Basketbol üzrə FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunlardan birində fərqlənən epizod beynəlxalq basketbol ictimaiyyətinin diqqətini cəlb edib. Azərbaycanı turnirdə təmsil edən “Sabah” klubunun basketbolçusu Hassani Qravett Çexiyanın “Nimburk” komandası ilə matç zamanı nümayiş etdirdiyi texniki ustalıqla yadda qalıb.
Qarşılaşmanın gedişində Qravettin etdiyi yüksək səviyyəli spin-move epizodu oyunun ən yaddaqalan anlarından birinə çevrilib. Sözügedən hərəkət Avropanın ali basketbol qurumu olan FIBA tərəfindən Çempionlar Liqasının rəsmi “Instagram” hesabında paylaşılaraq qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb və azarkeşlər tərəfindən böyük marağa və müzakirəyə səbəb olub. Video qısa müddət ərzində 3 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayaraq basketbol ictimaiyyətinin diqqətini üzərinə çəkib.
Bu paylaşım həm Hassani Qravettin fərdi ustalığının, həm də klubun beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. FIBA-nın rəsmi platformasında yer alan bu epizod Azərbaycan basketbolunun Avropada diqqət mərkəzində olduğunu bir daha sübut edir.
Hassani Qravett artıq 2 ildir ki, 3 qat Azərbaycan çempionu “Sabah”ın heyətində çıxış edir.
Qabil YUSİFOĞLU
XQ

