Ümid müsbət xarakterizə olunan hissdir. Həm də bəşər övladını ən çıxılmaz vəziyyətdə də tərk etməyən duyğu, inanmaq istədiyi nəticəni qazanacağına sonuncu istinad nöqtəsidir. Sadəcə, bu hiss boş fərziyyələrə deyil, reallığa söykənməlidir. Onda bu hiss özünü doğruldur. Əks-təqdirdə, o, yanlış təlqinə, özünüaldatmaya çevrilir.
Necə ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı xeyli müddətdir özünü yalandan ümidləndirməklə, özü-özünə təskinlik verməklə məşğuldur. Ermənistan xarici işlər naziri Aratat Mirzoyan Azərbaycanla sülhə nail olmağın bir addımlığında olduqlarını, hazırda mövcud vəziyyətin onlar üçün “ümid anı”na çevrildiyini ərz edib. O, bu barədə soydaşlarına müjdə verərək, artıq sülh müqaviləsinin 17 maddəsinin 15-i üzrə razılıq əldə edildiyini bildirib. Mirzoyan sülhün kandarı kəsdirdiyinə nikbinliklə dolu bu məlumatı Finlandiyanın “Lannen Media” xəbər agentliyinə müsahibəsində açıqlayıb.
“Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülhü bərqərar etmək imkanımız var. Əminəm ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”. Hayların baş diplomatı bu sözləri indi deyil, cari ilin iyun ayında demişdi. Ondan sonra da, COP29 ərəfəsində də oxşar nikbin proqnozları dilə gətirmişdi.
Bəs, nə oldu? Mirzoyanın “ümid anı” nədən bu qədər gecikir? Ləngimənin səbəbi, yaxud səbəbləri nədir? “Düşünürəm ki, biz Bakıda keçiriləcək COP29 iqlim sammitinə qədər müzakirələri başa çatdırıb sazişi imzalaya bilərik. Təəssüf ki, bu, baş vermədi, lakin biz indi bunu mümkün qədər tez etməyə hazırıq. Hətta deyə bilərik ki, bu, bizim üçün bir “ümid anı”dır. Bəli, demək istəyirəm ki, biz sülhə çox yaxınıq. İki dövlətin və cəmiyyətin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var. Çətin keçmişi unutmalıyıq”.
Bəli, ötüb keçənləri unutmaq, bağışlamaq çətindir. Bakı bədnam qonşuların xalqımıza, 30 il işğal altında saxladıqları torpaqlarımıza qarşı etdikləri vəhşilikləri sülhün, əmin-amanlığın xatirinə unutmağa hazır olduğunu dəfələrlə bəyan edib. Sözdə İrəvan da bununla razılaşdığını ərz edir: “Bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var”. Mirzoyan bu sözləri 2020-ci il müharibəsindən sonra Ermənistanda yaranmış daxili siyasi böhranla bağlı deyib.
“Ölkənin baş naziri, hökuməti və siyasi komandası növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Biz xalqın yanına gedib iki şeyi soruşduq: daha dərin demokratik islahatları və sülh gündəmini, yəni hökumətin siyasətini dəstəkləyirlərmi? Biz yenə də səs çoxluğunu aldıq. 2026-cı il seçkilərində bu sualı bir daha verəcəyik. Baxmayaraq ki, sorğular da hökumətin siyasətinə dəstəkdən xəbər verir”. Bunu isə hayların baş naziri deyib.
Rəsmi İrəvanın sülh oyunlarının altında nəyin gizləndiyi üzə çıxır, “xoruzun quyruğu” görünür. Onun “xoşməramlı” sülh ritorikasının arxasında qarşıdan gələn seçkilərdə elektoratın etimadını və deməli, səsini qazanmaq planları gizlənib. Əslində, Mirzoyanın bəlağətli sülh açıqlamalarının əsas hədəfi qarşıdakı seçkilərdə qələbə qazanmaqdır.
Hazırda iqtidarın diqqətinin ölkənin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəldiyini deyən hayların baş diplomatı Ermənistanın çiçəklənməsinə, daim müasirləşməsinə, demokratikləşməsinə diqqət yetirdiyini vurğulayır. “Dünya dəyişir. Cəsarətli siyasi qərarlar qəbul etməyin məqamı ola bilər” fikrinin müəllifinin “ümid anı”na olan ümidlərinin tezliklə doğrulacağına biz də inanmaq istərdik. Amma Paşinyan komandası özünün sürüşkən sülh diplomatiyası, siyasi-ideoloji avantürizmi ilə onlara inam limitimizi tükəndirib.
Bakı İrəvandan konkret addımlar gözləyir. Bu addımların nədən ibarət olduğunu təkrarlamağa lüzum qalmayıb.
İ.HƏSƏNQALA
XQ