“Gürcü Arzusu” niyə Qərbdə bu qədər arzuolunmazdır?

post-img

MSK: “Parlament seçkiləri ilə bağlı iddialar əsassızdır”

“Hakim “Gürcü Arzusu” partiyası xarici “dostları”n əmrlərini yerinə yetirməkdən imtina edərək ölkənin sınaq poliqonuna çevirilməsinin qarşısını alıb”. Bu barədə Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, Ukrayna hadisələri başlayandan sonra xarici qüvvələr Gürcüstana daha çox maraq göstəriblər: “Ölkəmizə və hökumətə təzyiqlər edildi. Gürcüstandan onların maraqlarının poliqonu kimi istifadə edilməli, Rusiyaya qarşı ikinci cəbhə açılmalı idi. Bu, ölkəmizin maraqlarına, əhalinin dinc gələcəyinə təhlükə yaradırdı. Bundan imtina edildi. “Gürcü Arzusu”nun hökuməti onlar üçün qəbuledilməz oldu. Amma geri çəkilmədik. Bütün dünyaya göstərdik ki, prinsipialıq və ölkəmizi və dövlətimizi müdafiə etməyə gələndə həmişə belə olacağıq”.

Kaladze qeyd edib ki, Gürcüstan əhalisi ölkənin üzləşdiyi geosiyasi çağırışlarla bağlı “Gürcü Arzusu”nun prinsipial mövqeyini görüb və yüksək qiymətləndirib. Buna görə də seçicilər daha dörd il hakimiyyət cilovunu “Gürcü Arzusu”na etibar ediblər.

Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına daxil olmağa can atır, lakin heç kimə bu məsələdən ölkəyə qarşı şantaj vasitəsi kimi istifadə etmək hüququ vermir: “Heç kim balaca uşaqlar kimi bizdən xilas olmaq üçün Avropa İttifaqına daxil olmaq məqsədini tələyə çevirməməlidir”.

Kaladze Avropa diplomatiyasının sabiq rəhbəri Xosep Borrelin Gürcüstanda Moldova ilə müqayisədə mənzərənin “qaranlıq” olduğu barədə sözlərini xatırladıb. O vurğulayıb ki, artıq danışıqların başlandığı Moldova hələ də MDB-nin üzvü olaraq qalır."Bu, Avropa ədalətidir?”, – o deyib.

Kaladze etiraz aksiyalarına da toxunub: “Rustaveli prospektində nə görürük? Yaxşı təşkil olunmuş radikal qruplar, ekstremist təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici qüvvələr tərəfindən rəhbəri Salome Zurabişvili təyin edilmiş müxalifət partiyalar. Onlar xaricdən maliyyələşir, ölkədə əmin-amanlığı pozur, gərginlik yaradırlar”.

Qeyd edək ki, oktyabrın 26-da keçirilmiş seçkilərinin nəticələri parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi, onları dəstəkləyən QHT-lər və Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən rədd edilib. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, parlament seçkiləri ilə bağlı etirazçıların iddiaları əsassızdır: “Bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk”. Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir: “Seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər”.

Sənəddə deyilir ki, seçkilər qanun çərçivəsində yüksək peşəkarlıqla keçirilib və bu, beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in hesabatlarında təsdiqlənib. Bundan əlavə, seçki prosesi ilə bağlı səsləndirilən narazılıqların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin indiyədək konkret sübutlar təqdim olunmayıb.

Bütün bunlara baxmayaraq, Qərb müxalifəti dəstəkləməkdə davam edir. Gürcüstan hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında ittiham edir. Bu ölkədə “Xarici agentlər haqqında” və LGBT təbliğatını qadağan edən “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunların qəbulundan sonra münasibətlər daha da pisləşib.

Qərb ölkələri Gürcüstan hökumətinə yardımlarının bir hissəsini dondurub və ölkənin Aİ-yə inteqrasiyasını faktiki dayandırıb. ABŞ Gürcüstanla strateji tərəfdaşlığı və “Noble Partner” təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. Bundan əlavə, Birləşmiş Ştatlar 100-dən çox Gürcüstan vətəndaşına, o cümlədən nazirlər, deputatlar və təhlükəsizlik rəsmiləri üçün “demokratiyanı sarsıtdığına görə” viza məhdudiyyəti qoyub. Üstəlik, Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurini və Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəis müavini Mirzə Kezevadzeni “Maqnitski siyahısı”na əlavə edilib. ABŞ onları parlament seçkiləri (26 oktyabr) fonunda “xalqa ciddi təzyiq göstərməkdə və jurnalistlərə qarşı zorakılıqda” ittiham edib.

Aİ Gürcüstana yüksək səviyyəli səfərləri və Brüsseldə Gürcüstan hakimiyyəti ilə yüksək səviyyəli görüşləri və maliyyə yardımını dayandırıb. Bundan başqa, Avropa Komissiyası diplomatik pasportlara malik Gürcüstan vətəndaşlarının Aİ-yə girişini qadağan etməyi tövsiyə edib.

Britaniya Gürcüstanla strateji “Wardrop Dialogue” proqramını dayandırmaqla müdafiə sahəsində yüksək səviyyəli danışıqlarını ləğv edib. Gürcüstan Daxili İşlər Nazirliyinin beş yüksək vəzifəli əməkdaşına qarşı sanksiya tətbiq edib.

Aİ-nin ayrı-ayrı ölkələri – Litva, Latviya və Estoniya Gürcüstan vətəndaşlarına, o cümlədən Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə qarşı sanksiyalar tətbiq edib. Onlar Gürcüstan hakimiyyətini dinc nümayişçilərə qarşı repressiya və zorakılıqda ittiham ediblər.

P.ƏFƏNDİYEV
XQ

Siyasət