COP29 ölkəmizin iqtisadi inkişafına təkan verib

post-img

Bakıda keçirilmiş 29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirib. “Mastercard Advisors” biznes konsultasiya xidmətinin hazırladığı və “Mastercard”ın satış nöqtələri üzrə xərc məlumatlarına əsaslanan bu hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilərin bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirdiyi göstərir.

Sənəddə bildirilir ki, COP29 zamanı respublikamıza turist axını 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 148 faiz artıb. Bu rəqəm iqlim konfransının qlobal səviyyədə marağa səbəb olduğunu göstərib. Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236 faiz, sayı isə 178 faiz artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128 faiz yüksəlib.

Qonaqlama və iaşə sektoru COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanma üzrə xərcləmələr 400 faizdən çox artaraq əsas sənayelərə iqtisadi səmərə gətirib. Böyük məbləğli əməliyyatlarda da artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200 faizdən çox yüksəlib.

COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçi qrupu mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıb.

Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü bir daha yenidən nümayiş etdirir.

Qeyd edək ki, “Mastercard” dünyanın 200-dən çox ölkəsində iqtisadiyyatları dəstəkləyir. Eyni zamanda, geniş rəqəmsal ödəniş həllərini təşviq edərək əməliyyatların təhlükəsizliyini və əlçatanlığını gerçəkləşdirir. Texnologiya və innovasiyaları, tərəfdaşlıqları və şəbəkələri insanlar, bizneslər və hökumətlər üçün əlçatan edir.

 

İqtisadiyyat