Son günlərdə Bakıda baş verənlər təkcə regionun yox, bütün Avrasiyanın enerji mənzərəsini formalaşdırır. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının son toplantısı bir daha göstərdi ki, Azərbaycan qlobal enerji gündəminin mərkəzində dayanan, təşəbbüs irəli sürən və tərəfdaşlıqlar yaradan əsas “oyunçu”lardan biridir. Nazirlərin iclasında 24 ölkə, 52 beynəlxalq təşkilat və şirkətin iştirakı Bakının artıq simvolik bir enerji platformasına çevrildiyini təsdiqləyir. Bu platformada təkcə təbii qazdan yox, həm də “yaşıl enerji”dən danışılır. Təchizatın etibarlılığı qədər, enerjinin gələcəyi də bu müzakirələrin əsas mövzusudur.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə enerji təhlükəsizliyi anlayışı artıq yalnız iqtisadi və texniki məsələ kimi deyil, milli təhlükəsizlik konsepsiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Bu yanaşma xüsusilə qlobal enerji bazarlarında qeyri-sabitlik, təchizat zəncirlərindəki fasilələr və geosiyasi risklərin artdığı bir dövrdə daha da aktuallaşmışdır.
Bu çərçivədə enerji diplomatiyası da sürətlə transformasiya olunur. Əgər əvvəlki dövrlərdə enerji siyasəti daha çox “sərt güc” – yəni enerji resurslarından təsir və təzyiq vasitəsi kimi dəyərləndirilirdisə, bu gün Azərbaycan bu siyasəti “yumşaq güc” elementləri ilə birləşdirərək hibrid diplomatik model qurmağa nail olmuşdur. Bu model enerji resurslarının yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də beynəlxalq əməkdaşlıq, texnologiya mübadiləsi, birgə investisiyalar və dayanıqlı inkişaf sahəsində tərəfdaşlıqlar qurmaq üçün alətə çevrilməsi ilə səciyyələnir. Bakı şəhəri bu proseslərin mərkəzində duraraq regional enerji diplomatiyasının koordinasiya mərkəzinə çevrilmişdir. Burada keçirilən beynəlxalq toplantılar, nazirlər səviyyəsində dialoqlar və çoxtərəfli forumlar vasitəsilə Azərbaycan tərəfdaş ölkələri bir masa arxasına toplayan və qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradan lider dövlətə çevrilir.
Bir vaxtlar yalnız konseptual bir ideya olan Cənub Qaz Dəhlizi bu gün real nəticələr doğuran, Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji bir layihəyə çevrilib. 25 milyard kubmetrdən çox ixrac olunan təbii qazın 13 milyard kubmetri Avropa İttifaqına üzv ölkələrə yönəldilib. Azərbaycanın bu istiqamətdəki fəallığı onun Pan-Avropa qaz təchizatçısı statusunu təsdiqləyir. Amma, bu, sadəcə olaraq, ixracın həcmi ilə ölçülmür – həm də etimadın, qarşılıqlı maraqların və dayanıqlı əməkdaşlığın göstəricisidir.
Bununla yanaşı, müzakirələr yalnız təbii qazla da bitmir. Eyni tribunalarda bərpa olunan enerji, enerji saxlanması və hidrogen texnologiyaları kimi mövzular da geniş şəkildə müzakirə edilir. Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri də Azərbaycanı bu sahədə etibarlı və uzunmüddətli tərəfdaş kimi qiymətləndirərək, ölkənin enerji diplomatiyasının beynəlxalq əlaqələrdəki vacib rolunu təsdiqləyirlər.
Dünyanın ənənəvi enerji mənbələrindən tədricən uzaqlaşdığı bir dövrdə Azərbaycan təbii qazla sabitlik təklifini verməklə yanaşı, həm də “yaşıl enerji” ilə gələcək perspektivlər vəd edir və enerji diplomatiyasının yeni bir modelinin yaradılmasına şərait yaradır. Bu modelin əsasında isə liderlik, siyasi iradə və uzunmüddətli baxış amilləri dayanır. Cənub Qaz Dəhlizi ideyasının ilk dəfə irəli sürüləndə qarşılaşdığı texniki və siyasi baryerləri xatırlasaq onda bir daha aydın olur ki, bu gün onun uğurlu fəaliyyəti sadəcə, mühəndislik nailiyyəti deyil, həm də ən böyük diplomatik qələbədir.
Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru