Davos zəfəri ənənəsi – dünyanın hesablaşdığı Azərbaycan

post-img

Prezident İlham Əliyevin liderliyi və DİF platforması 

Dünyanın böyük önəm verdiyi Davos İqtisadi Forumunda diqqətin Prezident İlham Əliyevə yönəlməsi ayrıca vurğulanmalı məqamdır. Ötən illərin təcrübəsinə əsasən bu xoş tendensiyaya, necə deyələr, öyrəncəliyik. Hərçənd, Azərbaycanın DİF-də hər iştirakçılığının yeni ovqat yaratdığını da söyləyə bilərik və qətiyyətlə vurğulayaq ki, bu ovqatın müəllifi dövlətimizin başçısıdır. 

Bəli, 130-dan çox ölkədən 350 hökumət nümayəndəsinin, 60 dövlət və hökumət başçısının, həmçinin nüfuzlu biznes strukturlarının, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, media, elm və incəsənət nümayəndələrinin qatıldıqları DİF-də diqqətlər cənab İlham Əliyevdə idi. Dövlətimizin başçısı ilə görüş keçirmək, təmas qurmaq üçün təşəbbüs göstərənlərin sayının çoxluğu belə deməyə əsas verir. Bunun səbəbləri barədə söz açarkən, ilk növbədə, dövlətimizin başçısının şəxsində ölkəmizə etibar amilini vurğulamalıyıq. Nəzərə alaq ki, Prezident İlham Əliyev dünyada sözü ilə əməli eynilik təşkil edən rəhbər kimi tanınır və bu cəhət onun siyasi liderlik keyfiyyətlərindəki başlıca halqanı təşkil edir. Dünya belə bir liderliyə hazırda daha çox ehtiyac duymaqdadır. 

Qlobal iqtisadiyyatda yeni artım mənbələrinə ehtiyac, biznes strategiyalarının geoiqtisadi və texnoloji dəyişikliklərə uyğunlaşdırılması zərurəti, beynəlxalq münasibətlər sistemindəki çətinliklər, çətinliklərdəki kataklizm təmayülü, silahlı münaqişələr, qlobal istiləşmə, ümumən iqlim dəyişmələri və nəhayət enerji böhranın formalaşdırdığı durum dünyaya, necə deyərlər, fərqli pəncərədən baxışı qaçılmaza çevirib. Deməli, müasir dövrə, daha doğrusu, dövrün formalaşdırdığı ab-havaya adekvat lider obrazı ilə cavab verilməlidir. Yəni, bu obraz yeni çağırışların ruhunu son dərəcə müfəssəl bilməli, ən başlıcası isə biliyinə strateji mahiyyət qazandırmalı, onu fundamentallaşdırmalıdır. DİF çərçivəsində İlham Əliyev liderliyinə maraq dövlətimizin başçısının məhz bu keyfiyyətlərin daşıyıcısı olması ilə əlaqədardır. Onu da nəzərə alaq ki, ölkəmizin liderinin görüşlərinin say çoxluğu və əhatəliliyi Davos İqtisadi Forumunu ölkəmiz üçün müstəsna platformaya çevirib. 

Bəli, Prezident İlham Əliyev dünyanı düşündürən məsələlərin həllinə Azərbaycan nəfəsi gətirməyi bacaran liderdir. Bu nəfəsdə ölkəmizin milli maraqlarının qorunması ön plandadır və dünya çox yaxşı dərk edir ki, müstəqil siyasət xəttimizdə milli mənafe amili ön plandadır. Dövlətimizin başçısının maraq və mənafelərimizin müdafiəsi əzmi Azərbaycanı beynəlxalq aləmə bərabərhüquqlu tərəf qismində təqdim edir. Elə bir tərəf ki, qarşılıqlı ­əməkdaşlıqdan həm fayda götürür, həm də əməkdaşlığı müştərək fayda ilə zənginləşdirir. İlham Əliyev liderliyi faydanın təminat faktorudur, onun sözü konkret qarantiyadır. 

Prezident İlham Əliyevin təklif etdiyi fayda formulları rasional düşüncənin məhsulu olmaqla uzunmüddətlidir, geniş məqsədləri hədəf seçir. Müasir dünya üçün bu, son dərəcə vacib amildir. Məsələ ondadır ki, hazırda bir çox münaqişə və ziddiyyətlərin kökündə maraq və mənafelərin uzlaşdırılmaması, onların reallaşması yolundakı parametrlərin düzgün seçilməməsi dayanır. Dövlətimizin başçısının erudik təfəkkürü, proqmatik düşüncə tərzi belə maneələrin aşılması üçün əngəl tanımır. Hesab edirik ki, dünyada da bunu çox gözəl anlayırlar və ona görə də Azərbaycanın DİF-ə gətirdiyi xüsusi nəfəsin hənirtisi ilə qızınmaq istəyənlər çoxdur və zaman göstərir ki, onların sayı ildən-ilə artır.

İlham Əliyev liderliyi DİF-i Azərbaycan üçün dünyaya ədalət ixracı baxımından da mühüm platformaya çevirib. Məlum olduğu kimi, ölkəmiz müstəqillik qazanandan bu yana ədalətsizliyin ikili standartlar, qeyri-bərabərlik kimi təzahürlərinə qarşı mübarizə aparıb. Ən əsası isə Azərbaycan məhz ədalətsizliklə mücadilə zəminində hazırkı yüksək inkişaf modelinə sahiblənməyi bacarıb. Dünyada da bu məqamı çox yaxşı bilirlər. Baxın, Prezident İlham Əliyevlə görüşə, təmasa can atan nüfuzlu şəxslərin bir çoxunun təmsil olunduqları ölkələr vaxtilə Azərbaycana qarşı qeyri-ordinar fəaliyyətə üstünlük verənlərdir. O ölkələr ki, hazırda dövlətimizin başçısının səyləri ilə formalaşmış ədalət ənənəsinin konseptuallığını hiss edirlər. Onlar Azərbaycanın tətbiq etdiyi model ilə barışırlar. Çünki bu model optimaldır, alternativsizdir. 

Hazırkı Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Müstəqillik illərində ölkəmizin yaşadığımız bu mürəkkəb tarixi-coğrafi məkanda oynadığı rol müstəsna əhəmiyyətə malikdir və liderliyi doğuran da məhz həmin roldur. Bunun əsası isə 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə qoyulub. 

Ümummilli lider formalaşdırdığı ­əməkdaşlıq ənənəsi ilə tarixən Rusiya ilə əlaqəli olan regionun qapılarını dünyaya açdı. İlham Əliyevin liderliyi nəticəsində isə Azərbaycan regionun həm qapısına, həm də açarına çevrilməyi bacardı. Hesab edirik ki, dünya bu həqiqəti də dərk edir. Həqiqəti inkar yolu tutanlar olsa da, ­dövlətimizin başçısının artıq ənənəyə çevrilmiş Davos zəfərləri dünyada ölkəmizin regionun lideri obrazını möhkəmləndirməklə yanaşı, beynəlxalq aləmin anti-Azərbaycan ritorikasına da ağır zərbə vurur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev ölkəmizin liderliyinə kənar təsirləri özündən uzaqlaşdırma müqaviməti qazandırıb. 

Bəli, Azərbaycanın xarici təsirlərə qarşı müqavimət potensialının mövcudluğu ölkəmizi hesablaşılan mərkəzə çevirib. DİF çərçivəsində dövlətimizin başçısının nüfuzunu şərtləndirən amillərdən biri də məhz budur. Ümumən, ölkəmizin liderinin DİF müstəvisində reallaşdırdığı fəaliyyət onu göstərir ki, Azərbaycan bu platformaya həm iqtisadi, həm də siyasi cəhətdən yanaşır. Belə yanaşma dövrün tələbidir. Çünki dəyişən dünya reallıqları fonunda iqtisadi amillərin siyasi amillər naminə təsir vasitəsinə çevrildiyini görürük. ­Mövcud tendensiyanın hökm sürdüyü hazırkı dünya düzənində ayaqda qalmaq, iqtisadiyyatın rəqabətyönümlülük qabiliyyətini artırmaq, eyni zamanda, siyasi səhnədə də müstəsna yaşam meyarı sayılır. Prezident İlham Əliyev Azərbaycanı hər iki cəhətdən möhkəmləndirməyi və gücləndirməyi bacarıb. Bacarığın təntənəsi 44 günlük müharibədə əldə etdiyimiz Zəfər idi. Dünya zəfərimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiyimizi gördü. Heç şübhəsiz, bu məqam beynəlxalq aləmin nəbzinin döyündüyü DİF-də də müşahidə edildi. Müəyyən mənada klişeləşmiş, ancaq günümüzlə səsləşən bir ifadə var ki, dünya gücün hökmranlığına tabedir. Nə böyük xoşbəxtlik ki, bu gün xarici aləmin nəzərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan var.

XQ-nin analitik qrupu



Siyasət