Məhkumlara peşə öyrədilir

post-img

Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin avqust ayından etibarən keçirilən pilot layihə üzrə hesabat təqdim olunub.

Hesabata əsasən, 12 avqust–19 dekabr tarixlərində 9 müxtəlif cəzaçəkmə müəssisəsində, ümumilikdə, 96 məhbusa təlim keçirilib və müvafiq sertifikatlar təqdim edilib. Layihədə Azərbaycan mətbəxinə həm nəzəri, həm də təcrübə baxımından bələd olan 5 aşpaz və texnoloq ekspert və təlimçi qismində cəlb olunub. Onlar məhkumlara aşpazlıq kursları keçib, onları yeni peşə bacarıqlarına və biliklərinə yiyələndirib, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətinin yaxşılaşdırılması və nəzarəti barədə zəruri məlumatlar veriblər.

Dövlət Turizm Agentliyinin məlumatına görə, hər bir cəzaçəkmə müəssisəsində aşpaz kimi çalışan məhkumlara kulinariya üzrə yerli mütəxəssislər tərəfindən nəzəri və praktiki dərslər təşkil edilib. Bu dərslər çərçivəsində mətbəx və anbarda tədarük prosesi, məhsulların düzgün saxlanılması, mətbəxdə işləməyin əsas prinsipləri, HACCP və İSO standartlarına uyğun sanitariya-gigiyena qaydaları, qida zəhərlənmələrinin qarşısının alınması və çarpaz çirklənmələrin idarə edilməsi öyrədilib. Eyni zamanda, menyunun düzgün seçilməsi, təqdimatı və texnoloji kartların hazırlanması mövzularına toxunulub. Milli mətbəxə aid dərslər, mətbəx mədəniyyəti, mövsümi yeməklər, sərinləşdirici içkilər və nümunələrin hazırlanma texnologiyasını əhatə edib.

Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrində aşpaz qismində fəaliyyət göstərən məhkumların mətbəx bilikləri üzrə maarifləndirilməsi, həmçinin paralel olaraq cəzaçəkmə müəssisələrinin mətbəxinin təkmilləşdirilməsidir.

Qəzənfər QASIMOV
XQ

Sosial həyat