Ölkəyə 3 milyard manat yatırım daxil olub

post-img

Dünən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təlim keçirilib.

Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov bildirib ki, 2017-ci ildə fəaliyyətə başlayan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən kapital bazarlarına, təqribən, 3 milyard manata yaxın vəsait daxil olub. İpoteka və Kredit Zəmanət Fondunun ölkənin kapital bazarlarının inkişafına əvəzsiz töhfə verdiyini vurğulayan İ. Kələşov ötən illər ərzində fond tərəfindən kapital bazarlarına, təqribən, 3 milyard manata yaxın vəsait daxil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, fondun hazırkı dövrə olan istiqrazlarının həcmi 2 milyard manatdan artıqdır.

Fondun əsas nizamnamə kapitalının dövlət büdcəsindən formalaşdığını bildirən müşavir daha sonra deyib: “Artıq bizim nizamnamə kapitalımız 1,78 milyard manata yaxındır. Fond yüksək kapitallaşma səviyyəsinə malikdir. Kapitalın aktivlərə nisbəti 33,4 faiz təşkil edir”. İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev isə bildirib ki, 2018-ci ildən indiyədək zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin həcmi 98,8 milyon manat həcmindədir. Güzəştli ipoteka kreditləri verilmiş ümumi kreditlərin 32 faizini təşkil edib. “Verilmiş kreditlərin ümumi həcmində gənclərə, gənc ailələrə verilmiş kreditlərin göstəricisi 70 faizə yaxındır. Hazırda regionlarda verilmiş kreditlər isə 18 faiz həcmindədir”, – deyə o əlavə edib.

Bildirilib ki, fondun ipoteka kreditləri üzrə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, əlçatanlılığının artırılması məqsədilə 2018-ci ildən tətbiq olunan zəmanət mexanizmi nəticəsində artıq 11 region üzrə 1134 vətəndaş zəmanətli ipoteka kreditlərindən faydalanıb. Eyni zamanda, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə, ümumilikdə, 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 faizindən çoxunu gənclər təşkil edir.

Təlim zamanı media nümayəndələrinə İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. Tədbir çərçivəsində keçirilən “Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri” adlı seminarda fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib ki, indiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib. Bunun da 282,2 milyon manatlıq hissəsinə dövlət zəmanəti verilib.

Kreditlərin tikinti və emal sənayesi də daxil olmaqla müxtəlif sahələrə ayrıldığını vurğulayan fond rəsmisinin sözlərinə görə, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, 2022-2024-cü illərdə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 17 min 750-dən çox həyat və 40 min 661 əmlak sığortası müqaviləsi imzalanıb. Bundan əlavə, son 3 ildə fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə, ümumilikdə, 16,4 min əmlak qiymətləndirilib.

İştirakçılara ölkədə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

 

İqtisadiyyat