“Plastik epidemiya”nın sonu çatacaqmı?

post-img

Kimyəvi tərkibli süni qablar ekoloji çirklənmə mənbəyidir

Müasir dövrdə vətəndaşın sağlamlığına və rifahına yönələn dövlət siyasəti səhiyyə sisteminin gücləndirilməsi ilə bərabər, həm də ətraf mühitin vəziyyəti, istehlak mədəniyyəti və ekoloji təhlükəsizlik kimi məsələləri diqqətdə saxlayır. Bu baxımdan plastik məhsulların, xüsusilə qida və içkilərlə təmasda olan plastik qab və butulkaların geniş istifadəsi artıq bir çox ölkələrdə ciddi narahatlıq doğurur.

Elmi araşdırmalar sübut edir ki, plastik məmulatların tərkibindəki bir sıra toksiki kimyəvi maddələr zaman keçdikcə qida və mayelərə hoparaq endokrin sistemin pozulmasına, onkoloji xəstəliklərə tutulma ehtimalının artmasına, reproduktiv sağlamlığın zəifləməsinə səbəb olur. Digər tərəfdən, plastik tullantılar torpağın, su hövzələrinin və ümumilikdə ekosistemin uzunmüddətli çirklənməsinə gətirib çıxarır. Bir plastik butulkanın təbiətdə parçalanma müddətinin yüz illərlə ölçülməsi isə bu təhlükənin miqyasını qabarıq şəkildə nümayiş etdirir.

Xəbərdarlıq və qadağalar

Son illər dünyanın bir sıra ölkələrində plastik istehlakının azaldılması istiqamətində prinsipial addımlar atılmağa başlanıb. Avropa İttifaqında (Aİ) birdəfəlik plastik məmulatlara dair məcburi göstəriş çərçivəsində plastik stəkanların, çəngəl-bıçaqların və nazik plastik paketlərin istifadəsi mərhələli şəkildə qadağan edilib. Almaniya, Fransa, İtaliya kimi ölkələrdə depozit-refund (qaytarma zəmanətli) sistemləri tətbiq olunaraq plastik butulkaların təkrar dövriyyəyə qaytarılması stimullaşdırılıb.

Skandinaviya ölkələrində dövlət satınalmalarında plastik məhsulların istifadəsi minimuma endirilib, alternativ olaraq şüşə, metal və bioparçalanan materiallardan istifadənin təşviqi diqqətdə saxlanılıb. Yaponiya və Cənubi Koreyada plastik tullantıların çeşidlənməsi və emalı üzrə yüksək texnoloji modellərin tətbiqi ilə həm ətraf mühitin qorunmasına, həm də “yaşıl” iqtisadiyyat sahəsində yeni iş yerləri yaradılmasına xüsusi önəm verilib.

Gürcüstan hökumətinin dövlət satınalmalarında plastik su butulkaları və stəkanların qadağan edilməsi ilə bağlı qərarı da region üçün diqqət çəkir. Bu ölkədə xüsusilə qida ilə təmasda olan plastik məmulatların dövriyyədən çıxarılması həm ictimai sağlamlıq, həm də ekoloji məsuliyyət baxımından strateji əhəmiyyət daşıyır. Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləməni reallaşdıracağı da bunun bariz ifadəsidir. Belə ki, həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınmasının qadağan ediləcəyi bildirilir.

Yeri gəlmişkən, bu çərçivədə adıçəkilən nazirliyin təşəbbüsü ilə Gürcüstan hökumətinin müvafiq sərəncam layihəsi hazırlanıb. Eyni zamanda, yanvarın 1-dən etibarən qida ilə təmas üçün nəzərdə tutulan bəzi plastik məmulatların satışına da artıq qadağa qoyulub.

“Qırmızı işıq” hara yönəldir?

Gürcüstandan fərqli olaraq, Azərbaycanda plastik məhsulların, xüsusilə plastik su butulkalarının istehlakının məhdudlaşdırılması ilə bağlı elə bir ciddi layihənin icrası nəzərə çarpmır. Respublikanın dövlət qurumlarında, təhsil və səhiyyə müəssisələrində, ictimai tədbirlərdə plastik stəkan və butulkalardan geniş istifadə olunur. Bu isə bir tərəfdən əhalinin sağlamlığı üçün potensial risklər yaradır, digər tərəfdən isə tullantıların idarə olunması sahəsində əlavə yük formalaşdırır.

Hazırda ölkədə plastik tullantıların əsas hissəsi ya poliqonlara daşınır, ya da qeyri-rəsmi şəkildə ətraf mühitə atılır. Təkrar emal infrastrukturu məhdud olduğundan plastikdən iqtisadi resurs kimi istifadə imkanları da yetərincə reallaşdırılmır. Nəticədə, həm ekoloji ziyan dərinləşir, həm də “yaşıl” iqtisadiyyat potensialı tam şəkildə səfərbər edilmir.

