Liderin quruculuq kursu

post-img

VII məqalə

Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Güclü dövlət konteksti

XXI əsrdə Böyük millət quruculuğunun güclü dövlət konteksti prinsipial siyasi, geosiyasi və davamlı inkişaf çalarları vardır. Bu prinsipi bütövlükdə müasir müstəqil dövlətlərin hər birinə aid etmək olar. Məsələnin mahiyyəti onunla bağlıdır ki, XXI əsrdə milli inkişaf, millətin kimliyi kimi məsələlər sıx surətdə milli dövlətin kimliyi ilə bağlıdır. Bu aspektdə siyasi, milli və dövlət identiklikləri vəhdət təşkil edir. Həmin anlayışların məna və məqsədcə bir-biri ilə yüksək dərəcədə bağlı olması millət anlayışına da fərqli yanaşma ehtiyacını ortaya qoymuşdur.

Bu baxımdan Azərbaycanda Böyük millət quruculuğu prosesi milli, regional və qlobal şərtlərin sintezində aparılır. Öncəki tarixi mərhələlərdən fərqli olaraq öncə millət quruculuğu sonra dövlət və ya geosiyasi status, iqtisadi, hərbi və s. güc məsələsini qoymaq artıq fayda vermir. Cəmiyyətlə dövlətin bir-birini şərtləndirərək və motivə edərək vahid sistem kimi birgə inkişafı zərurətdir.

Çox əhəmiyyətlidir ki, XX əsrin 90-cı illərində Heydər Əliyev məsələni məhz bu kontekstdə qoymuşdur. O dövrdə Ulu öndər güclü dövlət konseptini faktiki olaraq cəmiyyətin yeniləşməsi və milli ideyanın həyata keçməsi fonunda formalaşdırmışdır. Bu, özünün konkret ifadəsini milli ideyanın mərkəzinə dövlətin əsas atributlarından olan ərazi bütövlüyü və suverenliyin təmininin gətirilməsində tapmışdır. Yəni güclü dövlət konseptinin əsas şərtlərindən biri milli ideyanın dövlət atributlarının reallaşmasını təmin etməsi ilə bağlıdır. Bu şərti müstəqil dövlət quruculuğunda dövlətin gücünün mənbəyinə millətin ideyası, mənəviyyatı və iradəsinin qoyulması kimi qəbul etmək olar. Bizcə, bu, çox mühüm faktordur.

Digər cəhət iqtisadi gücün təminidir. Bu istiqamətdə 1993-cü ildən başlayaraq, konkret hədəfə uyğun siyasət aparılır. Onun başlıca əlamətləri yeni enerji strategiyasının mərkəzində dayandığı kompleks şəkildə iqtisadi infrastrukturun yaradılmasından ibarətdir. Bu proses “Əsrin müqaviləsi”, yeni əməkdaşlıq platformalarının həyata keçməsi və müasir texnologiyaların tətbiqi ilə bağlıdır. Azərbaycan Respublikası iqtisadi gücünü davamlı olaraq artırmaqla qarşısına qoyduğu məqsədə çatmışdır. İndi ölkəmiz regional gücdür. Eyni zamanda, regionlararası miqyasda səmərəli layihələrin təşəbbüskarıdır. Onların reallaşmasında fəal iştirak edir. Enerji sferasında isə Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biridir. Həmin istiqamətdə Azərbaycanın uğurları davam edir. Avropa İttifaqı rəsmiləri Azərbaycanın bu məsələdə rolunu açıq etiraf edirlər.

Nəhayət, güclü dövlətin yalnız güclü cəmiyyətin mövcudluğu şəraitində uğurlu ola bilməsi anlamının mövcudluğunu qeyd etmək gərəkdir. Bu, cəmiyyətin daxili birliyi ilə regional və qlobal həmrəyliyin maksimum ahəngdarlığının təmini məsələsini önə çəkir. Çünki bu anlam dövlət identikliyi ilə milli identiklik arasında harmoniyanın yaranmasının başlıca şərtidir. Beynəlxalq təcrübə göstərir ki, vurğulanan şərt ödənmədikdə müstəqil dövlətin dünya miqyasında statusu təsdiqini tapmır. Dövlətin müstəqillik aspektində kimliyi aydın və dəqiq olmalıdır. Həmin kimlik toplumun (millətin) birliyi üzərində qurulursa, dövlət identikliyi real pozitiv məzmun alır. Onun təmsilçisi isə xarici siyasət kursu olur. Burada dövlət identikliyində cəmiyyətin gücünün təsiri kontekstində incə bir fəlsəfi məqam mövcuddur.

Ümumiyyətlə, dünya üzrə dövlətçilik tarixində xarici siyasət iki istiqamətdə cəmiyyətin kimliyini ifadə edir Birincisi, xarici siyasətdən başqalarına təzyiq və təsir ertmək üçün istifadə edirlər. İkincisi, cəmiyyətin birliyi və mənəvi dəyərləri əsasında xarici siyasət dövlətin identikliyini formalaşdırır. Birinci model dövlətin aqressiv və təzyiqedici imicini yaradır, ikinci isə kollektiv fəaliyyət əsasında əməkdaşlıq və dostluğa, qarşılıqlı hörmətə xidmət edir.

