Pakistan – Azərbaycanın Mərkəzi Asiya tərəfdaşı

post-img

Dost ölkə ilə çoxtərəfli əlaqələr yeni mərhələyə qədəm qoyur

Tarixən formalaşan Azərbaycan–Pakistan əməkdaşlığı müstəqilliyimiz dövründə daha da möhkəmlənib. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Onu da xatırladaq ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bundan bir il sonra, oktyabr ayında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıda rəsmi səfərdə olub, 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açıb və rəsmi İslamabad ilə münasibətləri daha da genişləndirib.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə Azərbaycan–Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2004-cü il iyulun 8-dən 10-dək Azərbaycanda rəsmi səfərdə olub, bir sıra mühüm görüşlər keçirib. P.Müşərrəflə görüşündə Prezident İlham Əliyev Ermənistan–Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsi faktını xüsusi vurğulayıb. Səfərin yekunu kimi, Azərbaycan və Pakistan hökumətləri arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalanıb.

Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanıb. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.

Ötən il Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib.

Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün indiyədək ciddi səylər göstərilib, müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu sahədə göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərib. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb.

Hazırda iki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər.

Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır.

Bundan əlavə, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri çərçivəsində fevral ayının 24-də iki ölkə arasında imzalanmış sənədlər – Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması, eləcə də mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadilə edilməsi də iki dost ölkə münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini və yeni əməkdaşlıq imkanlarının yaranacağını deməyə əsas verir.

Qeyd edək ki, səfər çərçivəsində, həmçinin gömrük xidmətləri arasında fəaliyyətlərin səmərəliyinin artırılması, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Anlaşma Memorandumunun imzalanması bundan sonra da əsas strateji hədəflər kimi diqqətdə saxlanılacaq. İqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılması üçün müvafiq addımlar atılacaq. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu addımlar isə, öz növbəsində, hər iki ölkənin strateji əhəmiyyətini artıracaq, regionda və dünyada sabitliyə töhfə verəcək.

Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı mühüm önəm daşımaqla yeni dünya nizamında olduqca böyük təsirə malikdir. Bu əlaqələrin təkmilləşdirilməsi və yeni perspektivlərin müzakirəsi iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə müsbət təsir göstərir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən biznes forumlarında sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılması iqtisadi-ticari əlaqələrin genişlənməsində əhəmiyyəti rol oynayır, eyni zamanda, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində gerçəkləşdirilən layihələrin iki ölkə arasında səmərəli ticarət dövriyyəsinin təşviqinə xidmət edir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə Azərbaycan – Pakistan Preferensial Ticarət Sazişinin imzalanması və bu əsasda birgə layihələrin işlənib başa çatdırılması da əhəmiyyətli təsir göstərib. Qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanlarını ifadə edən bu sazişin qüvvəyə minməsi iki ölkənin gələcək iqtisadi tərəfdaşlığını, xüsusilə iqtisadi əlaqələrinin gücləndirilməsini şərtləndirib.

Hər iki ölkə arasında tarixi, siyasi və iqtisadi əlaqələrin qorunması və inkişaf etdirilməsinin nəticəsidir ki, əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Bunu konkret göstəricilər əsasında diqqətə çatdırmaq istərdik. Belə ki, əgər Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar həcmində ixrac həyata keçirmişdisə, 2022-2023-cü illərdə bu rəqəm 12 milyon dolları ötüb.

Onu da xatırladaq ki, Azərbaycandan dost ölkəyə maye qazın ixracı bərpa edilib və informasiya texnologiyaları sahəsində qarşılıqlı sərmayə yatırımının səmərəliyi daha da gücləndirilib. Bu məsələdə şübhəsiz ki, yüksək səviyyəli səfərlərin intensivliyi öz əhəmiyyətli təsirini göstərib. Azərbaycanın Pakistandan idxal etdiyi düyü də 2027-ci ilə kimi gömrük vergisindən azad edilib.

Pakistanın özəl strukturu azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunub. Təbii ki, Azərbaycan da Pakistanda bir sıra, xüsusilə humanitar səramayə qoyuluşlarının həyata keçirilməsini diqqətdə saxlayıb.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Az bir müddət bundan əvvəl Pakistanın İslamabad şəhərində təsis edilmiş Azərbaycan – Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib. Mərasimdə qardaş ölkənin investisiya naziri Abdul Aleem Khan, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistanın dövlət qurumlarının, o cümldən Xarici İşlər Nazirliyinin, habelə ictimaiyyət, mədəniyyət və hər iki ölkədə biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə iki ölkə arasındakı yüksək səviyyəli diplomatik münasibətlərin iqtisadi əlqalərin inkişafına möhkəm zəmin yaratdığını qeyd edən Azərbaycanın Pakistandakı səfir Xəzər Fərhadov Azərbaycanda investisiya imkanları, digər vergi güzəştləri və təşviqlər barədə də danışıb. Diplomat bu mənada 2027-ci il dekabrın 31-dək Pakistandan idxal edilən həmin ölkə mənşəli düyünün idxal gömrük rüsumundan azad edilməsinə diqqət çəkərək iki ölkə arasında potensial əməkdaşlıq imkanları haqqında iştirakçıları məlumatlandırıb.

V.BİNYATOĞLU
XQ

Siyasət