Dudanın “missiya” lobbiçiliyi

post-img

Yaxud Aİ-nin Ermənistandakı müşahidəçiliyi barədə

Əslində, Polşa Prezidenti Anjey Duda Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyası ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. O, konkret hərəkəti ilə, faktiki olaraq, təsisatın müddətinin uzadılacağını təsdiqləyib. Yazıda məsələ ətrafındakı ayrı-ayrı məqamlara nəzər salacağıq.

Əvvəlcə onu bildirək ki, Aİ-nin sərhəd missiyasının yaradılmasına 2022-ci ilin sonlarından başlanılıb və onun təşəbbüskarı Fransadır. Rəsmi Paris təsisatı formalaşdırmaqla, Qərbin Cənubi Qafqaz maraqlarını reallaşdırmaq istiqamətində əsaslı addım atıb. Hərçənd, missiyanın 2023-cü ilin fevralından başlamış fəaliyyətinə, eləcə də onun ötən ilin yekunlarına dair hesabatına diqqət yetirəndə görmək mümkündür ki, qurum gözləntiləri doğrultmayıb. Axı müşahidəçilər sərhəd zolağı boyu neçə kilometr məsafə qət etmələrindən, nə qədər maşın sürüb, hansı həcmdə yanacaq yandırmaqlarından söz açmışdılar. Belə hesabat isə qətiyyən olmaz.

Amma Aİ-nin sərhəd missiyası Qərbin Cənubi Qafqazdan başlıca tutacaq yeri kimi qalmaqdadır. Tərkibində əsasən ehtiyatda olan alman polislərinin və fransız jandarmlarının yer aldıqları müşahidəçilərdən gələcəkdə NATO missiyası düzəltmək istəkləri var. Məhz buna görə onlar, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun təbirincə desək, bölgədəki əlavə qıcıqlandırıcılardır. Yeri gəlmişkən, onu da bildirək ki, Azərbaycan 2022-ci ildə belə bir missiyanın yalnız iki ay müddətinə, özü də məhdud say tərkibi ilə fəaliyyət göstərməsinə razılıq versə də, onu şərti sərhədin öz tərəfinə buraxmadı. Ötən müddətdə ölkəmizin rəhbərliyini mövqeyindən döndərmək istiqamətində uğursuz cəhdlər də qeydə alındı. 2024-cü ilin əvvəlində isə Azərbaycana xəbər edilmədən müşahidəçilərin regionda qalma müddəti artırıldı, habelə say tərkibi genişləndirildi.

Prezident İlham Əliyev 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Dövlətimizin başçısı belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. “Buna nə ehtiyac var idi?!”, – deyə ritorik sual səsləndirən dövlətimizin başçısı “Binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi.

Bəli, hazırda Polşa Prezidenti A.Duda Qərbin “Binokl diplomatiya”sının təmsilçisi rolunda çıxış etməkdədir. Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilonun ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi də elə budur. Hər halda, dövlət başçısı statusunda olan şəxs Ermənistan hakimiyyətinin şərti sərhədə apardığı yararsız diplomatlardan deyil. Dudanın bölgədə görünməsi regiondakı qıcıqlandırıcılıq üçün ciddi motivdir. Buna görə də M.Qreçilonun nəzərinə çatdırılıb ki, Polşa Prezidentinin Ermənistan – Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Aİ-nin Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakı yolverilməzdir. Eyni zamanda bildirilib ki, sözügedən missiya regional sabitlik, həmçinin Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunur. Belədə, Dudanın müşahidəçilərin ortamına düşməsi Azərbaycan – Polşa münasibətlərinə ziddir. Ölkəmizin baş xarici siyasət idarəsi hesab edib ki, Varşavanın Bakının legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməsi zəruridir.

Qeyd edək ki, rəsmi Bakı bu ilin sentyabrından başlayaraq Aİ-nin missiyasına qarşı çıxdığını, müvafiq olaraq, həm də onun müddətinin uzadılmasına etiraz etdiyini açıqlamaqdadır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev demişdi ki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh, qarşılıqlı anlaşma şəraitindəki gedişatı var. Bu səbəbdən Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur, təsisatın işinə xitam verilməsinin zamanı yetişib.

Lakin belə görünür ki, Qərb aləmi Aİ-nin missiyasının fəaliyyətinə xitam vermək istəmir. Bunu Polşa Prezidenti A.Dudanın dünənki açıqlaması da təsdiqləməkdədir. O bildirib ki, ölkəsi müşahidəçilərin tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir. Yəni, tərkibdə polşalılar da var imiş. Bir qədər əvvəl isə missiyada alman polislərinin və fransız jandramlarının təmsilçiliyindən söz açdıq. Sən demə, təsisatda əsl internasional ab-hava hökm sürürmüş. Yəqin, bu səbəbdən ona NATO-nun qruplaşması kimi baxırlar.

Onu da diqqətə çatdıraq ki, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bir müddət əvvəl Azərbaycanın təmsil etdiyi təşkilata qarşı sözügedən missiya ilə əlaqədar ittihamlarına cavab verərkən demişdi ki, guya, təsisat insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür. “Əla iş”in nə demək olduğu məlum deyil. Hər halda, şərti sərhəd zolağı boyu pikap avtomobillərlə yol gedib-gəlmək iş sayıla bilməz.

Söhbət Polşa Prezidentindən düşmüşkən, bildirək ki, Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin müşaviri Dudanın həmyerlisi Marek Kuberskidir. Kuberski bir müddət əvvəl müşahidəçilərin mandatının uzadılması ilə bağlı belə demişdi: “Biz bunun üzərində işləyirik. Brüsseldəki tərəfdaşlarımız qərarı bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayır. Çünki qərar ittifaqın 27 üzvü tərəfindən qəbul ediləcək. Biz artıq Ermənistan hakimiyyəti ilə, Ermənistanın vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Beləliklə, indi bölgədə qalacağımızla bağlı qərar verilir”.

Sonda qeyd edək ki, Ermənistanda səfərdə olmuş Polşa Prezidentinin istər Aİ-nin müşahidə missiyasının düşərgəsinə baş çəkməsi, istərsə də sonra verdiyi açıqlama onu göstərir ki, Aİ müşahidəçilərin şərti sərhəddə qalma müddəti uzadılacaq. Hətta, bəlkə uzadılıb da. Sadəcə, mövzunun, guya, müzakirə olunduğu görüntüsü yaradılır, ona sanki fundamentallıq gətirilir. Buna razılıq verən isə rəsmi İrəvandır. Deməli, Ermənistan hakimiyyəti qarşıdakı müddətdə Azərbaycanla sülhə gəlmək fikrində deyil və əvvəllər olduğu kimi, yenə Aİ missiyasını özünün təxribatçı əməlləri naminə sipər saymaqdadır.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət