Yaxud Hayastan baş nazirinin daxili auditoriyaya ünvanladığı tezislərə sözardı
“Armenpress”də Nikol Paşinyanın məqaləsinin dərc olunması onun Fransaya səfəri ilə üst-üstə düşməsi təsdadüfi sayıla bilməzdi. Axı, o, “boss”un hüzuruna “sarsılmaz siyasi iradəyə” malik, həm də “sülhpərvər” lider kimi getməyi düşünürdü. Ermənistan baş nazirinin “Sülh üçün bütün ilkin şərtlər mövcuddur” sərlövhəli məqaləsi faktların və tarixlərin təhrifi ilə yanaşı, siyasi populizmdən məişət səviyyəli qeybətə qədər ritorika ilə zəngindir. Bu zaman Paşinyan sülh danışıqlarında iki ölkənin bugünədək əldə etdiyi uğurları alt-üst etmək, ağrımayan başına dəsmal bağlamaq taktikasını seçib. Özünü oxuculara yenə “sülh göyərçini” obrazında təqdim etməyə çalışan hayların baş nazirinin barışığa aparan doğru yolun səmtini səhv saldığı aşkar sezilməkdədir.
* * *
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyanın məqaləsində irəli sürdüyü iddialarla bağlı şərhində qeyd edir ki, ölkəmizin Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək, eləcə də dünya ictimaiyyətini diqqətini yayındırmaq məqsədini daşıyır: “Paşinyan ölkəsinin Azərbaycana qarşı təcavüzə hazırlığını inkar edir, əksinə, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin, guya, aqressiv mənasını əsas gətirərək ölkəmizə qarşı əks ittiham irəli sürür. Bununla da, o, Ermənistan ordusunun sürətlə yenidən silahlanmasına haqq qazandırmağa çalışır. Bu barədə yazır: “Ermənistan ordusunda aparılan islahatların Azərbaycanla əlaqəsi varmı? Bəli və yox. Yox, çünki yuxarıda izah etdiyim kimi, Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Bəli, çünki Ermənistanın təhlükəsizliyinə təhdidlər Azərbaycanın özündə formalaşır”.
Yəni, Paşinyanın sözündən belə çıxır ki, Azərbaycan Ermənistana hücum etmək barədə düşünür və buna hazırlıq görür. Rəsmi Bakı ən yüksək tribunalardan, həm də dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Bakının sülhə və əməkdaşlığa uzatdığı əlini min cür bəhanə ilə geri çevirən İrəvan ilkin şərtlərin mahiyyətini təhrif etməkdən çəkinmir.
Şərhdə daha sonra deyilir ki, İrəvan yenidən rəsmi Bakının dörd tələbinə, yəni beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtinaya, üçüncü dövlətlərin silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsindən imtinaya, ATƏT-in Minsk qrupunun buraxılmasına razılığa, ən əsası isə Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarının çıxarılmasına dair tələbinə məhəl qoymadan, sazişin imzalanmasına heç bir maneə olmadığını iddia edir: “Ermənistanın otuz ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan işğalçı dövlət olması və azərbaycanlılara qarşı etnik təmizləmə aktları törətməsi fonunda bu tələblər tamamilə ədalətlidir. İrəvan bu cinayətlərə görə peşman olmaq əvəzinə, tamamilə qeyri-adekvat təkliflər də irəli sürür. Guya, Ermənistan keçmiş işğalçı deyil, paritet əsasında sülhün zəruriliyi qənaətinə gəlmiş nəcib rəqibdir: “Ermənistan Respublikası Azərbaycana qarşılıqlı silah nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması üçün yazılı təklif təqdim edib və Azərbaycandan müsbət cavab gözləyir”.
Söhbət hansı cavabdan gedə bilər? Məgər Ermənistanın şərti sərhəddə yerləşdirdiyi Avropa İttifaqının yarıhərbi missiyasının “tərəflər arasında gərginliyin aradan qaldırılmasına töhfə vermək” yönündə məlum “fəaliyyəti” onun təklifini heçə endirmirmi?
* * *
Azərbaycan XİN rəsmisinin şərhində konkret olaraq vurğulanır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik işğaldan əlavə, üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox silahlı birləşməni saxlayan ölkəni təmsil edir: “44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir”.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Nikol Paşinyanın məqaləsini başdan-ayağa yalan və təhriflərlə dolu yazı adlandırdı: “Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Bu gün də həmin sabit və dəyişilməz mövqedən çıxış edir. Görünür, Paşinyan Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxlaması faktını yaddan çıxarıb. Onu da unudur ki, Ermənistan ordusunun 10 mindən çox əsgəri son ana qədər Qarabağda yerləşdirilmişdi. Bəs, Paşinyan Xankəndidəki separatçı rejimin “müstəqillik günü” ilə bağlı İrəvandan göndərdiyi təbrik teleqramını niyə yada salmır? Ermənistanın hərbi büdcəsi 2021-ci illə müqayisədə 2024-cü ildə bir neçə dəfə artıb 1,6 milyard dollar təşkil edib. İrəvan xaricdən aldığı silahlarla kimə qarşı müharibə aparmaq istəyir? Düşməninin kim olduğunu açıq şəkildə desin.
