İrəvanda ehtiraslar soyumaq bilmir

post-img

Qarabağdan köçən ermənilər “bəlkə də qaytardılar” xülyasına ümid edirlər  

Ermənistanda çoxsaylı müxalifət düşərgəsinə çevrilmiş “Qarabağ klanı” nə reallığı qəbul etmək istəyir, nə də hökumətlə yola gedir. Əksinə, Hayastan isteblişmentinin Bakının tarixin arxivinə göndərdiyi Qarabağ münaqişəsinin sona çatdığı və geriyədönüşün mümkünsüzlüyü barədə bəyanatları onlarda qıcıq yaratmaqda davam edir. Misal üçün, bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın jurnalistlərlə söhbəti zamanı səsləndirdiyi ittihamlar İrəvan hakimiyyəti ilə Qarabağı könüllü tərk etmiş separatçı tör-töküntüsü arasında yeni ictimai münaqişəyə gətirib çıxarıb. Buna səbəb əslən qarabağlı hay jurnalistin parlamentin sədrinə ünvanladığı “Ermənilər Qarabağa nə vaxt qayıda biləcəklər?” sualına gözlədiyi cavabı ala biməməsi olub. 

Suala “Ora nə vaxt təhlükəsiz olarsa, o zaman” formasında məntiqi cavab verən Simonyan ardınca açıq mətnlə Qarabağ ermənilərini cəsarətsizlikdə ittiham edərək Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı “yetərli müqavimət göstərmədiklərini” deməsi ehtirasları coşdurub. Bu azmış kimi, Alen Simonyan keçmiş qarabağlı soydaşlarına belə bir xatırlatma da edıb: “Sonra təhlükəli olduğuna görə oranı tərk etdiniz”.

Yəni, spiker demək istəyir ki, onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalıb, Xankəndidəki separatçı rejimlə birgə sona qədər mübarizə apara bilsələr də, çıxıb gediblər: “Siz hər şeyi atdınız – Ermənistanın verdiyi silahları, mülkünüzü və Qarabağı tərk etdiniz. Hər şeyinizi atıb qaçdınız. Amma mən demirəm ki, “qarabağlılardan” heç biri Qarabağ uğrunda döyüşməyib”. 

* * *

Bununla da kifayətlənməyən A.Simonyan növbəti açıqlaması ilə 2023-cü ilin sentyabrında Xankəndidə yaşananların həqiqi mənzərəsini gözlərimiz önündə canlandırıb: “Yəni oradan bizə zəng edib dedilər ki, biz gedirik, daha burada qala bilmərik. Sərhədləri açın, gedirik! Biz isə onlara cavab verdik ki, hamınız getsəniz, bəs orada kim döyüşəcək? Qalan əsgərlər? Cavabında ancaq üstümüzə qışqırdılar: Yox, yox, yox! Sərhədi açın, hamımız gedirik! Dedilər ki, sərhəddə atəş səslərini eşidən kimi Sünikdəkilərin hamısı yığışıb qaçacaq. Ona görə deyirəm ki, hamınız qalıb sona qədər mübarizə aparmalıydınız”. 

Parlament sədrinin “bəlkə də qaytardılar” xəyalından əl çəkə bilməyən hayların ünvanına səsləndirdiyi ittihamları sosial şəbəkələrin erməni seqmentində kin və qəzəb dalğasına, şiddətli tənqidlərə və təhqirlərə səbəb olub. Qarabağ separatçıları Alen Simonyanı “əxlaqsızlıqda və iradəsizlikdə” ittiham ediblər.

Azərbaycanın Qarabağ bölgəsində törətdiyi cinayət əməllərinə görə hazırda Bakıda məhkəməsi davam edən separatçı David Manukyanın qardaşı, parlamentdəki “Ermənistan” müxalifət fraksiyasının deputatı Qeqam Manukyan Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı məhv edilmiş qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçularının siyahısını dərc edib. O, A.Simonyandan “əsassız ittihamlar” səsləndirmək əvəzinə bu siyahını ucadan oxumağa çağırıb.

Bu arada Hayastan parlamentinin spikerinin məlum bəyanatından sonra ləğv edilmiş separatçı rejimin sonuncu “lideri”, özünü hələ də “DQR prezidenti” adlandıran Samvel Şahramanyan ictimai səhnədə peyda olub. O, parlament sədrini Qarabağ ermənilərindən “ictimai şəkildə üzr istəməyə” çağırıb, həmçinin Simonyandan həlak olan Qarabağ ermənilərinin adlarının açıqlanmasını tələb edib. 

* * * 

Köçəryan–Sarkisyan düşərgəsindən olan digər deputat Tiqran Abramyan isə təhlükəsizlik şurasının katibi, martunili Armen Qriqoryanın dövlət rəsmiləri tərəfindən Qarabağ ermənilərinə qarşı “təhqir və nifrətin qızışdırılmasına”  reaksiya verməməsindən hiddətləndiyini deyib.

Onun sözlərinə görə, Qriqoryan nəinki “təhqir və istehzanı” pisləmir, həm də Ermənistan hakimiyyətinin hazırkı şüarının – “Qarabağ Azərbaycandır və nöqtə!”nın tərəfdarlarından birinə çevrilib. Doğrudur, Ermənistanın hakimiyyət nümayəndələri ilə Qarabağı könüllü tərk etmiş separatçılar arasında ictimai qarşıdurmalar əvvəllər də qeydə alınıb.

Xüsusilə, baş nazir Nikol Paşinyanın çıxışlarının birində “Qarabağ xalqı iki milyard dollarlıq silahı buraxıb və 24 saat ərzində təslim aktına imza atıb” bəyanatından sonra daxildə siyasi atmosfer gərginləşmiş, keşiş Baqratın başçılığı ilə paytaxt İrəvanı və bölgələri etiraz dalğası bürümüşdü. Etirazçıların hökumətə cavab olaraq gətirdikləri “arqument” ondan ibarət olub ki, Ermənistan hakimiyyəti keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyaraq onlara, sadəcə, seçim imkanı qoymayıb.

Qarabağ separatçılarını “sona qədər döyüşməməkdə və silahlarını təhvil verməkdə” ittiham edən Ermənistan parlamentinin sədrinin açıqlamasından sonra qarşıdurma daha da kəskinləşib. O da sirr deyil ki, hay cəmiyyətinin daxilində mövcud iqtidara qarşı etriraz dalğasını körükləndirməyə hazır kifayət qədər “təşəbbüskar” var.  

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət