Rusiya–Ukrayna savaşının yeni qurbanları

post-img

Rusiya–Ukrayna savaşında eskalasiya anbaan güclənir. Ağ evin atəşkəsə nail olmaq cəhdləri hələlik real nəticə vermir. Tərəflər raket və dronlarla bir-birinə mümkün qədər çox zərbə vurmağa cəhd edirlər. Bu zaman hər iki tərəfdən itkilərin sayı artır. Təbii ki, dağıntılar da çoxdur.

Bu il aprelin 13-dən 14-nə keçən gecə Ukraynanın bir çox şəhərləri aviazərbələrə məruz qalıb. Rusiya ballistik raket və dronlarla Sumı şəhərinə havadan hücum edib. 2-si uşaq olmaqla 34 nəfər həlak olub, 119 nəfər yaralanııb. Şəhər sakinləri kədər və məyusluq içindədir. Qlobal media bu hücumu “Sumı faciəsi” adlandırıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov mətbuata bildirib ki, Sumıya “İskander-MKN-23” tipli iki ballistik raketlə zərbəni Rusiya ordusunun 112-ci və 448-ci briqadalarının heyətləri endiriblər.

Sumıda baş verənlər dünya ictimaiyyətini şok salıb. Prezident Donald Tramp Sumıdakı fəlakətlə bağlı jurnalistlərə deyibdir: “Mən düşünürəm ki, bu, dəhşətdir. Mənə dedilər ki, onlar (Rusiya nəzərdə tutulur-müəllif) səhvə yol veriblər”.

Ukraynanın dövlət başçısı Volodimir Zelenski isə amerikalı həmkarını hər hansı bir qərar qəbul etməzdən və Rusiya ilə danışıqlar aparmazdan əvvəl Ukraynaya səfər etməyə və hər şeyi öz gözləri ilə görməyə səsləyib. Moskva isə Sumıya raket hücumu ilə bağlı rəsmi açıqlama verməyib.

Bundan başqa, Rusiya hərbçiləri dünən Odessa vilayətinin yaşayış məntəqlərini də dron atəşinə tutublar. Orada 7 nəfərin həlak olduğu bildirilir. Odessada bir tibb müəssisəsinin dron zərbəsindən zədələndiyi barədə də xəbər verilir.

Dünən Ukrayna aviasiyası Rusiyanın bir neçə qonşu vilayətlərinin şəhər və kəndlərinə dron zərbələri endirib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu ölkənin hərbi müdafiə sistemləri Ukraynanın 52 PUA-sını zərərsizləşdirib. Ən çox (33) dron isə Bryansk səmasında məhv edilib.

Yeri gəlmişkən, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz yerli mediaya açıqlamasında bildirib ki, Ukraynanın hava hücumuna baxmayaraq, vilayətin ərazisində ciddi dağıntılar qeydə alınmayıb. Onun sözlərinə görə, mülki əhali arasında da zərərçəkənlər yoxdur.

Bir çox hərbi ekspertlər xatırladırlar ki, son günlər Rusiyanın hərbi və mülki obyektləri əvvəlki həftələr və aylar ilə müqayisədə daha tez-tez hava zərbələrinə məruz qalır. Bu, ilk növbədə onunla izah olunur ki, Ukrayna artıq öz ərazisində dron istehsal edən bir çox hərbi müəssisələr yaradıb.

Lakin Ukraynanın daxili silah istehsalı kifayət etmir. Qarşısında Rusiya kimi nəhəng hərbi maşına malik dövlət dayanır. Rusiyanın əsgəri resursları da Ukraynadan qat-qat çoxdur. Bununla yanaşı, döyüşən tərəflərin heç biri güzəştə getmək niyyətində deyil. Deməli, üfüqdə sülhün işartıları yoxdur.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “CBS News” telekanalına müsahibəsində bildirib ki, hazırda onun ölkəsinə bəzi şəhərləri müdafiə etmək üçün, ən azı, 10 “Patriot” sistemi lazımdır. Onların birgə qiyməti 15 milyard dollardır. Kiyev həmin vəsaiti ödəməyə hazırdır.

Ukrayna dövlət başçısının sözlərinə görə, hələlik Pentaqon həmin qurğuları Kiyevə satmaqdan imtina edir. Ümid digər Qərb dövlətlərinə qalır. V.Zelenski vurğulayıb ki, avropalı tərəfdaşları Ukraynaya müasir silahlar almaqda hər cür dəstək verməyə hazırdırlar.

Ukraynaya hərtərəfli yardım göstərmək fikrində olan dövlətlərdən biri də Almaniyadır. Bu ölkənin gələn aydan kansler kimi ali vəzifəsinin icrasına başlayacaq Fridrix Merts dünən mediaya açıqlamasında Rusiyanın Sumiyə ağır zərbə endirməsini pisləyib. Siyasətçi bunu ciddi müharibə cinayəti adlandırıb. O, rəsmi Kiyevin döyüş meydanında irəliləmək üçün köməyə ehtiyacı olduğunu bildirib.

Ukrayna uzun müddətdir ki, Almaniyadan “Taurus” raketlərini istəyir. Lakin Berlin həmişə belə bir mühüm silahın ukraynalılara təhvil verilməsindən imtina edib. Göründüyü kimi, Merts bunu etməyə hazır olduğunu aşkar şəkildə bəyan edir. Bununla belə, siyasətçi məlum məsələlərdə avropalı müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəklərini də gizlətməyib.

Görünən budur ki, Ukrayna böhranı ilə əlaqədar ABŞ–Rusiya danışıqları dalana dirənib. Trampın danışıqlar üzrə təmsilçisi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya lideri V.Putinlə artıq 3-cü dəfə görüşdən sonra dünən Vaşinqtona qayıdıb. Moskva öz əvvəlki tələblərindən geri çəkilmir və bu, danışıqlar prosesinə mənfi təsir göstərir.

Prezident Tramp vəziyyətdən hələlik çıxış yolu tapılmadığı üçün sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketini daha bir il müddətinə uzatmaq haqqında fərman imzalayıb. Məlumatı ABŞ Federal Reyestri yayıb. Bildirilib ki, Ağ evin hazırkı rəhbəri 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş fərmanın müddətini uzadıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələni şərh edərkən deyib ki, Moskva bu ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaları qanunsuz hesab edir və onların ləğv edilməsini gözləyir.

Bu arada məlum olub ki, ABŞ-ın demokrat-senatoru Tim Keyn Kiyevə gəlib. Onun səfər proqramı haqqında məlumat verilməyib. Qeyd edək ki, T.Keyn 2013-cü ildən Virciniya ştatının senatorudur. O, ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvüdür.

Beləliklə, Avropanın şərqində iki qonşu slavyan xalqının bir-birinə qarşı amansız savaşı davam edir. Hər iki tərəfdən günahsız insanlar həyatlarını itirirlər. Dünya birliyi və ictimaiyyəti ümidsiz vəziyyətdədir. Yeganə ümid bunadır ki, bütün müharibələr sülhlə bitir və haçansa bu mənasız savaşa da son qoyulacaq.

Məsaim ABDULLAYEV
XQ



Siyasət