çalışan Yaro və Raynolds xüsusilə fəal idilər. Komitələrin Amerikadakı fəaliyyətlərinin formalarından biri mühazirələr oxumaq idi. Bundan başqa, onların döyüş dəstələri də yaradılmışdı. Müxtəlif oyunlar təşkil etməklə amerikan cəmiyyətində ermənilərə maraq oyadırdılar.
Müharibə başlayarkən komitələrin könüllü ianələr toplamağa başlaması sadə amerikalıların diqqətindən kənarda qalmamış, onların ermənilərə rəğbəti artmağa başlamışdı. Hətta ABŞ prezidenti Teodor Ruzvelt və İstanbuldakı səfir Henri Morgentau ermənilərin türk zülmündən azad edilməsini təbliğ etməyə başlamışdılar. Nəticədə amerikan hökuməti gənc türklər hökumətinə “erməni qırğınları”nı dayandırmaq haqqında memorandum vermişdi. Lakin bu tələblər türk hökuməti tərəfindən saya salınmadıqda ABŞ hökuməti Mesopotomiyaya köçürülmüş ermənilərin qaytarılmasına yardım etmək vədini verdi. Həmin məqsədlə pul vəsaitləri toplandı. Bu pullar Yaro və Renolds vasitəsi ilə Qafqaza göndərildi. Pulun qalan hissəsini ABŞ ilə münasibətlərinin gərginliyi ucbatından Türkiyəyə göndərmək mümkün olmadı. Ona görə də ABŞ ermənilərə İsveçrə komitələrinin vasitəsi ilə yardımlar etməyə başladı. Erməni Milli Komitəsindən başqa ABŞ-da Ermənistan üçün Amerika Komitəsi də təşkil edildi. Onun sədri Klivlend konqresinin üzvü Dadc, üzvləri İstanbuldakı keçmiş səfir Marçento, professor Qart, Stiffon, Çayz idilər. Komitənin “Nyu Armenia” adlı mətbu orqanı var idi. Bu orqanın çağırışları hesabına 1916-cı ilin oktyabrında 10 milyon rubla yaxın pul toplandı.
(ardı var)