Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, rəsmi İrəvanın özü tərəfindən “persona-non-qrata” elan olunmuş Konstantin Zatulin yenə sərsəm açıqlamaları ilə gündəmi “zəbt etməyə” çalışıb. Rusiyalı deputatın sözlərinə görə, ABŞ ilə Ermənistan arasında TRIPP-lə bağlı dərc olunmuş razılaşma onu göstərir ki, “Tramp marşrutu” üzrə tranzitdən əldə ediləcək gəlirin 76 faizi ABŞ şirkətinə, 24 faizi isə Ermənistana məxsus olacaq.
“Bu layihədə ABŞ və Ermənistandan başqa heç kəs olmayacaq. Rusiya bəzi funksiyalara cəlb oluna bilər, amma həmin şirkətin təsisçi və ya səhmdarları sırasında ola bilməz. Paşinyan Rusiyanın maraqlarını nəzərə almadığına görə tənqiddən yayınmaq üçün hansısa jest etmək istəyir”.
Bunu “oxları Rusiyanın üzərinə yönəltməyə çalışan” rəsmi İrəvanın ünvanına hədə-qorxu kimi üfürən Dövlət Dumasının “dumkasız” deputatı bu zaman layihənin altından “başqa daşları qazıyıb çıxarmağa” girişir: “Burada söhbət Azərbaycan və Türkiyə ilə həmsərhəd ərazilərdən gedir. Paşinyan Rusiyanı daxili dəmiryolu şəbəkəsinin bərpasına ona görə cəlb etmək istəyir ki, sonradan hər yerdə Moskvanın iştirakını iddia edə bilsin. Sadə dillə desək, oxları Rusiyaya yönəltmək istəyir. Bu, təxminən əvvəlcə Qarabağa dəvət edilən (?), amma sonradan mövcudluğu, faktiki olaraq, nəzərə alınmayan sülhməramlı kontingentimizlə bağlı baş verənlərə bənzəyir. Anlamalıyıq ki, Paşinyan bizim maraqlarımızdan çıxış etmir, Qərblə ittifaq və dostluğa üstünlük verir”.
Azərbaycanın rəsmi dairələri kimi, siyasi elitası, mediası və ictimaiyyəti də Konstantin Zatulinin dediklərini artıq ciddi qəbul etmir. Bu məqamda Rusiya Dövlət Dumasının MDB ölkələri, həmvətənlərlə əlaqələr üzrə komitənin sədr müavininin 3 ay bundan əvvəl erməni mediasına müsahibəsində məlum təyyarə olayından sonra ikitərəfli münasibətlərdən danışarkən dediklərini yada salaq: “Mən özüm münasibətlərin normallaşmasının tərəfdarıyam. Qonşu ölkə ilə münasibətlərin normallaşması tamamilə qanuni, məntiqli və dövlətlərarası münasibətlərin sabitliyi üçün zəruri bir prosesdir”. Ölkəmizin ünvanına buna qədərki radikal, şovinist bəyanatlarından tam fərqli, kifayət qədər “praqmatik” mövqe sərgiləyən Zatulin indi rus sülhməramlıları adlanan hərbi kontingentin bölgəni vaxtından tez tərk etməsini yanlış addım sayır, hətta buna təəssüflənir.
Zatulin özü də yaxşı bilir ki, rus hərbi kontingenti 2020-ci il 10 noyabr Bəyanatına müvafiq olaraq, Azərbaycan və Rusiya ali rəhbərlərinin birgə razılığı əsasında bölgəni vaxtından tez tərk edib. Onlar gedərkən təmtəraqlı yolasalma mərasimi, mükafatlandırma tədbiri də təşkil olunub. Burada Paşinyanın yeganə “günahı” ondan ibarət olub ki, o, tarixi həqiqəti dilə gətirib və Qarabağın Azərbaycana aid olduğunu bildirib. Sülhməramlıların gedişinə səbəb isə regionda ermənilərin qalmaması oldu. Zatulin demək istəyir ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, bölgədə ermənilər də, xunta rejimi də, onların “təhlükəsizliyini təmin edən” Rusiya sülhməramlı hərbi kontingenti hələ uzun müddət qalacaqdı. Amma o unudur ki, 44 günlük müharibədə biabırcasına məğlub olmuş Ermənistanın baş nazirinin reallığı etiraf etmək və bölgədə sülh üçün bu mövqedən savayı seçimi yox idi.
Sülhməramlılar 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından sonra bölgədə vəzifə və funksiyası göydən asılı qalmış, əhəmiyyətsiz hərbi kontingentə çevrilmişdilər. Onların bu tarixə qədər tərəflər arasında heç də sülh yaratmağa xidmət etməyən fəaliyyəti barədə dəfələrlə yazmışıq. Amma yaddaşı zəifləmiş zatulinlərə bir daha xatırladaq: sülhməramlı kontingentin bölgəyə yerləşdiyi gündən separatçılara himayəlik etdiyi, onların Qarabağa silah, muzdlular, mina daşımasına şərait yaratdığı, qanunsuz səfərlərə icazə verdiyi, ermənilər üçün yollar çəkdiyi, evlər inşa etdiyi təkcə İrəvan və Moskvaya deyil, Bakıya da yaxşı məlum idi. Onların Xocalıda kilsə yaratmalarının, burada rus-xristian xadimlərinin büstlərini qoymalarının, qondarma rus icması yaratmalarının hansı məkrli niyyətlərdən xəbər verdiyi də sirr deyildi.
Rusiyanın baş diplomatı Sergey Lavrov isə açıq şəkildə demişdi ki, Qarabağın status məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Xatırlatdığımız bu faktlar göstərir ki, Rusiya məsələnin bu cür həll variantını istəmirdi. Amma 23 saatlıq antiterror əməliyyatı Moskvanı inkaredilməz fakt qarşısında qoydu. Ardınca ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmədilər, öz xoşları ilə Qarabağdan köçdülər, sülhməramlılara da ehtiyac qalmadı. İndi ermənipərəst zatulinlərin dili ilə Kreml növbəti dəfə öz hikkəsini göstərir və günahı Paşinyanda axtarır. Bununla demək istəyir ki, o, Qarabağdan çıxmaq istəmirdi.
Amma günün reallığı və acı həqiqəti ondan ibarətdir ki, erməni separatçıları, zatıqırıq zatulinlər kimi, rus əsgəri də Qarabağı bundan sonra yalnız “rəngli yuxular”ında görə bilərlər...
İ.HƏSƏNQALA
XQ