Azərbaycan müharibə tərəfdarı deyil, sülh tərəfdarıdır. Heç kəsə təhlükə yaratmaq kimi bir planı da yoxdur. O ki qaldı Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına, əlbəttə ki, burada beynəlxalq hüquq normaları, insan haqları ilə bağlı konvensiyalar, bəyannamələr var. Ermənistandan deportasiya edilən azərbaycanlılar məhz bu sənədlər əsasında ata-baba torpaqlarına qayıtmalıdırlar. Onlar əsrlər boyu həmin torpaqlarda yaşayıblar, Ermənistanda əhalinin böyük əksəriyyətini təşkil ediblər. Paşinyan bunu da unutmamalıdır. İndiki vəziyyətdə hayların baş naziri məlum məqaləni qələmə almaqla ya xaricdən onu dəstəkləyən qüvvələr, ya da daxili auditoriya üçün düşünülmüş tezisləri dövriyyəyə buraxıb. Bu isə Nikol Paşinyanın ciddi siyasətçi olmadığına dəlalət edir”.
Daha çox daxili auditoriyaya ünvanlandığı hiss olunan məqalədə baş nazir özünü dünyaya sülhsevər lider, “sülh göyərçini” kimi təqdim edir. Fəqət, onun məqalədə sülh sazişinin imzalanması üçün təklif etdiyi saxta şərtlərə diqqət yetirin: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi kifayət qədər ciddi və imzalanmaq üçün yetişib. Baxmayaraq ki, Ermənistan razılaşdırılmamış iki maddə üzrə hərtərəfli həll yolları təklif edib və Azərbaycandan müsbət cavab gözləyir”. Baş nazirin “sülhpərvərcəsinə” irəli sürdüyü silahlara nəzarət mexanizminin yaradılması barədə təklifinə gəldikdə isə deməliyik ki, 30 ildən artıq müddətdə Ermənistan bu mexanizmi ən kobud şəkildə pozub, deqradasiyaya uğradıb. İndi isə Fransadan, Hindistandan aldığı kütləvi qırğın silahlarını beynəlxalq nəzarət mexanizmindən gizlətməyə çaslışır. Amma İrəvanın bu qanunsuz və təxribatçı hərəkətləri Bakıya yaxşı məlumdur və buna qarşı lazımi tədbirlərini görür. Yenə yalan, yenə faktların və həqiqətin təhrif olunması. Aşkar görünür ki, Paşinyan özünün feyk-tezislərini təkcə yerli auditoriyaya deyil, həm də xaricdəki tərəfdaşlarının menyusuna üfürür. O, Azərbaycanla Naxçıvan arasında yolun açılması üçün əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırmağa çalışır. Yəni, mahiyyətcə heç bir əhəmiyyəti olmayan təkliflər irəli sürməklə anlaşılmazlıq yaradır, reallığı təhrif edir.
* * *
XİN rəsmisi şərhində haqlı olaraq qeyd edir ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Alma-Ata Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadları Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, eləcə də Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarına və Alma-Ata Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib. Bunlar inkarolunmaz dəlillərdir.
Bu gün Bakıda müharibə cinayətlərində təqsirləndirilən şəxslərin məhkəmə prosesini “səhnələşdirilmiş tamaşa” adlandıran Paşinyan Ermənistanın onilliklər ərzində Azərbaycana və dinc sakinlərimizə vurduğu yaralardan xəbərsiz kimi davranır. Çünki, o, məhkəmənin üzə çıxaracağı həqiqətlərlə üzləşməkdən qorxur.
Nikol Paşinyanın məqaləsində Hayastanın revanşist mahiyyətini ortaya qoyan qeydlərinə diqqət yetirin: “Bakıda keçirilən “teatrlaşdırılmış məhkəməni” Azərbaycanın milyardlarla dollar dəyərində silah alması və rəsmi Bakının aqressiv ritorikası ilə müqayisə etsək, aydın olar ki, Azərbaycanda Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaranır”.
Yəni, özünün “dərin diplomatik” mülahizələrində Paşinyan o qədər də irəli gedib ki, Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəməsini “teatral görüntü” adlandırır. Əslində, onun ədalət məhkəməsinə hörmətsizliyi, Azərbaycan xalqına qarşı hərbi cinayətləri dəstəklədiyi anlamına gələn bu məqaləsi elə separatizmin təbliğatına yönəlib. Sülh danışıqalrında rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyini pərdələmək istəyən Paşinyan ikitərəfli dialoqda irəliləyişi faktiki olaraq yalnız sərhədin delimitasiyası və demarkasiyası prosesi ilə məhdudlaşdırıb. Əgər Ermənistanın havadarları tərəfindən sürətlə silahlanması olmasaydı, bu, ziddiyyətlərin aradan qaldırılması üçün müsbət amil sayıla bilərdi.
Sülhün səmtini hələ də İrəvan–Paris marşrutunda axtaran Ermənistan baş naziri sanki haylarla müsyölərin saatları sinxronlaşdıracağı ana ümid edir. Demokratların Ağ evi tərk etməsindən sonra İrəvanla Vaşinqton arasında gizli bağların, emosional əlaqənin zəifləməsi fonunda Paris marşrutu tamamilə məntiqi sayılmalıdır. Digər tərəfdən, Parisin İrəvanın “məğlubedilməz” imicini saxlamaq istəyinin nə dərəcədə səmimi olduğuna Ermənistanın özündə şübhə ilə yanaşanların sayı kifayət qədərdir.
İmran BƏDİRXANLI
XQ