Paytaxtda Ümumxalq Hüzn Gününə hazırlıq
Yanvarın soyuq küləyi Şəhidlər xiyabanında əsərkən sükutun içində bir ehtiram nəfəsi duyulur. Bu müqəddəs məkanda hər daş, hər ağac, hər addım xalqımızın yaddaşına həkk olunmuş ağrılı, lakin şərəfli tarixdən danışır. 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində Şəhidlər xiyabanında aparılan hazırlıq işləri də məhz bu müqəddəs yaddaşa göstərilən yüksək hörmətin bariz nümunəsidir.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçirilən abadlıq və səliqə-sahman işləri çərçivəsində xiyabanda təmizlik işləri aparılır, ərazi ziyarətçilər üçün daha da səliqəli hala gətirilir. Şəhidlər xiyabanında olduğumuz zaman qurumun rəsmisi suallarımızı cavablandırarkən bildirdi ki, həmin ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülüb, zədələnmiş plitələr dəyişdirilib, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, xiyabandakı hər iki məşəldə profilaktika aparılıb. Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, anım gününə hələ bir neçə gün qalmasına baxmayaraq, artıq ziyarətə gələnlərin sayı xeyli artıb. Xüsusilə gənc nəslin nümayəndələrinin, məktəblilərin üstünlük təşkil etməsi diqqət çəkir. Bu isə faciənin tarixi mahiyyətinin gələcək nəsillərə aşılanmasının əyani göstəricisidir.
Ziyarətçilərdən Bakı şəhəri, 75 saylı məktəbin ibtidai sinif müəllimi Əsmayə İsmayılova bildirdi ki, bu gün uşaqları Şəhidlər xiyabanına gətirmək bizim vəzifə borcumuzdur: “20 Yanvar hadisələri bizim qan yaddaşımızdır. Uşaqlarımız 2-ci sinif şagirdləri olsalar da, indidən biz onları vətənpərvərlik ruhunda böyütmək üçün əlimizdən gələni etməliyik. Onlar bilsinlər ki, gələcəkdə bu Vətən torpağı gələcək nəsillərə əmanətdir və onlar bu əmanəti qorumalıdırlar”.
Xırdalanda yerləşən Sabah Akademiyası Tədris Mərkəzinin erkən inkişaf məktəbəqədər hazırlıq kursunun müəllimi Jalə Şahmirli dedi: “İxtisasca tarix müəllimiyəm. İxtisasıma da uyğun olduğu üçün uşaqları bura gətirmişəm. Məqsəd yalnız tarix dərsi keçmək deyil, həm də vətənpərvərlik hissini erkən yaşlardan formalaşdırmaqdır. Burada balacalara sadə dillə izah edilir: bu torpaq azadlıq uğrunda canından keçən qəhrəmanların məkanıdır. Əgər bir azərbaycanlı övladı böyüdürüksə, yetişdiririksə, o təbii ki, ölkəmizin tarixi haqqında, şəhidlərimiz haqqında məlumatlı olmalıdırlar”. Müəllim danışdıqca uşaqların gözlərindəki suallar və sükutla dinləmələri isə bu ziyarətin təsirsiz ötüşmədiyini göstərirdi.
Şəhidlər xiyabanında dolaşdıqca, bir həqiqət daha aydın hiss olunurdu: 20 Yanvar təkcə matəm günü deyil, həm də xalqın iradəsinin, mübarizə əzminin və müstəqillik yolunda atdığı qətiyyətli addımın simvoludur. Bu gün burada aparılan hər bir hazırlıq işi, ziyarətə gətirilən hər bir uşaq, qoyulan hər bir qərənfil milli yaddaşın yaşadılmasına xidmət edir. Bu hazırlıqlar göstərir ki, dövlət və cəmiyyət birlikdə tarixini unutmur, qəhrəmanlarının xatirəsini yaşadır və gələcək nəsillərə milli qürur və vətənpərvərlik dərsi verir.
Bəli, 36 il keçsə də, 20 Yanvarın ağrısı unudulmur, çünki bu ağrı azadlığın bədəli, müstəqilliyin möhürüdür. Şəhidlər xiyabanında ucalan Əbədi Məşəlin alovu isə 20 Yanvar şəhidlərinin sönməyən ruhunu, azadlıq eşqini nəsildən-nəslə ötürür. Məşəlin fonunda dalğalanan üçrəngli Dövlət Bayrağı isə bu qurbanların hədər getmədiyini, müstəqil Azərbaycanın onların qanı bahasına yüksəldiyini səssiz, lakin qürurla bəyan edir: xalq öz şəhidlərini unutmadı, unutmayacaq!
Nurəngiz ADİLQIZI
XQ