Ancaq dövlət identikliyinin münasibətlərdə kollektivçi əməkdaşlıq mühitini yaratmasının kökü ölkə cəmiyyətinin daxili birlik forması və məzmunundan asılıdır. Sosial həmrəyliyin ruhu, əsas əlamətləri və məqsədi dövlətin xarici siyasətini kollektiv yaradıcı edə bilir. Məhz bu anlamda xarici siyasət dövlət identikliyini formalaşdıra bilir.

Deməli, Azərbaycanın dövlət quruculuğunun milli ideya kontekstində başlıca əlaməti cəmiyyətin birliyi və bütün sosial kəsimlərin həmrəyliyində milli ilə bəşərinin harmoniyasına əsaslanması ilə bağlıdır. Onu təmin etməyin mexanizmləri azərbaycançılıq və multikulturalizmdir.

Daxili birlikdən beynəlxalq miqyasda dövlət identikliyinin formalaşmasına transformasiya güclü dövlətlə güclü cəmiyyətin vəhdətini təşkil etməkdə əsaslı rol oynayır. Çünki güclü, bütöv və milli ideyası olan cəmiyyətlə dövlətçilik strategiyasının uyğunluq təşkil etdiyi ölkədə etibarlı güclü dövlət qurula bilər. Məsələnin digər aspekti daha aktual olan Böyük millətin formalaşması ilə bağlıdır.

Böyük millətin güclü dövləti

Avropa üçün bu sual XVII-XVIII əsrlərdə aktual idi. Tədqiqatçılar dövlətdən millətə və millətdən dövlətə tarixi keçidlərlə bağlı çox yazmışlar. Lakin heç də hər bir ölkə Avropanın keçdiyi yolda deyildir. Hər cəmiyyətin özünün təcrübəsi ola bilər.

Bundan başqa, Azərbaycan qədim dövlətçilik və güclü cəmiyyət yaratmaq ənənəsinə malikdir. Tarix boyu bir neçə imperiya qurmuş bir millətin özü başqalarına nümunə ola bilər. Bununla yanaşı, hazırkı mərhələdə dövlət – millət münasibətləri həm dövlət idarəedilməsi, həm də, ümumiyyətlə, onların qarşılıqlı əlaqəsi baxımından prinsipial məqamlarla xarakterizə olunurlar. Xüsusilə, XX əsrin son onilliyindən başlayaraq, bütövlükdə dünya miqyasında dövlət-cəmiyyət münasibətləri, o cümlədən, güclü dövlət–güclü cəmiyyət münasibətləri fərqli məzmun almağa başlamışdır.

Bu aspektdə Azərbaycanda güclü dövlət quruculuğunun yeni cəmiyyət (müəyyən anlamda Böyük millət) quruculuğu ilə qarşılıqlı əlaqədə aparılması fərqli xüsusiyyəti ortaya qoyur. Burada prinsipial məqam ondan ibarətdir ki, dövlətin gücü mənəvi, əxlaqi, ideoloji, mədəni aspektlərdə toplumun bilik modelindən qaynaqlanır. Buna görə də güclü Azərbaycan Respublikası güclü millət anlayışına əsaslanır. Burada aparıcı və həlledici rolu isə lider oynayır.

Deməli, əslində, yuxarıdakı yarımbaşlıqda qoyulan sualın cavabı güclü dövlətlə güclü cəmiyyətin (millətin) bir-birini tamamlaması kontekstində əhəmiyyətlidir. Onlar bir-birinin ardınca deyil, obrazlı desək, iç-içə, harmoniya şəklində və bu mənada bir-birini tamamlayaraq Azərbaycan nümunəsini yaradırlar. Bunun fonunda böyük millət quruculuğu maraqlı bir şəkildə müstəqil dövlət quruculuğu ilə vəhdət təşkil edir. Böyük millətdən güclü dövlətə və güclü dövlətdən Böyük millətə keçid vahid bir prosesin sadəcə, iki aspektini təşkil edir.

İlham Əliyev bu əsasda Vətən müharibəsi ilə müasir müstəqil Azərbaycanın tarixinin siyasi və dövləti aspektlərdə bir mərhələsinin başa çatdığı tezisini irəli sürür. Bu mərhələnin başlıca əlamətləri olaraq tarixi ədalətin bərpasını, milli ləyaqətin yenidən dirçəlməsini və hüququn təmin edilməsini görür. Bu ümumi nəticə “çətiri” altında müstəqil dövlətçiliyin şərtlərinin tam oturuşması, vətəndaş cəmiyyətinin formalaşması və dövlətin geosiyasi statusunun dəqiqləşməsi xüsusi əhəmiyyət kəsb edir.

Məsələnin bu cür qoyuluşu istər-istəməz əhəmiyyətli bir məsələni ortaya çıxarır. Yəni bu vəhdətdə əsas məqsədlər nələrdən ibarət olmalıdır? Güclü dövlətin Böyük milləti və ya böyük dövlətin güclü milləti praktikada hansı məqsədləri və əlamətləri ilə seçilə bilər?

Prezident həmin kontekstdə başlıca məqamları Azərbaycanın strateji inkişaf kursu çərçivəsində bir neçə kriteriyalar üzrə müəyyən etmişdir. Onlar aşağıdakılardır: 1) Dayanıqlı strateji inkişaf;

2) “Yaşıl ölkə” quruculuğu; 3) Yüksək rifah cəmiyyəti quruculuğu (fəzilətli millət quruculuğu); 4) Güclü türk birliyini cəmiyyət və dövlət miqyaslarında özündə ehtiva edən Türk Dövlətləri Təşkilatı (TDT) quruculuğu və bütün bu hədəfləri reallaşdırmanın başlıca mexanizmi olan regional –

regionlararası – qlobal miqyaslarda liderlik missiyası ilə fəaliyyət miqyasının yeni məzmunu (həm şəxsiyyətin siyasi liderliyi, həm də dövlətin regionlararası miqyasda liderliyinin bir-birini şərtləndirməsi aspekti).

Dayanıqlı strateji inkişaf

İndi dünyanın hər bir qətiyyətli, əsl müstəqil, tam suveren və tərəqqi etmək xətti seçmiş dövləti üçün dayanıqlı inkişaf yalnız sosial, iqtisadi, təhlükəsizlik və idarəetmək xüsusiyyətləri ilə bağlı olan məsələ deyildir. Dinamik inkişaf geniş anlamda cəmiyyətin və millətin özünütəşkili və qarşısına qoyduğu məqsədlərlə sıx bağlılıqda götürülür. Bu, XXI əsrin dövlətçilik kontekstində meydana gətirdiyi yeni fəlsəfi və politoloji məqamdır. Məsələ həm “dövlət” və “millət” anlayışlarının, ümumiyyətlə, kollektiv miqyasda “inkişaf nədir?” sualına cavab axtarışları ilə bağlıdır. Müasir fəlsəfi, elmi və politoloji təfəkkürdə sosiumda inkişafın sosial, siyasi, təhlükəsizlik, iqtisadi və s. aspektləri ilə mənəvi, mədəni, əxlaqi, ideoloji tərəflərin vəhdəti ilə müəyyən olunduğu kimi yekdil mövqe vardır. Yəni yalnız iqtisadi tərəqqi qalıcı inkişaf sayılmır.

Və yaxud təhlükəsizliyin təmininin yüksək olduğu ölkələrdə qalıcı inkişafdan danışmaq doğru deyildir. Burada mütləq surətdə iqtisadi, sosial, siyasi, texnoloji, kommunikativ, informasiya və digər aspektlərlə millətin özünüyaratması (və ya özünütəşkil) fəlsəfəsinin sıx əlaqəsi vacib şərtdir. Hətta süni intellektin cəmiyyətə tətbiqi və ya bəşəriyyətin Böyük keçidinin humanitarlıq və sosial ədalətlilik konteksti belə mənəvi, mədəni və əxlaqi faktorların əhəmiyyəti ilə əlaqələndirilir.

Onda avtomatik olaraq, milli ideyaya əsaslanan tarixi dövrləşdirmədə dayanıqlı inkşaf məqamı xüsusi yer tutmalıdır. Eyni zamanda, dayanıqlı inkişaf məsələsi strateji sənədlərdə əsas hədfələrdən biri kimi xüsusi məzmunda verilməlidir. Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişaf strategiyasına aid sənəddədki Milli Prioritetlər sırasında dayanıqlı inkişaf məhz həmin kontekstdə nəzərə alınmışdır. Bununla da etibarlı inkişaf faktoru strateji hədəflərdən biri kimi müxtəlif aspektlərin vəhdəti olaraq güclü dövlət və böyük millət quruculuğu kursunda özəl məzmun almışdır. Azərbaycan Prezidenti müasir tariximizdə ilk dəfə olaraq məsələni bu dərəcədə əhəmiyyətli kontekstdə qoymuşdur.

Deməli, etibarlı strateji inkişaf, sadəcə olaraq, vəzifə deyildir, fəlsəfi və politoloji məzmunu olan və nəzəri-konseptual aspektdə praktiki-tətbiqi tərəfi özündə ehtiva edən yeni strateji termindir. Belə inkişaf faktoru vurğulanan kontekstdə böyük millətin güclü dövlət qurmaq kursunun başlıca əlamətlərindən biri kimi qəbul edilməlidir. Millətn böyüklüyü ölkənin və dövlətin müstəqil olaraq etibarlı inkişafını təmin etməklə sıx bağlıdır!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət