Böyükdüzlü bağbanın “yaşıl əsər”i

post-img

Yaşadığı kənddə hamı onu ağaclara böyük sevgisi ilə seçilən birisi kimi tanıyır. 74 yaşı var. Bu yaşınadək müxtəlif sahələrdə çalışsa da, ağac əkməyi, ona qulluq etməyi ən çox sevdiyi məşğuliyyət hesab edib, bununla nəfəs alıb.

Həyatda çətinlikləri az olmayıb, təbiətə məhəbbəti hətta sağlamlıq imkanını da məhdudlaşdırıb – bir qolunu itirib. Ancaq ağac əkəndə sevinib, o boy atdıqca fərəhlənib, bar verdikcə arzusunun həyata keçdiyinə inanıb. Ağaclara öz övladı kimi yanaşıb, onların hər nazını çəkib, təkcə gündüzlər deyil, gecələr də onları yoluxub. Beləliklə, heç zaman əkilməyən şoranlaşmış torpaqlarda 5 hektarlıq bağ salmağa müvəffəq olub. Ən maraqlısı isə bunu öz təşəbbüsü ilə edib və inadkarlığı, zəhməti ilə yararsız, boş çöllük ərazini gülüstana çevirməyi bacarıb. Bununla da, tək əllə necə səs çıxarmağı hər kəsə sübut edib.

Hümbət Həsənov Kəngərli rayonunun Böyükdüz kəndində yaşayır. Uzun illər poçtalyon işləsə də, hər kəs onu bağban kimi tanıyır. Elə biz də bağban həmsöhbətimizlə onun əsl “iş yeri”ndə – Naxçıvan–Sədərək magistral yolunun kənarındakı bağda görüşürük. Söhbətə körpü salmaq üçün özünün həyat yolundan, bu işə necə könül verməsindən danışmağı xahiş edirik:

– Böyükdüz kəndinə 1966-cı ildə Şərur rayonunun Ərəbyengicə kəndindən köçmüşük. O zaman 16 yaşım vardı. Atamızı çox cavan ikən itirdiyimizə görə kiçik yaşlarımdan əməyə alışmışam, işləyib ailəyə kömək etmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra kəndimizin yaxınlığında gəc istehsal edən bir sex vardı, orada işləməyə başladım. Bu sex indiki Naxçıvan–Sədərək magistralının kənarında yerləşirdi. Bu ərazilər şoranlıq olduğundan burada heç bir ağacı ərsəyə gətirmək mümkün deyildi. Ancaq mən işlədiyim sexin yaxınlığında əkdiyim bir neçə ağaca mütəmadi qulluq edərək onları böyüdə bilmişdim. Bu ağaclar mənim daim diqqətimdə idi. Günlərin bir günü işə gələndə gördüm ki, yaxınlıqda bir çoban sürünü ətrafa yayıb, qoyunlar da, eləmə tənbəllik, yeni əkdiyim tinglərin çoxunun yarpaqlarını və şivlərini qoparıb yeyiblər. Buna görə də çobanla mübahisə etdik və gözləmədiyim anda çoban qəfildən bıçaqla qoluma bir neçə zərbə endirdi. Sonra iş yoldaşlarım gəldi və köməklik edərək məni xəstəxanaya apardılar. Çoxsaylı bıçaq zərbələri qolumda böyük fəsadlar yaratmışdı. Müalicə üçün Bakıya göndərilsəm də, sonda həkimlər qolumun kəsilməsi ilə bağlı qərar verdilər. İndiki dövr olsaydı, yəqin ki, əməliyyatla sağala bilərdim və qolum da kəsilməzdi. Nə isə, bu da bir qismət imiş.

Bir müddət sonra Naxçıvana qayıtdım. Uzun müddət sağ qolumun yoxluğuna inanmasam da, sonralar reallıqla barışmalı oldum. Zamanla özümü sol əllə yemək yeməyə, yazmağa, işləməyə alışdırdım. Artıq gəc sexində işləyə bilməzdim. Beləliklə, kəndimizdəki poçt şöbəsində poçtalyon olaraq işə başladım. O zamanlar belə deyildi. Hər gün qəzetlər gəldikdən sonra onları dəstə ilə yığaraq kənddəki abunəçilərin evlərinə paylayırdım.

Beləliklə, həm kəndimizdə, həm də 1978-ci ildən sonra rayon mərkəzində 40 ilə yaxın poçtalyon işlədim. Amma bu müddətdə ağac əkməkdən, onlara qulluq etməkdən heç yorulmadım. Bu işi o qədər sevirdim ki, kəndimizin magistral yola yaxın ərazisində ağaç tingləri əkməyə başladım. Ərazinin torpağı şor olduğundan burada heç bir ağac olmurdu. Məndən əvvəl də bunu təcrübədən keçirənlər olmuşdu, ancaq heç nə əldə edə bilməmişdilər.

– Bəlkə də, buna görədir ki, Böyükdüz camaatının çoxu mal-qara saxlamağa daha çox meyillidir, nəinki əkinçiliyə...

– Bəli, orası elədir, amma indi dövr də dəyişib. Böyükdüzün bir çox ərazilərinə su xətləri çəkilib. Artıq bizim bir çox ərazilərimizdə müxtəlif əkinlər keçirilir, ancaq şoranlıq ərazilər də az deyil. Elə mən də ilk dəfə indiki bağın yerləşdiyi ərazidə gilənar ağacları əkəndə çox keçmədi ki, hamısı qurudu. Onlara nə qədər qulluq etsəm də, istəyim baş tutmadı. Çoxları mənə dedi ki, özünü bu işlərlə yorma, əgər buralarda ağac bitsəydi, camaat çoxdan əkmişdi. Amma həvəsdən düşmədim. Növbəti ildə burada söyüd, iydə, tut tingləri əkdim və davamlı olaraq suvardım ki, torpağın şoranlığı getsin.

Düzdür, bir neçəsi qurusa da, salamat qalanları da oldu. Bundan sonra əkdiyim ağacların sayını daha da artırdım və öyrəndim ki, bu cür ərazilərdə ən çox iydə, tut kimi ağaçlar əkmək lazımdır ki, bu ağaçlar həm susuzluğa davamlıdırlar, həm də torpaq suvarıldıqca şoranlıq da gedir. Bunu da deyim ki, yol kənarındakı bu ağacları qorumaq da çətin idi. Çünki dediyiniz kimi, Böyükdüz kəndində mal-heyvan saxlayanlar çoxdur. Bu heyvanlar örüşə gedən zaman bağın yanından keçirdi. Yeni əkilmiş tingləri həm onlardan, həm də tanımadığım, ağaclara istənilən zaman zərər verə biləcək yoldan keçənlərdən qorumalı idim.

Aradan bir neçə il keçdikdən sonra istəyimə çatdım. Ağaclar böyüdükcə, onların zərər görmək ehtimalı da azaldı. Hazırda burada böyüyən ağaclar 5 hektar ərazini əhatə edir. Torpağın şoranlığı da gedib. İndi bu yaşıllıqların içərisində meyvə ağacları da az deyil. Ərik, gilənar, alma ağaclarının gətirdiyi meyvələrdən hər il əsgərlərimizə sovqat göndəririk, yoldan keçənlər də yeyirlər.

Hümbət kişi deyir ki, onda artıq bir vərdiş yaranıb, mövsümü olsa da, olmasa da hər gün sübh tezdən bağa gəlir, ətrafı nəzərdən keçirib sonra yenidən evə geri dönür. Havalar yaxşı keçəndə hətta axşamlar da bağa baş vurur. Bir sözlə, günün istənilən vaxtı bu zəhmətkeş insanı bağda görmək mümkündür. Buradakı ağacların hamısına öz övladı kimi yanaşır, onların hər birini nəzərdən keçirir, vaxtında aqrotexniki qulluq göstərir. Sevinir ki, indi insanlar onun əkib-becərdiyi bağın meyvəsindən yeyir, yayda sərinliyində istirahət edirlər.

Həmsöhbətimiz bunu da bildirdi ki, yaşıllıqlara, təbiətə olan sevgisi illər əvvəl rayon rəhbərliyinin də diqqətini cəlb edib. Buna görə də yolun digər tərəfində salınmış yeni tut bağı da ona həvalə edilib. Təsadüfi deyil ki, dövlətimiz tərəfindən əməyi qiymətləndirilən Hümbət Həsənov bir neçə il bundan əvvəl həm də “Rəşadətli əməyə görə” medalı ilə təltif olunub. Yeri gəlmişkən, Hümbət kişi bu il bir neçə hektar ərazidə taxıl da əkib. Amma özünün də dediyi kimi, əsl sevgisi ağaclaradır. “Ömür yetsə, digər şoranlıq ərazilərdə də yaşıllıqlar salacağam”, – deyir. Biz isə, öz növbəmizdə, ona “xeyirli olsun” diləklərimizi çatdırırıq.

Bəli, Hümbət Həsənovu hər kəs işgüzar, zəhmətkeş bağban kimi tanıyır. Ağac əkib-becərməyi, yaşıllıqlara qulluq etməyi özünün həyat tərzinə çevirən bu maraqlı və zəhmətkeş insan çoxlarımız üçün nümunədir. Onunla söhbətimiz uzun çəkir və bu görüş əsnasında ona bir neçə dəfə ünvanlamaq istədiyim, amma hər dəfə də ehtiyat etdiyim sualımı, nəhayət ki, dilə gətirirəm: “İndiyədək tək əllə işləmək sizə çətinlik yaratmayıb ki?” Zəhmətkeş bağban dedi: “Mən həyatda itirdiyim qoluma təəssüflənmirəm, əkib-böyütdüyüm ağacların qol-budaqları ilə nəfəs alıram”.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat