Qərb Gürcüstanda prezident seçkisinə hansı ssenari ilə gedəcək?

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Gürcüstanda siyasi gərginlik kulminasiya nöqtəsinə çatdı və sındı. Hadisə yerindən reportaj hazırlayan xarici jurnalistlər xəbər verirlər ki, noyabrın 28-dən başlayaraq parlament binasının qarşısında toplaşan etirazçıların sayında dekabrın 5-dən etibarən azalma müşahidə olunur.

Düzdür, Qərb mediası aksiyaların hələ də şiddətlə davam etdiyini yazır, insanları bu aksiyalara cəlb etmək üçün təşviqat aparırlar. Köhnə çəkilişləri yenidən paylaşaraq izdiham effekti yaratmağa çalışır. Amma reallıq budur ki, sonuncu, sayca 8-ci olan aksiya dekabrın 5-də faktiki olaraq bitib. Dekabrın 5-dən 9-na qədər olan dövrdə epizodik halları nəzərə almasaq, nisbi sakitlik yaranıb. Ən əsası, parlament binası qarşısında aksiyaları gecə saatlarında davam etdirənlərin sayı minimuma enib.

Görünən budur ki, “Gürcü Arzusu” Qərbin təzyiqləri qarşısında duruş gətirə bildi. Ölkənin suverenliyini təhdid edən tələbləri geri çevirməyi bacardı. ABŞ və Avropa İttifaqının intensiv hədələrinə rəğmən, hakim komanda 26 oktyabr seçkilərinin nəticələrini ləğv etmədi. 4 müxalifət partiyasını parlamentə cəlb etmək naminə alçaldıcı sövdələşmələr aparmaqdan yayındı. Səsvermədə qazandığı 54 faizlik seçici üstünlüyünə, xalqın etimadına güvənərək, yeni hökumət kabinetini təkbaşına formalaşdırdı. Əlavə olaraq, Qərbin sanksiya təhdidlərinə cavab olaraq, noyabrın 28-də bəyanat yayaraq, Avropa İttifaqına üzvlüklə bağlı danışıqları özü dondurdu. Baş nazir İrakli Kobaxidze Avropadan “ləyaqətlə, ədalətlə və şantaj olmadan aparılan danışıqlar” tələb etdi.

İnsidentlərin tamamilə aradan qalxması, Gürcüstanda normal həyatın bərpa olunması üçün indi bircə addım qalıb. Yəqin ki, “Gürcü arzusu” Qərbin əlaltısı rolunda çıxış edən prezident Salome Zurabişvilini dekabrın 14-də yola salacaq və prosesə yekun vuracaq.

Doğrudur, Zurabişvili bəyanat yayaraq dekabrın 14-də Gürcüstan prezidenti postunu tərk etməyəcəyini açıqladı. Amma onun 2 gün öncə gözlənilmədən Fransa Respublikasına səfər etməsi vəziyyəti dəyişib, yeni ehtimallar yaradıb. Prezident Administrasiyası məlumat yayıb ki, Salome Zurabişvili ölkədə baş verən hadisələrlə bağlı məsləhətləşmələr keçirmək üçün Avropa turnesinə çıxıb. Hansı ki, onun kimlərlə görüşəcəyi, Qərb liderlərindən nə istəyəcəyi barədə heç bir məlumat açıqlanmır.

Siyasi təhlilçilər ehtimal edirlər ki, xanım Zurabişvilinin “işgüzar səfər” adlandırdığı bu gediş onun ölkədən son gedişi də ola bilər. Yəni, xanımın bir daha Gürcüstana geri dönməyəcəyini düşünənlər var. Bu ehtimal müəllifləri qeyd edirlər ki, Gürcüstanın hüquq-mühafizə orqanları son aksiyalar zamanı təxribatlar törədən, bu səbəbdən həbs edilən müxalif partiya liderlərinin ev və ofislərində axtarış apararkən pirotexnikalarla yanaşı, çoxlu sayda məxfi sənəd də götürüblər. Qərb xüsusi xidmət orqanları tərəfindən hazırlanan, Gürcüstanda çevriliş planlarını ehtiva edən bu sənədlərin Salome Zurabişviliyə də bağlılığı var. Dekabrın 14-də səlahiyyət müddəti başa çatdıqdan sonra xanım prezidentin bu sənədlər əsasında istintaqa cəlb ediləcəyi ehtimalı yüksəkdir.

Faktdır ki, xanım Zurabişvili Gürcüstan prezidenti postuna Fransa vətəndaşı olaraq gətirilib. Prezident olduğu dövrdə də Fransadan aldığı təlimatlar üzrə hərəkət etdiyinə dair sübutlar mövcuddur. Bu baxımdan “Fransa casusu olan prezident” kimi ləqəbi vardır. Başı qolda olan zaman dərhal Fransaya üz tutması təsadüfi deyil. Fransa onu yeni təlimatlarla geri qaytarıb davam gətirməsi üçün əlavə qüvvələr verəcəkmi? Yoxsa, sonu çatdığını düşünərək yayındırmaq üçün qaçıbmı? Yaxın günlərdə bu suallara aydınlıq gələcək.

Son 2 gün ərzində Qərbə bağlı analitik mərkəzlərin Gürcüstanda cərəyan edən proseslər üzrə şərhlərinə baxanda görünür ki, onlar hadisələrin nə üçün məğlubiyyətə doğru getdiyinin səbəblərini araşdırırlar. Düzdür, bu yozumlarda özlərini, yəni Qərb siyasi mərkəzlərini haqlı çıxarmağa çalışırlar. Hətta, yaranmış durumu “tufanqabağı sakitlik” kimi də dəyərləndirirlər.

Amma nə qədər çaşdırıcı fikirlər səsləndirsələr də, istinad etdikləri arqumentlər fonunda məğlub duruma düşdüklərini büruzə verirlər. Məsələn, qeyd edirlər ki, “son 30 il müddətində ən azı 4 dəfə “siyasi travma” alması Gürcüstan xalqının gözünü qorxudub. Qorxu amili xalqı belə aksiyalar keçirməkdən yayındırır”.

Qərb analitikləri tərəfindən səsləndirilən bu tezisdə bircə sözü dəyişməklə, onu reallığa uyğunlaşdırmaq mümkündür. Cümlədəki “qorxu” sözünü “ayılmaq” sözü ilə ifadə etsək, həqiqət yerini tapar. Qərb analitikləri obyektiv olsaydılar, deyərdilər ki, “son 30 il müddətində ABŞ və Avropa İttifaqı tərəfindən ən azı 4 dəfə aldadılaraq “siyasi travma” yaşaması Gürcüstan xalqının gözünü açıb, reallıqları görməsinə şərait yaradıb. Xalq anlayıb ki, Qərb mərkəzləri Cənubi Qafqazda geopolitik oyun aparırlar. Gürcüstan xalqını da bu oyunlara alət ediblər. İndi isə xalq hər şeyi görür, müqayisə aparıb nəticə çıxarır. Paralament seçkisi üzərində qurulan oyunlara da bu səbəbdən qatılmır. Yenidən tora düşməkdən çəkindiyi üçün aksiyalara dəstək verməkdən yayınır”.

ABŞ və Avropa İttifaqı Gürcüstanda demokratik seçki uğrunda deyil, öz mövcudluqlarını təmin etmək üçün savaşırlar. Gürcüstan xalqı da bu həqiqəti görür və anlayır. Xatırlatmaq yerinə düşər ki, ABŞ və Avropa İttifaqının “Gürcü arzsu”na qarşı intensiv təhdidləri 26 oktyabr seçkisindən xeyli əvvəl – 2022-ci ildən başlayıb. Bu proses ilk dəfə 2023-cü ildə açıq müstəviyə keçib. Həmin dövrdə Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında qanun” layihəsi hazırlandığını elan edib. Dərhal sonra açıq və sərt formada təpkilərlə üzləşib. 2024-cü ilin aprel ayında Qərbyönümlü fəallar, QHT, KİV və siyasi partiyalar küçələrə çıxdılar, parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istədilər. Həmin dövrdə də parlament binasını mühasirəyə alaraq, Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil etdilər. Hökumət evinin, Xarici İşlər Nazirliyinin yerləşdiyi mərkəzi rayonlarda gündəlik iş rejimini pozdular. Proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsi oldu. Qərb mediası aksiyaya informasiya dəstəyi verdi. Onu “demokratların avtokratlar üzərinə yürüşü” kimi təqdim etdi.

Həmin dövrdə parlament seçkisi gündəmdə yox idi. Amma Qərb Gürcüstan hökumətini təhdid edirdi. Qanun layihəsinə etiraz edənlər Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırdılar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçiririk”, – deyə bəyanat vermişdi . Prosesin davam edəcəyi təqdirdə, Gürcüstana qarşı sanksiyalar tətbiq olunacağını açıqlamışdı. ABŞ ilə yanaşı, Avropa İttifaqı da belə mövqe sərgiləmişdi.

Çox keçmədən ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı ilk sanksiyalarını elan etdilər. 2024-cü ildə rəsmi Tbilisiyə yardım məqsədilə nəzərdə tutulmuş 95 milyon dollarlıq paket birtərəfli formada ləğv olundu. Avropa İttifaqı isə 2024-cü ildə Gürcüstan Silahlı Qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurdu. Bu yolla Gürcüstanın mövcud hakimiyyətini çıxılmaz duruma salmaq, xarici agent haqqında qanunun qəbul edilməsindən çəkindirmək istədilər.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bu yöndə təkzibedilməz faktları aşkarlayıb. Məsələn, DTX 2023-cü ilin oktyabr ayında müəyyən edib ki, Tbilisidəki “İbis” otelində dörd gün ərzində QHT nümayəndələri üçün “hökuməti devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilib. CANVAS və Şərq-Qərb İdarəetmə İnstitutu vasitəsilə təşkil edilmiş həmin təlimlər USAID tərəfindən maliyyələşdirilib. Qeyri-adilik ondadır ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Layihəni fərqli ad altında icra etməkdə məqsəd hüquq-mühafizə orqanlarının diqqətini yayındırmaq, gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına “zorakı etirazlar, nəqliyyatın hərəkətinin pozulması, hökumət binalarının nəzarətə götürülməsi” ilə bağlı dərslər veriblər.

Prosesin gedişatı göstərdi ki, Gürcüstan DTX-sı haqlı imiş. Həmin təlimlərin nəticəsi indi – noyabrın 28-dən etibarən keçirilən aksiyalar fonunda özünü göstərir.

Bu arqument bir daha sübut edir ki, Gürcüstanda indi Qərb tərəfindən aparılan dava azad seçki məsələsi naminə deyil. Bu savaş Qərbin Gürcüstanda, o cümlədən bütövlükdə, Cənubi Qafqazda siyasi tələblərinin təmin edilməsi uğrunda aparılan mübarizədir. O, illər öncədən başlayıb, indi də davam edir. ABŞ və Avropa İttifaqı "Xarici təsirin şəffaflığı haqqında qanun” layihəsinin qəbul edilməsinə qarşı başlatdıqları etiraz dalğasını 26 oktyabr parlament seçkiləri fonunda davam etdirdilər.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ və Avropa İttifaqı ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda, adətən, yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər.

İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və Avropa İttifaqı Gürcüstanda son proseslər fonunda məğlub duruma düşdükdüklərini görüncə “ehtiyat qüvvələri”, “kölgə qrupları” dövriyyəyə buraxıblar.

Aydın şəkildə görünür ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda etirazçıları gücləndirmək, hakimiyyəti zəiflətmək kursunu yürüdür, faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər.

 

Siyasət