Türkiyə Suriyada sabitləşmə və bərpa prosesinə fəal dəstək göstərir

post-img

Suriyada Bəşər Əsəd hakimiyyətinə son qoyulduqdan sonra ölkədə ictimai-siyasi vəziyyət sabitləşmək üzrədir. Artıq yeni hakimiyyət dövlət idarəçiliyi sahəsində yenidənqurma işləri aparmaqda, hökuməti formalaşdırmaqda, vacib infrastrukturu bərpa etməkdədir. Dünənki məlumata görə, rejimi devirmiş silahlı qruplaşmalarla özlərini buraxmaq və ölkənin müdafiə nazirliyinin rəhbərliyi altında birləşmək barədə razılığa gəlinib.

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, çoxsaylı silahlı qüvvələrin komandirləri Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara ilə görüşüblər. Keçirilən iclasda məhz silahlı qruplarla “özünü buraxmaq və müdafiə nazirliyinin rəhbərliyi altında birləşmək” barədə razılıq əldə olunub.

Ölkədə sabitlik yaradılmasına və bərpa işlərinə qardaş Türkiyə də ciddi kömək göstərir. Bir neçə gün əvvəl Türkiyə XİN başçısı Hakan Fidan Dəməşqdə olub və ölkənin gələcəyi ilə bağlı müzakirələr aparıb. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara tezliklə Hələbdə konsulluq açacaq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu isə Suriyanın bərpası barədə danışıb, bu ölkənin nəqliyyat və kommunikasiya sahələrinin yenidən qurulmasında fəal iştirak edəcəklərini bildirib. Onun sözlərinə görə, Suriyanın əsaslı şəkildə yenidənqurmaya ehtiyacı var: “Hazırkı mərhələdə Suriya əhalisinin ilk növbədə nəyə ehtiyacı olduğunu aydınlaşdırırıq. Ölkə dağıdılıb və xarabalığa çevrilib. Suriyanın bərpası yalnız vahid proqram çərçivəsində mümkündür”.

Nazir artıq bu ərəb ölkəsinin hava limanlarında lazımi işlərə başlanıldığını deyib: “Suriyada 5 hava limanı var. Dəməşq və Hələb hava limanları ön plandadır və yaxın vaxtlara qədər fəaliyyət göstərirdi. Ötən il Dəməşq hava limanı 100 minə yaxın sərnişinə xidmət göstərib. Müqayisə üçün qeyd edək ki, İstanbul Hava Limanı bu qədər sərnişini 5-6 saata daşıyır. Hələbdə bu rəqəm 50–60 mindir. Əvvəla, radar sistemi yoxdur. Cib telefonlarında nəzarət etdiyimiz hava radar sistemi proqramı var. Təsəvvür edin, onlar bu proqramdan istifadə edərək hava limanlarını idarə etməyə çalışıblar”.

Nazir Uraloğlu əlavə edib ki, bu hava limanlarında hələ də ötən əsrin 90-cı illərində istehsal olunmuş kompüterlərdən istifadə olunur: “Bu hava limanlarında rentgen aparatları və detektorlar müasir şərtlərə cavab vermir. Uçuş-enmə zolaqları ciddi şəkildə köhnəlib və bu yaxınlarda Dəməşqdən Hələbə ilk uçuş yalnız pilotların təşəbbüsü ilə həyata keçirilib. Yəni vizual müşahidə şəraitində heç bir sistem olmadan həyata keçirilib”.

O qeyd edib ki, ilk mərhələdə Suriya hava limanları və dəmir yollarının dirçəldilməsi üzərində işləyəcəklər: “Birinci mərhələdə biz Dəməşqə gedən dəmir yolunun bütövlüyünü təmin edəcəyik. 2009–2010-cu illərdə sərnişin qatarları hələ də bu marşrutla hərəkət edirdi. Amma hazırda hər şey dağıdılıb, infrastruktur və texniki elementlər oğurlanıb. Bu mənada hər şeyi sıfırdan bərpa etmək lazım gələcək”.

Nazir M4 və M5 magistrallarının Suriya üçün əhəmiyyətini vurğulayıb və əlavə edib ki, bu məsələ ilə Türkiyənin Avtomobil Yolları Baş İdarəsi məşğul olacaq. Bu istiqamətdə Milli Müdafiə Nazirliyi ilə birlikdə böyük həcmdə işlər görülüb, dağılmış körpülərin bərpasına başlanılıb.

Nazirin sözlərinə görə, Suriya rabitə baxımından Türkiyədən 20–30 il geri qalır və ölkənin bir çox bölgələrində mobil rabitə yoxdur: “Biz yerlərdə vəziyyəti ətraflı öyrənəcək, ölkənin bərpası və inkişafı üçün vahid plan hazırlayacağıq. Bu məsələdə kifayət qədər maneələr var. Bu mərhələdə Suriyanın, demək olar ki, hər şeyə ehtiyacı var. Məsələn, Suriya əskinaslarının Rusiya tərəfindən çap olunduğunu bilirdinizmi? Bir sıra belə ciddi problemlər var ki, onları tez bir zamanda həll etmək lazımdır. Ölkənin köklü bərpa və modernləşməyə ehtiyacı var”.

Suriyanın Aralıq dənizində mühüm limanlara sahib olmasına baxmayaraq, bunlar tənəzzül vəziyyətindədir: “Suriya limanları demək olar ki, inkişaf etməmişdir və ciddi investisiya tələb edir. Türkiyə bu bölgədə ticarət və iqtisadi əlaqələrin artırılmasında maraqlıdır. Bu baxımdan Türkiyə ilə Suriyanın çoxlu ortaq maraqları var. Limanları canlandırmaq və ticarəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Bütün bunlarla bərabər, Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vətənlərinə qayıdışı da sürətlənib. İndi bu insanlar Əsəd rejiminin həbsxanalarından azad olunmuş qohumlarını axtarmağa başlayıblar. Bu məqsədlə onlar Türkiyədə yerləşən Məhbuslar və İtkin Şəxslər Dərnəyindən kömək istəyiblər. Məlum olub ki, 2017-ci ildən bəri 4000-dən çox suriyalı ailə Əsəd rejimi tərəfindən saxlanılan və ya qaçırılan qohumlarını tapmağa çalışır. Dəməşq yaxınlığındakı bu bədnam həbsxana Əsəd rejimi zamanı amansız işgəncələri ilə tanınıb. Rejimin süqutundan sonra bu və digər həbsxanalarda saxlanılmış minlərlə məhbus sərbəst buraxılıb.

Türkiyənin Suriya ilə sərhədindəki Qaziantep vilayətində fəaliyyət göstərən Məhbuslar və İtkin Şəxslər Dərnəyinin əməkdaşları suriyalılara kömək etmək üçün ailələr və keçmiş məhbuslar arasında videozənglər təşkil edirlər. Təşkilatın təsisçisi Riyad Avların özü də Sednaya həbsxanasında 21 illik həbsdə olub və işgəncələrə məruz qalıb. 2017-ci ildə o, keçmiş məhbusların məlumatlarını toplayaraq məlumat bazası yaradıb.

Fatma əl-Həriri adlı qadın iki oğlu – 34 yaşlı Süheyb və 32 yaşlı Mehmet İqbalı axtarır. Hər ikisi rejim əleyhdarı olduqları üçün həbs olunublar. 58 yaşlı qadın bildirib ki, o, Suheyblə sonuncu dəfə 2012-ci ildə, həbsindən cəmi iki gün əvvəl telefonla danışıb: “Mən hələ də ümidliyəm və aidiyyatı orqanlardan tez hərəkətə keçmələrini xahiş edirəm”.

Ruveyda Rəcəb Aha on ildir ki, qardaşı Məhəmməd Həmzədən xəbər almır. Rejim əleyhinə danışan universitet tələbəsi polis tərəfindən aparılıb: “O, 2008-ci ildə həbs olundu və 2014-cü ilə qədər onunla görüşdük. Sonra əlaqəmiz kəsildi. Qardaşımı Sednaya həbsxanasında saxlayırdılar”.

O, Əsəd rejiminin süqutundan sonra xoşbəxtliyə qovuşduqlarını bildirib: “Biz canlandığımızı hiss etdik, sönmüş ümidlərimiz canlandı. Bu xəbəri eşidəndə hiss etdiyimiz xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil”.

Paşa ƏMİRCANOV
XQ

Dünya