Dünən Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Ali məktəbin rəhbərliyi və professor-müəllim heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
Universitetin tədris binasında davam edən məclisdə Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsinin dinc əhaliyə qarşı misilsiz hərbi cinayət olduğunu qeyd edib. O, dövlət səviyyəsində törədilmiş bu vəhşiliyin Azərbaycan xalqının milli qürurunu və azadlıq eşqini sarsıda bilmədiyini söyləyib.
Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi faciənin canlı şahidi kimi 20 yanvar gecəsi gənclərin göstərdiyi rəşadətdən danışıb. O, 1990-cı illərdən qaynaqlanan vətənpərvərlik ruhunun 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə önəmli rolundan söz açıb, bu mübarizənin sonunda ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib. İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Çingiz Məmmədov həmin gecə yaralıların xəstəxanada güllə yağışı altında daşınmasını və əhaliyə necə divan tutulduğunu yada salıb. O, bu amansızlığın Sovet İmperiyasının iç üzünü açaraq süquta yaxınlaşdırdığını bildirib.
20 Yanvar şəhidlərindən Larisa Məmmədovanın sinif yoldaşı, "Xalq qəzeti"nin əməkdaşı Arzu Əliyeva şəhid haqqında xatirələrini bölüşüb. O, həmin gecənin günahsız qurbanları olan uşaqların qətlə yetirilməsinin unudulmaz bir ağrıya çevrildiyini və şəhidlərin yarımçıq qalan arzularının müstəqil Azərbaycan gəncliyinin əməllərində yaşadığını deyib.
Anım mərasimi 20 Yanvar şəhidlərindən bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb.
XQ

