Dünyanın sülhə ehtiyacı var

post-img

Azərbaycan Prezidenti beynəlxalq təhlükəsizlik və tərəqqi açarının məhz sülh olduğunu bir daha bəyan etdi

Azərbaycan Prezidenti İlham ­Əliyevin yerli və xarici mediaya müsahibələri, bir qayda olaraq, regional və beynəlxalq çağırışları özündə əks etdirir. Dövlət başçımızın yanvarın 20-də İsveçrənin Davos şəhərində iqtisadi forumda iştirakı çərçivəsində Çinin CGTN telekanalına müsahibəsi də bu qəbildəndir. Cənab Prezident növbəti dəfə ölkəmizin də daxil olduğu Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq aləmdə təhlükəsizliyin və tərəqqinin təminatı olacaq proseslərə yeni konseptual yanaşma ortaya qoydu.

Bu gün Azərbaycan qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Onu da qeyd etməyi vacib sayırıq ki, bu mürəkkəb və çoxvektorlu fəaliyyət çərçivəsində yürüdülən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır.

İstər ictimaiyyət nümayəndələri ilə görüşlərində, istərsə də yüksək rütbəli xarici qonaqları qəbul edərkən İlham Əliyev yeni reallıqlardan danışır, təkcə məğlub Ermənistanı sülh müqaviləsi bağlamağa çağırmaqla kifayətlənmir, həmçinin regionda inkişafa imkanlar yaradan yeni dövrün başlandığını, dünyanın sülhə və əməkdaşlığa ehtiyac duyduğunu bəyan edir: “Əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”. 

İlham Əliyevin dediyi kimi, hərə öz evinin abadlığı ilə məşğul olarsa, onda sülh də, sabitlik də təmin edilər. Bu gün Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Dövlətimizin başçısı bu sözləri Çinin CGTN telekanalına müsahibəsində deyib: “Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Prezident İlham Əliyev müsahibələrində regional və qlobal məsələlərlə bağlı ismarıclar da verir. Bu, dünya və bölgə məsələlərinə rəsmi Bakının mövqeyidir.

* * * 

Milli Məclisin deputatı, politoloq Asim Mollazadə XQ-yə açıqlamasında Prezident İlham Əliyevin hər zaman dünyada sülhün tərəfdarı kimi çıxış etdiyini bildirdi: “Cənab Prezidentin Çin telekanalına müsahibəsində dediyi sözlər onun həyata keçirdiyi xarici siyasətin əyani təzahürü sayılmalıdır. Azərbaycanın xarici siyasəti əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı maraqlara söykənən həm iqtisadi, həm də mədəni amillər üzərində qurulub. Ölkəmiz bu siyasi strategiyanı davamlı olaraq bölgədə və dünyada həyata keçirməyə çalışır. Bu, Azərbaycanın son illər yürütdüyü siyasətin əsas istiqamətlərini təşkil edir. Məhz bu zəmində gerçəkləşən fəaliyyətin mərkəzində, ilk növbədə, bölgədə nəqliyyat-kommunikasiya sistemlərinin formalaşmasını hədəfləyən siyasət dayanır. Bakı bu sahədə hamını əməkdaşlığa, qarşılıqlı maraqlar üzərində tərəfdaşlığa çağırır. Əlbəttə ki, bu zaman enerji daşıyıcılarının hasilatı, nəqli və mübadiləsi üzrə iqtisadi maraqlarla yanaşı, humanitar platformada – təhsil, mədəniyyət sahələrində də əməkdaşlıq Azərbaycanın maraq dairəsinə düşən prioritetlərdəndir. 

Ən önəmlisi isə bütün bu fəaliyyətlərin sülh və əmin-amanlıq şəraitində həyata keçirilməsinə nail olmaqdır. Bəli, bu gün dünyanın sülhə böyük ehtiyacı var. Bölgədə və beynəlxalq aləmdə sülhün bərqərar olması üçün Azərbaycan əlindən gələn hər şeyi edir. Prezident İlham Əliyevin istər yüksək tribunalardan, istərsə də media vasitəsilə dünyaya ötürdüyü mesajların, etdiyi qlobal çağırışların mərkəzində məhz bu istək və amal dayanır”.            

Dövlət başçımız CGTN telekanalına müsahibəsində Azərbaycanın bir sıra ölkələrlə əməkdaşlığından, tərəfdaşlığından, yaxın münasibətlərindən, eləcə də geniş spektrli mövzulardan da bəhs edib. Misal üçün, cənab Prezident Azərbaycan–ABŞ əlaqələrindən danışarkən son 4 ildə Bayden administrasiyasının ölkəmizə ədalətsiz yanaşması səbəbindən bu əlaqələrin tamamilə korlanmasını da qeyd edib. O, Trampın ABŞ-a öncəki rəhbərliyi zamanı ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi faktına diqqət çəkib. 

Cozef Baydenə bağlı ABŞ siyasi elitasının anti-Azərbaycan siyasətinin kökündə ermənilər qarşısında götürdüyü öhdəliklərə əməl etməsinin dayandığını vurğulayan İlham Əliyev artıq keçmişə qovuşmuş həmin administrasiyadan bundan artığını gözləməyin sadəlövhlük olduğunu açıq şəkildə bildirdi.

Artıq hamıya məlumdur ki, Baydenin prezidentliyi dövründə Ağ ev Ermənistana hərbi-texniki dəstək verib, maliyyə yardımı göstərib. İrəvanla strateji tərəfdaşlıq xartiyası imzalayan keçmiş administrasiya Azərbaycana qarşı ən böyük yalanı və saxtakarlığı 2024-cü il aprelin 5-də edib. Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə ABŞ–Aİ–Ermənistan razılaşması imzalanıb. Sonra məlum olacaq ki, sülhə xidmət etməyən həmin razılaşmada Ermənistana hərbi yardım və onunla əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Ötən dörd ildə itirən ABŞ oldu. Bu müddətdə iki ölkə regional və qlobal əhəmiyyətli layihələr həyata keçirə bilərdi. Prezident İlham Əliyev Baydenli illərin tarixə qovuşduğunu vurğulayaraq “biz yenidən başlayacağıq” deyəndə Azərbaycanın Ağ evin yeni administrasiyası ilə əməkdaşlığa hazır olması ismarıcını verdi.

* * *

İlham Əliyev bu müsahibəsində dünyanın iqtisadi cəhətdən super güclərinin Cənubi Qafqazda yürütdükləri siyasətlərinin uğurunun Azərbaycanla münasibətdən daha çox asılı olmasını təsadüfən xatırlatmadı. Axı, Azərbaycan bir çox parametrlərinə görə həm də Yaxın Şərq ölkəsidir. Bununla yanaşı, neft və təbii qaz istehsalçısı, habelə beynəlxalq əhəmiyyətli nəqliyyat xətlərinin keçdiyi məkan olaraq dünyanın diqqət mərkəzindədir. Məhz bu ­kontekstdən baxanda Azərbaycanın həm transmilli layihələrdə rolu, həm də sülhə verdiyi töhfələri danılmazdır.

Dövlət başçısı bu gün dünyada cərəyan edən hadisələrə özünəməxsus formada münasibət bildirərkən Kanada və Avropa İttifaqı liderləri arasında Donald Trampın prezident seçilməsi ilə ciddi qeyri-müəyyənlik və narahatlığın olduğunu deməklə  qlobal səviyyədə ismarıclar verdi. Bu zaman həmin liderlərin seçkidə dəstəklədikləri namizədlə bağlı incə məqama eyham vuraraq, Donald Trampın xarizmatik olduğunu, ABŞ-ın Aİ-də sözünün keçərliliyini, nüfuzunu önə çəkdi: “Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp daha yaxşı bilir. Artıq mən deyərdim ki, ilk ­diskvalifikasiya var. Bu, Kanadanın baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin”.

Azərbaycan Prezidenti Qərb liderlərinin Donald Trampa qarşı ədalətsiz davrandıqlarını deyərək, onu da bildirdi ki, onların buna görə cavab vermələrinin vaxtı gəlib çatıb. Cənab Prezident müsahibəsində Bayden hakimiyyəti ilə müqayisədə Donald Trampın prezidentliyi dönəmində dünyanın daha təhlükəsiz ola biləcəyini dedi: “Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın, ən azı, bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi”.

Müstəmləkə keçmişi olan bəzi ölkələri başqa ölkənin işlərinə müdaxilələrinə görə tənqid edən İlham Əliyev onların bu cür hərəkətləri olmazsa, münaqişələr, narazılıqlar, müharibələr də olmaz – deyə vurğuladı: “Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Bunun ardınca cənab Prezidentin söylədiklərinin altından xətt çəkərək oxucuların diqqətinə çatdırırıq: “Azərbaycan özünü daxili işlərinə müdaxilədən qorumağa müvəffəq olub. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.

* * *

Əslində, dövlətimizin başçısı bununla dünya ictimaiyyətinə, o cümlədən müstəmləkə keçmişindən əl çəkmək istəməyənlərə “Azərbaycanın daxili işlərinə qarışmağa çalışanlar ciddi müqavimətlə üzləşəcəklər” mesajını vermiş oldu. İlham Əliyev müsahibəsində dünyanın iki supergücü – Çin və ABŞ-ın qarşılıqlı münasibətini də dəyərləndirib. Azərbaycan lideri müsahibədə dünyanın qarşıdurmaya, biri-birinin daxili işinə müdaxiləyə, müharibəyə, təcavüzə deyil, sabitliyə, sülhə, əmin-amanlığa, əməkdaşlığa ehtiyacının olduğunu bir daha diqqətə çatdırıb. Bu kontekstdə cənab ­Prezident Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın bütün ölkələrin xeyrinə olacağını xüsusi vurğulayıb: “Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması dünya üçün yaxşı xəbərdir. Çinin Dövlət Sədri Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir”.  

Yazımızı çinli telejurnalistin liderliklə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavabla bitirmək istərdik: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək”.

Bir il bundan əvvəl məhz xalqın etimad göstərərək 5-ci dəfə Azərbaycan Respublikasının Prezidenti seçdiyi İlham Əliyevin siyasi liderliyi və diplomat səriştəsi, fəhmi və yenilməz əzmi ilə yurdda və cahanda sülhün bərqərar olmasına bundan sonra da ciddi töhfələr verəcəyinə əminik.

İmran BƏDİRXANLI 
XQ

 



Siyasət