Mütəxəssislərin fikrincə, mövcud çağırışlar fonunda ölkədə plastik istehlakının azaldılması məqsədilə, ilk növbədə, dövlət satınalmalarında məhdudiyyətlər qoyulmalıdır. Gürcüstan nümunəsində olduğu kimi, dövlət orqanlarının, büdcə təşkilatlarının və dövlət şirkətlərinin satınalmalarında plastik stəkan, birdəfəlik qab və plastik su butulkalarının istifadəsi mərhələli şəkildə qadağan edilməlidir. Onların əvəzinə şüşə, metal və ya ekoloji cəhətdən təhlükəsiz alternativlər tətbiq olunmalıdır. Eyni zamanda, qida ilə təmasda olan plastik məhsullara dair normativlər sərtləşdirilməlidir. Bu məqsədlə mövcud texniki reqlamentlər yenidən nəzərdən keçirilməli, toksiki maddələr ehtiva edən plastiklərin idxalı və satışı məhdudlaşdırılmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə nəzarət mexanizmləri isə gücləndirilməlidir.

“Yaşıl” gələcəyə aparan yol

Ekspertlər bildirirlər ki, respublikada plastik məhsulların, xüsusilə plastik su butulkaları istehlakının məhdudlaşdırılması üçün, ilk növbədə, plastik butulkaların geri qaytarılmasını təşviq edən depozit sistemi tətbiq olunmalıdır. Bununla da həm ətraf mühitin qorunması, həm də tullantıların təkrar emalına əhalinin fəal cəlb olunması istiqamətində müsbət nəticə əldə edilə bilər. Belə bir məsələdə alternativ sənayenin inkişafına xüsusi diqqət yetirilməlidir. Bioparçalanan qablaşdırma materiallarının istehsalı üçün yerli sahibkarlara vergi güzəştləri, subsidiyalar və investisiya təşviqləri verilməlidir. Bu, eyni zamanda, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına təkan verər.

Ölkədə plastik məhsulların istehlakının məhdudlaşdırılması məqsədilə maarifləndirmə və davranış dəyişiklikləri də diqqətdə saxlanılmalıdır. Plastikdən imtinanın inzibati qadağalarla yanaşı, həm də ictimai şüurun formalaşdırılması ilə mümkün olduğu nəzərə alınmalıdır. Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, mediada ekoloji maarifləndirmə proqramları genişləndirilməlidir.

Bütün qeyd edilənlərin həyata keçirilməsi nəticəsində isə “sağlam cəmiyyət üçün sağlam mühit” prinsipi öz həllini tapır. Bu gün dünyada müşahidə edilən tendensiyalar da plastik istehlakının azaldılmasının ekoloji məsələ olması ilə bərabər, həm də milli təhlükəsizlik, ictimai sağlamlıq və davamlı inkişaf strategiyalarının ayrılmaz tərkib hissəsi kimi diqqət çəkdiyini göstərir. Gürcüstan hökumətinin atdığı addımlar isə region ölkələri, o cümlədən Azərbaycan üçün ciddi siqnal və nümunə xarakteri daşıyır.

Azərbaycanda bu istiqamətdə ardıcıl, hüquqi və institusional əsaslara söykənən siyasətin formalaşdırılması isə həm vətəndaşların sağlamlığının qorunmasına, ətraf mühitin mühafizəsinə, həm də ölkənin “yaşıl” inkişaf hədəflərinə mühüm töhfə verə bilər. Bu isə uzunmüddətli perspektivdə daha sağlam, daha dayanıqlı və daha rəqabətqabiliyyətli Azərbaycan deməkdir.

Qanunverici təkliflər paketi

Ekspertlərin fikrincə, respublikada plastik istehlakının azaldılması, ekoloji təsirin minimuma endirilməsi və dövriyyədəki tullantıların idarə edilməsi səmərəliyinə nail olunması məqsədilə hazırlanacaq qanunverici təkliflər paketində aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

• 2027-ci ildən etibarən birdəfəlik plastik məhsulların istehsalı, idxalı, satışı və istifadəsi qadağan edilməli və ya tədricən məhdudlaşdırılmalıdır;

• qadağa konkret siyahı əsasında mərhələli şəkildə (2026–2030) tətbiq olunmalıdır;

• ilk mərhələdə ən çox alternativi olan məhsulların istehsalı dayandırılmalıdır;

• ekoloji ziyanlı plastik növlərə tam qadağa tətbiq edilməlidir.

Ekspertlər tərəfindən bütün bu sadalananlarla yanaşı, dövlət satınalmalarında plastik məhdudiyyətlərin gerçəkləşdirilməsi istiqamətində birdəfəlik plastik butulkalar, stəkanlar və qida konteynerləri üçün qadağanın reallaşdırılması, eləcə də bu tədbirlərin mərhələli şəkildə 2026-cı ildən başlayaraq bütün dövlət orqanları üçün məcburiliyi təklif olunur.

Eyni zamanda, respublikada alternativ məhsullara (metal, şüşə, bioparçalanan materiallar) keçid üçün dövlət subsidiyaları və vergi güzəştlərinin tətbiqinin də vacibliyi bildirilir. Bundan başqa, istehsalçılar və idxalçılar tərəfindən plastik tullantıların yığılması, təmizlənməsi və təkrar emalı kimi məsələlərin də diqqət mərkəzində saxlanılmasının önəmi vurğulanır.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Plastik qablardan istifadə dünyada böyük problemə çevrilib. Azərbaycanda bununla bağlı müəyyən layihələrin icrasına çalışılıb, lakin ciddi nəticələrə təəssüf ki, nail olunmayıb. Belə ki, hələ 5 il öncə plastik qablardan istifadə barədə müəyyən qərarlar qəbul edilsə də, problem aradan qaldırılmayıb. Çünki alternativlər təklif edilməyib. Plastik qablarda, xüsusilə Günəş şüaları altında qalan məhsulların qablaşdırılması insan orqanizminə zərər verdiyi üçün hər zaman narahatlıqla qarşılanıb. Belə qabların tərkibində olan kimvəyi maddələrin sulara qarışdığı və müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğu dəfələrlə vurğulanıb.

İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə dəfələrlə məktublar yazaraq plastik qablaşdırılma məsələlərinə dair fikirlərimi bildirmişəm. Plastik qablaşdırmaların və nazik polimerdən hazırlanan torbaların çox təhlükəli olması barədə məlumatlar versəm də, bəzi dövlət orqanlarının bu məsələ ilə bağlı laqeydliyi ilə üzləşmişəm. Düzdür, İqtisadi İnkişaf Nazirliyi yanında qablaşdırma materialları ilə əlaqədar problemlərin həlli məqsədilə yaradılan xüsusi işçi qrupa Azad İstehlakçılar Birliyinin sədri olaraq daxil edilmişəm və qrupun müəyyən layihələrin icrası ilə bağlı fəaliyyətinin də şahidi olmuşam.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, PVC tərkibli, yəni xlorit tərkibli nazik polimerdən hazırlanan torbalardan bu gün də qida sənayesində geniş istifadə olunur. Ancaq Avropanın bir çox ölkələrində plastik qablaşdırma qadağan edildiyindən artıq belə hallar nəzərə çarpmır. Təəssüf ki, respublikada bu sahədə ciddi təhlillər aparılmır. Ölkə bazarı zəif olduğundan bura hər şey plastik qablarda gətirilir. Hətta bəzi kənd yerlərində plastik su qablarına uşaq yeməyi töküb saxlanılır. Hətta Azərbaycan dünyanın az ölkələrindən biridir ki, plastik qabın içərisində üzüm yarpağı qoyulur.

Azərbaycanda plastik qabların bir qismi ərzaq malları üçün xüsusi hazırlandığı üçün müəyyən gigiyenik tələblərə cavab verir, lakin onlardan düzgün istifadə edilmir. Plastik qab o zaman çox təhlükəli sayılır ki, onun üzərində gözə görünməyən çatlar, əzilmələr olur. Ümumiyyətlə, polimerlərdən hazırlanan plastik qablar qızdırılanda onun tərkibindəki kimyəvi maddələr qidaya keçir və zəhərlənməyə yol açır.

Plastik qablar xüsusilə qaynar yeməklər üçün istifadə edildikdə daha təhlükəli olur. Çünki yüksək temperatur plastikdə olan bisfenol, ftalat və digər zərərli maddələrin qidaya miqrasiyasını sürətləndirir. Bu isə hormonal pozuntulara, immun sisteminin zəifləməsinə, reproduktiv problemlərə və uzunmüddətli istifadədə xərçəng riskinin artmasına səbəb ola bilər. Uşaqlar üçün bu risk daha yüksəkdir, çünki onların orqanizmi bu cür maddələrə qarşı həssasdır.

Bu qablardan istifadə, onlarda yeməklərin qızdırılması, isti yeməklərin saxlanılması zamanı insanlarda tədrici zəhərlənmə də baş verir. Bu, bir çox hallarda hiss edilmir. Bu vaxt ətrafa zəhərli “oflatoksin” adlanan zəhərli qaz yayılır. Plastik qabların sonluğuna əmzik keçirib körpələrə süni qida verilməsi də təklükəlidir. Bir sözlə, məhsulun tərkibində zəhərli qaz varsa, ondan istifadədən imtina edilməlidir. Əhali bundan məlumatsız olduğu üçün ömürlərini qısaldan amili görmürlər.

Bir məqama da toxunmaq istərdim. Marketlərdə alınan ərzaqların qablaşdırılması üçün işlədilən plastik torbaların üzərindəki reklam materialları müəyyən rənglərdən istifadə edilərək yazılıb. Rənglərin tərkibində isə ağır metallar, qurğuşunlar var. Bunlar da insanların əlləri ilə digər orqanlarına keçir və zəhərlənmə əmələ gətirir. Lakin buna baxmayaraq, bazarda ucuz plastik qabların satışı davam edir. Bunun əsas səbəblərindən biri nəzarətin zəifliyi və alternativ sağlam qabların bazarda kifayət qədər geniş yayılmamasıdır. Bir tərəfdən qadağalar tətbiq olunur, digər tərəfdən isə həmin məhsullar sərbəst şəkildə satılır və istehlakçı real təhlükə ilə üz-üzə qalır.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat