Dünən Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirilib.
“Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Amin Məmmədov bu birliyin yaradılmasının məqsədindən danışarq bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo) kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfinin etirazından sonra bu iş dayandırıldı.
Qeyd edilib ki, 2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar: "Ermənistan Espo Konvensiyasının üzvü olsa da, buna əməl etmir. Əgər bir ölkə qonşu dövlətin sərhədinə yaxın ərazidə sənaye və iqtisadi fəaliyyət həyata keçirərsə, bununla bağlı mütləq şəkildə qonşu dövlətin ictimaiyyətinə və hökumətinə hesabat təqdim etməlidir".
“Environmental Protection FirstKoalisiyasının digər həmtəsisçisi Sabit Bağırov isə vurğulayıb ki, bütün dünyada faydalı qazıntıların mədən hasilatı ətraf mühitə çox ciddi mənfi təsirlərlə müşayiət olunur: "Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqda ekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktiv əməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələri vacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırıla bilər".
XQ