Postmüharibə mərhələsində Azərbaycanın təhlükəsizliyi

post-img

III məqalə

Təhlükəsizliyin əsas faktorları

Hətta orta güc ranqında olan dövlətlərin təhlükəsizliyini təmin etmənin çox çətin olduğu dünyada özünü göstərən geosiyasi proseslərin məntiqi işığında aydın görünür. İlk növbədə “təhlükəsizliyin təmini” ifadəsini hansı anlamda işlətdiyimizə aydınlıq gətirək. Bütövlükdə “təhlükəsizlik” termin olaraq hər hansı obyektin (istənilən təbiətli sistemin) malik olduğu mahiyyəti, məzmunu və funksionallığını öz maraqları və təbiətinə uyğun qorumasını, saxlamasını, toxunulmazlığını təmin etməsini ifadə edir. Bu anlamda tam və bütöv qalmaq müstəqil dövlətçilik kontekstində təhlükəsiz olmaq demək deyildir.

Ölkə və dövlət bir avtonom sistem olaraq tamlığını saxlamaqla mahiyyətini və predmetik məzmununu (təşkilolunma fəlsəfəsi, üsulu və formasını, daşıdığı predmetik xüsusiyyətlər kompleksini) itirirsə, üstəlik, onları kənar gücün təsiri ilə dəyişirsə, həmin ölkədəki dövlət müstəqil vahid kimi təhlükəsizliyini qoruya bilməmişdir deməkdir. Bundan başqa, tamlığı, bütövlüyü saxlanmaqla siyasi, iqtisadi, mədəni və geosiyasi funksionallığı yad maraqlara uyğun dəyişdirilən ölkənin də təhlükəsizliyi təmin edilmiş sayılmaz. XXI əsrdə müstəqil olmağın sərt siyasi və geosiyasi şərtləri belədir!

Buna görədir ki, bir çoxları üçün məhdud anlaşılan “dövlətin təhlükəsizliyi” məsələsi bütöv bir konseptdir. Onu real yaratmaq və qalıcı (davamlı) olaraq aktual saxlamaq məharətli, yaradıcı (kreativ) yanaşma tələb edir. Lider bu konsepti nəinki hazırlamalı həm də onun reallaşmasının bütün mexanizmlərini dəqiq müəyyən etməlidir. Bu halda təsəvvürümüzdə mürəkkəb, dinamik, lakin daim özünüyaradan, özyetərli olan fəaliyyət sistemi canlanır. Biz “Azərbaycanın təhlükəsizliyinin əsas faktorları” dedikdə, belə bir təsəvvürlər, ideyalar, prinsiplər kompleksinin nəzəri-konseptual mövcudluğunu və onları təmin edən baza müəyyənedici parametrləri nəzərdə tuturuq. Burada ideyalar, prinsiplər və təsəvvürlərin üzərində dayanmaq imkanı yoxdur. Lakin Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə etdiyi müraciətdə vurğuladığı baza komponentlərin üzərində dayanaq.

Güclü siyasi iradə

Liderin güclü siyasi iradəsi ölkənin təhlükəsizliyinin təminində əsas müəyyənedici parametrlərdən biridir. Elmi ədəbiyyatda siyasi iradə liderə, qrupa və xalqa aid edilir. Onun əlamətləri məqsədyönlülük, siyasi qərarları ardıcıl reallaşdırmaq, siyasi qərarlar, maneələri aşmaq, cəmiyyət və ya dövlətin maraqlarına uyğun hərəkət etmək kimi keyfiyyətlər götürülür. Siyasi iradə qətiyyətlilik, dayanıqlıq və məqsədə fokuslanmaq tələb edir. Liderin siyasi iradəsi ölkəni böhrandan çıxarmaq və islahatlar aparmaq, cəmiyyətin enerjisini dövrün şərtlərinə uyğun istiqamətləndirmək milli maraqları qorumaq kimi vacib keyfiyyətləri özündə ehtiva edir. Buna görə də bəzən liderlər populyar olmayan qərarlar qəbul edirlər.

Belə alınır ki, güclü siyasi iradə olmadan dövlətin böhrandan xilas olması və əsaslı islahatların aparılması mümkün olmur. Aparıcı rolu bu prosesdə liderin siyasi iradəsi təşkil edir. Prezident İlham Əliyev güclü siyasi iradəsi sayəsində qarşıya çıxan çoxsaylı maneələri aşdı, cəmiyyətin iradəsini bir məqsəd uğrunda birləşdirdi, dövlətin bütün strukturlarını vahid amal uğrunda fəaliyyətə yönəltdi və Azərbaycanın müstəqil dövlət kimi uğurlar əldə etməsinə nail oldu.

Bu bağlılıqda II Qarabağ müharibəsi dönəmində Azərbaycan Prezidentinin informasiya sferasında apardığı gərgin və qətiyyətli mübarizəsini bir daha xatırlaya bilərik. O dövrdə Azərbaycana müxtəlif istiqamətlərdən olan böyük təzyiqlərə baxmayaraq, liderin güclü siyasi iradəsi onların hamısını neytrallaşdırdı. Praktikada liderin siyasi iradəsinin dövlətçilik üçün nələri həll edə biləcəyinin nümunəsidir. İndi dünyanın ən güclü siyasi dairələri də Prezident İlham Əliyevin lider kimi gücünü tam qəbul edirlər. Bu da ölkənin və dövlətin təhlükəsizliyi üçün vacib faktordur.

Xalq-iqtidar birliyi

Müasir geosiyasi təlimlərdə və politoloji nəzəriyyələrdə hər kəsin qəbul etdiyi ümumi şərtdir. İndi iqtidarla xalqın birliyi olmadan heç bir dövlət öz təhlükəsizliyini təmin edə bilməz. Xüsusilə, beynəlxalq hüququn işləmədiyi bir mərhələdə cəmiyyətin lideri ilə bir olması daha çox əhəmiyyət kəsb edir. Venesuela bu sınaqdan çıxa bilmədi, indi İran cəmiyyəti həmin “imtahanı verir”. Ukraynada da son sözü xalqın deyəcəyi ilə bağlı informasiyalar yayılır.

Ancaq Azərbaycan cəmiyyət və dövlət olaraq bu sınağı keçən əsrin son onilliyində hər kəsdən daha dərin qatlarda keçdi. Xalq-iqtidar birliyi 1994-1995-ci illərdə Azərbaycanda xaos yaratmağa çalışanlara qarşı mübarizədə özünü tam göstərdi. Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə milyonlar meydanlara toplaşdı, öz dövlətlərini və mövcud iqtidarı ( o zaman Heydər Əliyev dövlətə başçılıq edirdi) müdafiə etdi. Xalqın kütləvi dəstəyi Azərbaycanda sabitliyi bərpa etməyə və onu qorumağa geniş imkanlar açdı.

Prezident İlham Əliyev xalq-iqtidar birliyinin vacibliyini həmişə vurğulamışdır. 2024-cü il fevralın 14-də andiçmə mərasimində İlham Əliyev vurğulamışdı: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.

Tarix sübut edir: xalqına arxalanan liderlər məğlubedilməzdirlər.

Hərbi güc

XXI əsrdə aparılan politoloji tədqiqatlarda hərbi gücün dövlətin milli maraqlarının təmin edilməsində və xarici-siyasi fəaliyyətdə uğurlu olmasında rolu daha da artmışdır. Hərbi güc anlayışı dövlətin təhlükəsizliyini təmin etmək üçün malik olduğu kompleks qabiliyyəti nəzərdə tutur. Bura silahlı qüvvələrlə yanaşı, iqtisadi, elmi, mənəvi-siyasi və hərbi-texniki potensial da daxildir. Bundan başqa, mövcud gücü səfərbər edə bilmək qabiliyyəti hazırda böyük əhəmiyyət kəsb edir.

Deməli, hərbi güc faktiki olaraq hər bir müstəqil dövlətin identikliyinin mühüm tərkib hissələrindən biridir. Bir sıra hallarda dövlət hərbi gücünü tətbiq etməli olur ki, müəyyən maneələri aradan qaldıra bilsin. II Qarabağ müharibəsində Azərbaycan hərbi gücünü göstərərək qalib gəldi. Qarşı tərəf başqa yolla təcavüzündən əl çəkmirdi. Azərbaycan hərbi-müdafiə sisteminin güclü zərbələr vurmaq və keyfiyyətli hərbi əməliyyatlar həyata keçirmək qabiliyyəti dövlətin hərbi gücünü sübut etdi və bu, tarixi ədalətin bərpa olunmasında əsas rol oynadı.

Azərbaycan Prezidentinin aşağıdakı fikirləri vurğuladığımız kontekstdə dövlətin hərbi gücünün təhlükəsizliyin və sülhün təminində oynadığı rolu lakonik ifadə edir. Ölkə rəhbəri müraciətində ayrıca qeyd etmişdir: “Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür”.

Hərbi gücün müasir dönəmdə dövlət üçün əhəmiyyəti ABŞ-ın yenilənmiş milli təhlükəsizlik doktrinasında yığcam ifadə olunmuşdur. Orada yazılmışdır: “Güc caydırıcılığın ən yaxşı faktorudur!”

İndi Azərbaycanın hərbi gücü regionda öndədir. Digər dövlətlər bu səviyyəyə çatmaq üçün çox səylər göstərirlər. Lakin Azərbaycan Prezidenti ölkənin hərbi gücünün dinamik artırılmasının qayğısına qalır və imkanlar getdikcə yeni səviyyələrə yüksəlir. Burada əlbəttə, iqtisadi potensialın xüsusi yeri və rolu vardır.

İqtisadi potensial

Azərbaycan regionda ən geniş iqtisadi potensiala malik ölkə olduğunu dünyaya göstərmişdir. Neft və qeyri-neft sektorunda həyata keçirilən layihələr bunun əyani sübutlarındandır. 1993-cü ildən başlayaraq müxtəlif sferalar üzrə iqtisadi islahatların reallaşması sayəsində Azərbaycan böyük irəliləyişlərə nail olmuşdur. İndi kimsə şübhə etmir ki, Azərbaycanın iqtisadi potensialı müstəqil dövlət kimi özünə yetərlidir. Yaradılan çoxşaxəli iqtisadi infrastruktur dayanıqlığı ilə də seçilir. 2008-ci il qlobal maliyyə böhranı, pandemiya dönəmində dünyanı silkələyən iqtisadi kataklizmlər və ümumiyyətlə, maliyyə bazarlarında müşahidə olunan böhranlar Azərbaycanın iqtisadi sistemini laxlada bilmədi. Burada makroiqtisadi sabitlik təmin edildi.

Bunlarla yanaşı, çoxlu sayda dövlətlər müxtəlif çətinliklər və problemlərlə mübarizə apardığı bir dönəmdə Azərbaycan güclü maliyyə tələb edən layihələrin təşəbbüskarı oldu. İndi də onların həyata keçirilməsində Bakının rolu yüksəkdir.

Rəsmi məlumatlarda tez-tez Azərbaycanın xarici borclarının minimuma enməsi, ÜDM-in dinamik artması, humanitar xarakterli addımların atılması vurğulanır. Bunlar qeyri-sabit dünyada Azərbaycan iqtisadiyyatının sabitliyinin göstəriciləridirlər.

Enerji siyasəti

Enerji siyasətinin Azərbaycanın təhlükəsizliyinin təmin edilməsindəki böyük rolu haqqında KİV-də çox yazılmışdır. Azərbaycanın enerji strategiyası özü ilə bərabər çoxlu sayda dövlətin, o cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyində prinsipial rol oynamaqdadır. Ayrıca, Avropanın enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyinin sinxron təmin olunması məsələsində Bakı getdikcə daha əsaslı yer tutmağa başlamışdır.

Enerji siyasəti bununla kifayətlənmir. Çünki Azərbaycan Şərq istiqamətində də enerji siyasətinin təhlükəsizlik məsələsində ölkələr üçün mühüm rol oynamaq üçün böyük səylər göstərir. Türk dünyasında da bu yöndə Bakının fəaliyyətləri yüksək qiymətləndirilir.

Bunları ümumiləşdirəndə belə qənaət əldə edilir ki, Azərbaycanın enerji siyasəti geniş geosiyasi məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin sinxron təmin edilməsi sistemini formalaşdırmışdır. Bu o deməkdir ki, Azərbaycanın təhlükəsizliyi ilə Şərq, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ölkələrinin təhlükəsizliyi artıq vahid sistemin tərkib hissələridirlər.

Onlar arasında qarşılıqlı asılılıq üzvi hala gəlmişdir – birinin təhlükəsizliyi üçün digər bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması zəruridir. Və əksinə, əməkdaşlıq platformasına daxil olan bütün üzvlərin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyinin təminindən birbaşa asılıdır.

Bu, maraqlı “təhlükəsizlik şəbəkəsidir” ki, sistem olaraq açıqdır. Yəni digər dövlətlərin də bu prosesə daxil olması istisna deyildir. Nümunə kimi, ABŞ-ı göstərmək olar. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılıq əməkdaşlıq məsələsini birbaşa təhlükəsizlik amilinə bağlamışdır. Yəni indi Azərbaycanın təhlükəsizliyi həm də ABŞ-ın təhlükəsizliyi ilə əlaqəlidir. Konseptual olaraq enerji və milli təhlükəsizlik məsələləri genişlənərək Aİ ilə yanaşı Amerikanı da əhatə etməkdədir. Bu, faktiki olaraq müstəqil Azərbaycanın təhlükəsizliyinin qlobal miqyasda konkret şərtlər daxilində məzmun və məqsəd aldığını ifadə edir.

Məsələnin bu aspekti Azərbaycan Prezidentinin vurğuladığı nəqliyyat imkanlarmız və ABŞ-ın yeni təhlükəsizlik doktrinasının əsas məqamları prizmasında daha da aktuallaşır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət