“APPRO hospital”da ən ağır xəstələr də həyata qaytarılır
Ağır vəziyyətdə Qəbələdən gətirilmiş qardaşım İntizam Məmmədcan oğlu Qaçayev də həmin “ağır xəstələrdən” biri oldu. Rayondakı həkimlər onun ürəyində çox ciddi problem olduğunu öyrənəndə dərhal Bakıya aparılmasını, imkan daxilində “APPRO hospital”a çatdırılmasını tövsiyə etmişdilər.
Dekabrın 13-də həmin tibb ocağına çatdırılan qardaşımı müayinə edən həkimlər xəstənin vəziyyətini və yaşını nəzərə alaraq cərrahi əməliyyatı bir neçə gün ləngitdilər ki, lazımi hazırlıq aparılmaqla nəticə uğurlu olsun. Allahın köməyi ilə buna nail oldular da.
Bu məqamda, mən beynəlxalq keyfiyyət standartlarına uyğun qurulmuş, 2021-ci ildən fəaliyyət göstərən “APPRO hospital”ın adının mənasını xatırlatmaq istəyirəm. Çünki mənə elə gəldi ki, bu kollektivin üzvləri, sadəcə, kimisə müayinə və ya müalicə etmək üçün deyil, həm də adlarının mənasını doğrultmaqdan ötrü çalışırlar. Belə ki, APPRO sözü Almaniyada həkimlərə verilən “approbation” adlı sənədin adından yaranmışdır. Onu da sonradan öyrəndim ki, bu tibb ocağı qısa müddətdə sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tuta bilib.
Əlavə edək ki, “approbation” Almaniyada həkimlik təhsili alan hər bir şəxsin diplomunun ölkənin dövlət standartına uyğunluğunu təsdiq edən sənəddir. Həm də bu sertifikat ömürlük verilir. Yəni həkimin alman standartlarına uyğun mütəxəssis olduğu bu şəkildə rəsmiləşdirilir. Qətiyyətlə deyə bilərəm ki, “APPRO hospital”da qeydiyyat mərkəzindən başlayaraq, bütün proseslərin aparıldığı şöbələrdə bəzi xarici sənədli filmlərdə gördüyümüz ən müasir dünya standartlarına uyğun şərait yaradılıb.
Mən həmin günlərdə əmin oldum ki, paytaxtımızda belə bir səhiyyə müəssisəsi də var. Hospitalın baş həkimi, ali təhsilini Rusiyada alsa da, Avropanın bir çox ölkələrində keçirilən kardioloq-cərrahların beynəlxalq konfranslarında ölkəmizi uğurla təmsil etmiş, Azərbaycan (AKC) və Avropa (ESC) Kardioloqlar Cəmiyyətinin üzvü Turxan Yusifov, ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru İmadəddin Bağırov, onun assistenti İlkanə Quluzadə, tibb bacıları Lalə, Aytən, Təranə, Fərzanə, Arzu, eləcə də Bilal, Elcan, Nərmin, Səbinə, ümumiyyətlə, xəstəxananın bütün personalı kənd rayonundan gətirilmiş ağır xəstənin ayağa qaldırılması və ailəsinə sevinc bəxş edilməsi üçün lazım olan bütün addımları atdılar və bizi sevindirdilər.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

