Avropa qoşunları Ukraynaya gedəcəkmi?

post-img

ABŞ “hə”, Rusiya “yox” deyir

Avropa qoşunlarının Ukraynaya göndərilməsi Avropa İttifaqı (Aİ) və NATO-nun müdafiəsini zəiflədəcək. Bu iddia ilə Qərb mediası çıxış edir.

Fransa iqtisadiyyat və maliyyə naziri Erik Lombard bildirir ki, Paris Birləşmiş Ştatların Avropa qoşunlarının Ukraynada müvəqqəti yerləşdirilməsinə dəstək verməsini gözləyir. “Bloomberg” daha əvvəl Paris və Londondan iri şəhərlərdə, limanlarda və mühüm infrastruktur obyektlərində 30 minə qədər əsgərin yerləşdirilməsini tələb edən plan haqqında məlumat vermişdi. Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra Tramp bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhməramlıların yerləşdirilməsinə qarşı deyil. Lakin fevralın 25-də Kreml bu məlumatı təkzib etdi.

Britaniyanın “The Guardian” qəzeti xatırladır ki, Ər-Riyadda ABŞ-la danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada avropalı sülh-

məramlıların olmasının qəbuledilməz olacağını bildirdi. Kremlin bu məsələdə mövqeyi Trampın komandası üçün ciddi sınaq ola bilər. Belə görünür ki, hələlik Vaşinqton Putinin güzəştə getmək istəyinə yalnız məhdud təsir göstərə bilər. Qəzetin yazdığına görə, bu cür fikir ayrılıqları Trampın sülhü tez bir zamanda bağlamaq istəyini zəiflədə bilər. Ukrayna Prezidenti Vladimir Zelenski isə Qərbin ciddi təhlükəsizlik zəmanəti olmadan, ilk növbədə Avropa qoşunlarının iştirakı olmadan saziş imzalayacaq.

“The Economist” jurnalı isə yazır ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Aİ və NATO-nun müdafiə qabiliyyətini zəiflədəcək. Məsələn, Britaniya qoşunlarının yerləşdirilməsi Şimali Atlantika Alyansı üçün nəzərdə tutulan ehtiyatlar tələb edir və onun hərbi planlarında boşluqlar yaradır. Nəşrin mənbələri hesab edirlər ki, Avropa ölkələrinə özlərini müstəqil şəkildə müdafiə etmək üçün ən azı 10 il lazımdır. Onların fikrincə, ABŞ Aİ-ni kəşfiyyat, hədəfin tanınması və havada elektron müharibə üçün silahlarla demək olar ki, tamamilə təmin edir.

“Bloomberg” agentliyi xəbər verir ki, bu fonda Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə, növbəti 10 ildə isə 3 faizə qədər artacağını bildirir. Agentlik hesab edir ki, bu qərara Trampın Avropanın təhlükəsizliyinə zəmanət verməkdən imtina etməsi səbəb oldu. Bütün bunlar fevralın 27-də Ağ evdə Trampla danışıqlar aparmalı olan Starmer üçün kritik məqama təsadüf edir. Britaniya lideri bundan əvvəl Ukraynaya sülhməramlı qoşunlar göndərməyə hazır olduğunu bildirsə də, ABŞ-ın zəmanətində də israr edir. Zəmanət, Starmerin fikrincə, sabit sülh üçün vacibdir.

Bununla belə, “The New York Times” yazır ki, avropalı məmurların uğura ümidləri azdır. Polşa, Fransa və Böyük Britaniya liderləri Trampı öz sıralarına qaytarmağa çalışırlar, lakin “qoca qitə” ölkələri ABŞ prezidentinin onların dəyərlərini bölüşməməsi və Aİ-nin prioritetlərini Amerikanın maraqlarına uyğun görməməsi reallığı ilə üzləşirlər. Ağ evin mətbuat katibi Kerolayn Levitt deyir ki, Ukraynadakı münaqişənin həlli Moskva və Kiyevi “bir az bədbəxt edəcək” və bu, “yaxşı sövdələşmə üçün xarakterikdir”. Onun sözlərinə görə, Tramp belə bir razılaşmanın necə bağlanacağını hamıdan yaxşı bilir.

Amma Rusiya Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi ideyasına yaxşı baxmır. Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, istənilən halda Avropa qoşunlarının Ukrayna ərazisində olması “eskalasiyaya deyil, eskalasiyaya doğru addımdır”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov atəşkəsə nəzarət etmək üçün Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələrin Kremlin narahatlığına səbəb olduğunu bildirir: “Əlbəttə, biz bütün bu hesabatları diqqətlə izləyirik, avropalıların bu məsələ ilə bağlı bəzən ziddiyyətli rəsmi açıqlamalarını izləyirik. Bu, bizi narahat edir, çünki söhbət hərbi kontingentlərin göndərilməsindən, NATO ölkələrinin hərbi kontingentlərinin Ukraynaya mümkün, nəticə etibarilə göndərilməsindən gedir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da xəbərdarlıq edir ki, NATO-nun üzvü olan ölkələrin hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi Moskva üçün məqbul sayıla bilməz”. Bundan başqa, xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Avropa Kiyevi hərbi əməliyyatları davam etdirməyə “təhrik edir”.

Bəs Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi nə dərəcədə realdır və hansı ölkələr onları göndərə bilər? NATO-da yüksək vəzifələrdə çalışmış Ceymi Şi bunun Avropa ölkələri üçün çətin bir iş olduğunu iddia edir. Onun hesablamalarına görə, Ukraynada Avropa sülhməramlı missiyasını yerləşdirmək üçün təxminən 50 min əsgər lazım ola bilər və ümumilikdə bu, “çevik rotasiya” nəzərə alınmaqla təxminən 150 min nəfər deməkdir. Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Riçard Dannatt hesab edir ki, Britaniya ordusu “o qədər köhnədir” ki, Ukraynada sülhməramlı kontingentə rəhbərlik edə bilməz.

Fransanın ordusu Britaniyadan daha böyükdür, lakin fransız bölmələri hələ də Afrika qitəsində – daxili münaqişələrin davam etdiyi bəzi keçmiş müstəmləkələrdə təhlükəsizliyin təmin edilməsində iştirak edir. Fransalı ekspertlər ölkə ordusunun daha yüksək intensivlikli münaqişələrdə, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edə biləcəyinə şübhə ilə yanaşırlar.

İsveç və Hollandiya da müəyyən şərtlər daxilində qoşun göndərməyə hazır olduqlarını bəyan etdilər, lakin daha böyük orduya malik Polşa bundan imtina edir. Ümumiyyətlə, Qərbi Avropada keçirilən rəy sorğuları Ukraynaya qoşun göndərilməsinə dəstəyin aşağı səviyyədə olduğunu göstərir. Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı risklər, hətta hərbi əməliyyatlarda iştirak etməsələr də, yüksək qiymətləndirilir. Qoşunlar göndərilərsə, məsələn, Rusiya qüvvələri tərəfindən atəşə tutulması halında döyüş qaydaları müəyyən edilməlidir və itkilərin siyasi nəticələri çox böyük ola bilər.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron tərəfindən çağırılan iki sammitdə hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi müzakirə olunur. Ancaq iştirakçılar arasında məsələ ilə bağlı ümumi razılıq hələlik yoxdur.

S.ELAY
XQ

Dünya