İrəvanın uydurma gündəmləri

post-img

Paşinyan iqtidarının yeni-köhnə manipulyasiyaları sülhə qarşıdır

Azərbaycan və Ermənistan arasında sülh gündəmi aktuallığını saxlasa da, məsələ ilə bağlı irəliləyiş yoxdur. Ötən ilin sonuncu rübündə mövcud istiqamətdə müəyyən cəhdlər qeydə alınsa da, 2025-ci il tam sönük başlayıb. Yalnız iki gün əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yaydı ki, Azərbaycan sülh müqaviləsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirən cavablar verib. Cavabların mahiyyəti açıqlanmır. Amma Ermənistan XİN-in məlumatında o da bildirilir ki, Bakının cavabları içərisində regional kommunikasiyaların açılmasına və qarşılıqlı şəkildə silahlanmaya nəzarət mexanizmlərinin yaradılmasına dair heç nə yoxdur.

Bəribaşdan deyək ki, Ermənistan həmişə olduğu kimi, reallığa qarşı çıxır. Bu səbəbdən sülhdən yayınır. Reallıq budur ki, Azərbaycan müharibənin qalibidir və buna görə də şərtlərini irəli sürməyə ixtiyarı var. Ermənistana gəldikdə, baş nazir Nikol Paşinyan və komandasının üzvləri özlərini elə aparır ki, sanki, müharibə olmayıb, ölkələri rüsvayçı və acınacaqlı məğlubiyyətlə üzləşməyib. Belə bir məntiq isə onlara sülhdən yayınmaq yönümlü gündəmlər uydurmağa “əsas” verir. Yazımızda həmin saxta gündəmlər barədə söz açacağıq. Əlbəttə, digər əlaqəli məqamlara da diqqət yetirəcəyik.

***

Əslində, Azərbaycan Ermənistana onun gözlədiyi tərzdə cavab verə bilməz və verməməlidir. Birincisi, regional kommunikasiyaların açılması ilə bağlı hər şey aydındır və məsələ barədə söz açacağıq. Silahlanmaya birgə nəzarətə gəldikdə, bu, rəsmi İrəvan tərəfindən ortaya atılıb. Aydındır ki, belə bir şey mümkünsüzdür. Buna ehtiyac da yoxdur. Ehtiyacı qondaran Ermənistan çalışır ki, özünün sürətli silahlanmasına bəraət qazandırsın. Təxminən belə: Azərbaycan silahlanmaya nəzarət mexanizminin mövcud olmasına razı deyil və bu, təcavüzkarlıq niyyətidir, ona görə Ermənistan özünü müdafiə etməlidir, müdafiə qabiliyyətinin artırmalıdır.

Aydındır ki, silahlanmaya birgə nəzarət mexanizmlərinin formalaşdırılması bəsit erməni hiyləsindən başqa bir şey deyil. Habelə, silahlanma təkcə Ermənistan rəhbərliyinin düşüncə məhsulu, erməni avantürizminin gerçəkləşməsi vasitəsi yox, eyni zamanda, ölkə qarşısında “regional məqsədlər” gerçəkləşdirmək üçün ölkə qarşısında qoyulan tələbdir. Rəsmi İrəvan belə tələblərdən özünü sığortalayacaq iradə və qətiyyətdən uzaqdır. Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsində isə məqsəd müdafiədə yox, hücumdur ki, hücumun nəyin gerçəkləşməsinə xidmət etdiyini sonda vurğulayacağıq.

***

Regional kommunikasiyalarla əlaqədar məsələnin üzərində dayanaq. Qeyd edək ki, mövcud məqam əvvəldən də sülh gündəmində olub. Amma mütləq əhəmiyyət daşımayıb. O anlamda ki, əgər Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alan Naxçıvana maneəsiz yol tələbini yerinə yetirməsə, regional kommunikasiyalar açılmayacaq. Bununla əlaqədar ölkəmizin rəhbərliyinin, xüsusən Prezident İlham Əliyevin də qəti mövqeyi var.

Deməli, regional kommunikasiyaların açılmaması sülh müqaviləsinin imzalanmaması üçün səbəb ola bilməz. Nəzərə alaq ki, sülh üçün iki başlıca şərt var. Daha doğrusu, rəsmi Bakı tərəfindən irəli sürülmüş iki şərt. Birincisi, Ermənistan qanunvericiliyinin Azərbaycana, bütövlükdə qonşulara qarşı ərazi iddiası aradan qalxsın, ikincisi, ATƏT-in Minsk qrupunun ləğvi üçün Bakı və İrəvan müştərək müvafiq müraciət ünvanlasın. Nəzərə alaq ki, ATƏT-in Minsk qrupu da Ermənistanın Azərbaycana ərazi iddiasının mövcudluğu kasuzunu daşımaqdadır. Ancaq nədənsə, Ermənistanda bu barədə söz açan yoxdur, halbuki hər iki məsələ, kifayət qədər, prinsipialdır. Bilavasitə Naxçıvana yol məsələsində Azərbaycanın istəyinin nəzərə alınması isə daha çox etimadın artmasına köməkdir.

Digər tərəfdən, bir halda ki, Ermənistan Azərbaycanla razılaşmır, yəni, Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqinə qarşıdır, deməli, həm də özünün dalanda qalma aqibəti ilə barışmalıdır. Çünki sözügedən yolun İran ərazisindən keçmə trayektoriyası realdır. Ancaq o da görünür ki, Ermənistan nə üçtərəfli bəyanatı yerinə yetirmək barədə düşünür, nə də Naxçıvana yolun özündən yan ötməsini istəyir. Ona görə də cidd-cəhdlə regional kommunikasiyaların açılmasını sülh gündəmi baxımından əldə saxlamağa cəhd göstərir. Lakin məsələni tamam fərqli tərzdə qoyur.

Diqqət yetirək, son günlər Ermənistanın ayrı-ayrı rəsmiləri xarici nümayəndələrlə görüşlərində özlərinin Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsünə qarşı ortaya atdıqları “Dünyanın kəsişməsi” ideyalarının reklamını gücləndiriblər. Müvafiq olaraq, Naxçıvana yolun maneəsizliyi məntiqinə cavab olaraq Ermənistanın suverenliyi və ərazi bütövlüyü klişeləri də mütəmadi tirajlanmaqdadır. Elə təqdimat var ki, guya, regional kommunikasiyaların vacib seqmenti sayılan Naxçıvana yol (Zəngəzur dəhlizi – red.) Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığına ziddir. Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfindən keşik çəkən Avropa İttifaqının mülki müşahidə missiyasının aktivləşdirilməsi, xarici diplomatların sərhədə gətirilməsi haqqında söz açdığımız klişeni möhkəmləndirmək, reallığı təhrif etmək yolunda atılmış addımlardır. Sanki, İrəvanın Bakının işğalçılıq niyyətlərindən qorunmasına ehtiyacı var imiş...

Paşinyan administrasiyası regional komminikasiyaların blokdan çıxarılmasında “Dünyanın kəsişməsi” gündəmini əsas tutmaqla Ermənistanı Cənubi Qafqazda açar fiqura çevirməyə çalışır. Elə bir fiqur ki, gələcək avantürist niyyətlər naminə dünyanı şantaj etmək, fakt qarşısında qoymaq dividendi qazansın. Ermənistan rəhbərliyi hesab edir ki, “Dünyanın kəsişməsi” gerçəkləşsə, rəsmi İrəvan nə vaxtsa beynəlxalq aləmi Bakıdan güzəşt, o cümlədən, ərazi güzəşti qoparmaq üçün məcbur duruma gətirməyi bacaracaq. Paşinyan iqtidarı üçün itirilmişlərin bərpasına nail olmaq yolundakı stratejilik məhz budur. Başqa bir yandan, “Dünyanın kəsişməsi” məntiqi ilə hərəkət Ermənistana, eyni zamanda, Qərbin anti-Rusiya siyasətində iştirak baxımından da üstünlük qazandırmaq məqsədi daşıyır.

***

Ermənistan rəsmilərinin son günlər regional sülh baxımdan qaldırdıqları məsələlərdən biri də “Azərbaycanda saxlanılan erməni məhbuslar”ın durumudur. Bu, rəsmi İrəvanın anti-sülh xəttinin humanitar anlayışları sipərə çevirmə seqmentidir. Başqa sözlə desək, baş nazir Nikol Paşinyan administrasiyası çalışır ki, özünə sərfəli sülhü humanitar məsələlərə nəzərən dünyanın Azərbaycana təzyiqi kontekstində əldə etsin. Ermənistanda elə zənn edirlər ki, “Azərbaycanda saxlanılan erməni məhbuslar”la əlaqədar Bakıya təsir olsa, bu, sülh sazişinin məzmununda da özünü göstərəcək. Yoxsa, Nikol və komandasının üzvləri nəyə görə Azərbaycanda məhkəməsi davam edən ermənilərin azadlığa çıxmalarını istəsinlər ki? Axı bu şəxslər erməni iqtidarı üçün əsl problem, hətta təhdiddirlər.

Ermənistan rəhbərliyinin humanitar məsələlər müstəvisində üzərində dayandığı ikinci xətt Qarabağ erməniləridir. Daha dəqiq desək, onların bölgəyə qayıtmaları. İstər N.Paşinyan və tərəfdarları, istərsə də onların xaricdəki havadarları yaxşı anlayırlar ki, Azərbaycan dövləti Qarabağ ermənilərinin əraziyə dönüşü ilə bağlı erməni gündəmini əsla qəbul etməyəcək. Yəni, heç bir halda, qayıdış üçün beynəlxalq təminat məsələləri nəzərə alınmayacaq. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı statusunda olmaları isə Ermənistana sərfəli deyil. Çünki bu, Qarabağ avantürasının perspektivini heçə endirir. Elementar məntiq var: Qarabağın erməni əhalisi bölgədə Azərbaycan vətəndaşı kimi qalmaq istəsəydi, qalardı.

Əlqərəz, Ermənistan hakimiyyəti Azərbaycan üçün qəbuledilməz qayıdış gündəmini beynəlxalq platformalarda ona görə tirajlayır ki, bu da sülh müqaviləsi baxımından Azərbaycana təzyiq vasitəsinə çevrilsin. Heç şübhəsiz, plan təkcə Paşinyanın deyil, ən əsası Fransa Prezidenti Emmanuel Makronun düşüncə tərzinin məhsuludur.

***

Bəli, Azərbaycanda məhkəməsi davam edən ermənilər kimi, Qarabağ ermənilərinin taleyi də nə Paşinyanın, nə də Makronun vecinədir. Hər ikisi yalnız alətdir. Əvvəldə haqqında söz açdığımız silahlanmaya birgə nəzarət mexanizmi isə Ermənistanın sərfəli sülh müqaviləsi yolundakı bəhanəsidir.

O zaman gələk, əvvəldə haqqında söz açdığımız hücum məntiqinə. Daha doğrusu, Ermənistanın silahlanma ilə əslində, təcavüzkar niyyət güdməsinə. Reallıq budur ki, Ermənistan və havadarları özlərinə sərf etməyən, avantürizm üçün perspektiv tanımayan, yuxarıda qeyd etdiklərimizin baş tutmayacağı barış mühiti ilə razılaşmadıqları üçün silahlanırlar. Silahlanmaya nəzarətlə bağlı mexanizm təklifi isə əsl niyyəti pərdələmək, həmçinin Ermənistanı mütərəqqi, sülhsevər göstərmə cəhdi və hiyləgərlikdir.

Sonda bir daha etimad quruculuğu barədə. Bəli, Ermənistan 2020-ci ildən indiyədək etimad qazanmaq üçün heç bir tədbir görməyib, əməli addım atmayıb. Halbuki, özünün işğalçı keçmişini aradan qaldırmaq üçün, ilk növbədə, məhz buna çalışmalı, səmimi mövqe tutmalı idi. Ölkə savaşdan ötən müddətdə həm çalışıb ki, yenidən güc toplayaraq itirilmişləri bərpa etsin, həm Qarabağ avantürasını saxlasın, həm də Qərbin Cənubi Qafqaz müstəvisindəki sifarişlərini yerinə yetirsin. İrəvan yenə də eyni ampluadadır. Bakı – İrəvan sülh sazişi məhz buna görə imzalanmır. Nəticədə Cənubi Qafqaz hərbi eskalasiya potensialını saxlayır. Deməli, Ermənistan regionun sosial-iqtisadi inkişafını əngəlləyir. Böyük layihələrin önünə çıxmaq, obrazlı desək, hərəkətə başlamış qatarın çarxlarına çomaq salmaq isə ölkənin yerində güclə dayanan başı üçün deyil.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət