Müasir dini təhsil: ənənələr və qlobal çağırışlar

post-img

Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı keçirilib. Məclisdə dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış ediblər.

Natiqlər bildiriblər ki, dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün din təhsili olduqca vacib məqamdır. Bu, həm də cəmiyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır.

Sonra elmi-praktik konfrans işini “Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında panellərdə davam etdirib.

XQ



Sosial həyat