Nəsimi Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Toplantını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov bildirib ki, ümummilli lideri Heydər Əliyevin yaratdığı tarixi əsaslar üzərində Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı tərəqqi və hərtərəfli yeniləşmə siyasəti 2025-ci ildə də ölkəmizə və rayona yeni uğurlar qazandırıb.
Sonra 2025-ci ildə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafında əldə edilmiş önəmli nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Ümumrayon toplantısında Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və rəşadətli ordumuz 5 il əvvəl Qarabağda tarixi Zəfər zirvəsini fəth edərək onilliklər boyu ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə son qoydu, birlik, qəhrəmanlıq və sarsılmaz dövlət iradəsinin nümunəsini dünyaya nümayiş etdirdi. Keçən il xalqımız bu zəfərin qürur və təntənəsinin əlamətdarlığı ilə daha əzmlə çalışdı, ölkəmizin iqtisadi qüdrətinə və sosial imkanlarına yeni potensial əlavə edildi.
Bu gün Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən dövlətə çevrilib. Məhz bu möhkəm təməl üzərində qurulan müasir Azərbaycan gələcək nəsillər üçün güclü, müstəqil, sabit və ədalətli dövlət mirası formalaşdırır və bu yol ölkə başçısının qətiyyətli liderliyi ilə inamla davam etdirilir.
Yığıncaqda qeyd olundu ki, ölkəmizin tarixinə “Konstitusiya və Suverenlik İli” kimi yazılan 2025-ci ildə respublikamızda olduğu kimi, paytaxtımızın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da mühüm nailiyyətlər, sosial-iqtisadi inkişaf sahəsində irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Ayrı-ayrı sahələrdə quruculuq işləri davam etdirilmiş, yeni yaşayış binaları, sosial-mədəni obyektlər inşa edilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra məhəllələr əsaslı təmir edilərək istifadəyə verilmiş, əlavə yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunması istiqamətində müvafiq addımlar atılmışdır.
Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, əvvəlki illə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlər 2,3 faiz, ödənişli xidmətlər 4,7 faiz, pərakəndə ticarət şəbəkəsindən satış 7,1 faiz artmışdır.
Hesabat məruzəsində həlli vacib problemlər, cari il üçün qarşıda duran vəzifələr iştirakçıların diqqətinə çatdırılmışdır.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digər çıxış edənlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın qlobal miqyasda söz sahibi olmasını xüsusi qeyd ediblər. Natiqlər Nəsimi rayonunda görülmüş işləri yüksək qiymətləndirərək həlli vacib məsələləri də nəzərə çatdırıblar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb. O, qarşıda duran vəzifələri də diqqətə çatdırıb və 2026-cı ildə Nəsimi rayon ictimaiyyətinə uğurlar arzulayıb.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstədiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimi rayon ictimaiyyətinin quruculuq əzmi ifadə edilib.
T.RÜSTƏMLİ
XQ


