“3+3”– regional maraqlar və ziddiyyətlər

post-img

Platforma ölkələri XİN rəhbərlərinin İstanbul görüşü nə vəd edir?

Sabah İstanbulda “3+3” regional platforması çərçivəsində bu platofrmaya daxil olan ölkələrin xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Digər iştirakçılar kimi, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da görüşə qatılacağını təsdiqləyib. Bu məqamı niyə vurğuladıq? Yazımızda bu məsələyə aydınlıq gətirəcəyik.

Əvvəlcə onu bildirək ki, “3+3” regional platforması Azərbaycanın və Türkiyənin birgə təşəbbüsüdür. Platformada, eyni zamanda, İran, Ermənistan və Rusiya da iştirak edirlər. Gürcüstanın ona qoşulması da nəzərdə tutulur. Beləliklə, üç Cənubi Qafqaz ölkəsi və regionda tarixi maraqları olan üç böyük ölkə. Platformanın şüarı da var: Region region ölkələri üçündür!

Rusiyadan başlayaq. Moskva üçün “3+3”, necə deyərlər, Cənubi Qafqazda qalmaq üçün ən müasir mexanizmdir. Elə bir mexanizm ki, Moskvanın bölgədəki maraq və mənafeləri təmin olunur, onların leqallığı nəzərə alınır. Xüsusən də hazırkı qlobal reaksiyalarla və çağırışlarla üzləşdiyi bir durumda məsələ Rusiya üçün son dərəcə önəmlidir. Məlum olduğu kimi, Qərb ciddi şəkildə Kremli Cənubi Qafqazdan uzaqlaşdırmaq istəyindədir. Birincinin bunun üçün aləti nədir? Bu barədə söhbət açacağıq. Hələlik isə...

Gürcüstan. Qeyd etdiyimiz kimi, “3+3”də təmsil olunmur. Çünki Rusiya ilə ziddiyyətlərə malikdir. Söhbət Cənubi Osetiya və Abaxaziya problemindən gedir. Yəni, faktiki olaraq, Gürcüstanın bu iki bölgəsi işğal altındadır. Azərbaycanın da mövqeyi bundan ibarətdir ki, beynəlxalq hüquq prinsipinə uyğun olaraq ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır, onun ərazisindəki separatçılıq aradan qalxmalıdır. Bu, öz yerində. Düşünürük ki, “3+3” həm də etimad və maraqların təmin olunduğu platforma kimi orada Abxaziya və Cənubi Osetiya problemi də dinc yolla həllini tapa bilər. Əlbəttə, durumu dəyərləndirmək və regional düzənə qoşulma ilə bağlı son söz rəsmi Tbilisinindir.

Bildirdiyimiz kimi, Türkiyə təşəbbüskardır. Məsələ ondadır ki, 44 günlük müharibənin nəticələri rəsmi Ankaranın Cənubi Qafqazdakı tarixi maraqları qarşısında yaşıl işıq yandırıb. Hazırda Türkiyə son yüz ildə olmadığı qədər regiona yaxındır və bu, ciddi dividenddir. Dividendi əməli tədbirlərlə dəyərləndirmək lazımdır. Hesab edirik ki, “3+3” mövcud istiqamətdə, kifayət qədər, ciddi platforma sayılmaqdadır. Elə bir platforma ki, bütövlükdə, Türk dünyasının konsolidasiyasına dəstək təbiətini də özündə saxlayır. Əlbəttə, Türk dünyasına daxil olmayan tərəflərlə birgə əməkdaşlıq və onların maraqlarını nəzərə almaq şərti ilə.

...İran da “3+3”-də maraqlı tərəfdir. Tehran üçün bu platforma dünyaya açılım vasitəsidir. Nəzərə alsaq ki, İran hazırda Qərbin sanksiyaları ilə üzləşən tərəfdir, deməli, ona ciddi yaşam təminatları lazımdır. Üstəlik, kollektiv Qərbin ölkənin Cənubi Qafqazla bağlılığını aradan qaldırmaq yönümlü planlarının mövcudluğunu da bilirik. Yəni, “Region region ölkələri üçündür” deyimi üzərindən immunitet formalaşdıracaq Tehran gələcək təhdidlərdən qoruna bilər. Amma...

Əmma Ermənistandır. Əbəs yerə lap əvvəldə rəsmi İrəvanın “3+3”-ün İstanbul zirvəsində iştirakını vurğulamadıq. Məsələ ondadır ki, hazırda regional platformanın məramına qarşı çıxan tərəf Ermənistandır. Bu, Azərbaycanla yanaşı, İran və Rusiyaya əks mövqedir.

Rəsmi İrəvan Qərbin Cənubi Qafqazdakı peyki statusundadır. Belə bir status Ermənistanı regionda maraqlı olan ölkələrin hədəfinə çevirməkdədir. Ölkə fəaliyyəti ilə “3+3”-ün təlqin etdiyi Qafqaz evi ideyasını sıradan çıxmaq ampluasındadır.

Daha bir əmma isə İranın bölgəyə kənar qüvvələrin nüfuzunu yolverilməz saydığı halda, Ermənistanın avantürist niyyətləri baxımından sipər missiyası daşımasındadır. Rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Daha dəqiq desək, bəyanatın 9-cu bəndinə əsasən Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolu təmin etməkdən boyun qaçırır, ərazi bütövlüyü və suverenlik iddiası ilə manipulyasiya yolu tutur. Bu yol, bütövlükdə, regiondakı sabitliyə təhdid mahiyyəti daşımaqdadır. İran da Naxçıvana yolun Azərbaycan məntiqini regiondakı ölkələrin sərhədlərinin dəyişdirilməsi kimi qiymətləndirərək, buna qarşı çıxır.

Xülasə, “3+3”-ün sabahkı İstanbul zirvəsi ərəfəsindəki regional durumun vurğuladığımız parametrləri var. Belə bir şəraitdə Azərbaycanın mövqeyinə gəldikdə, deməliyik ki, ölkəmiz özünün balanslı siyasət xəttinə sadiqdir. Rəsmi Bakı bu fikirdədir ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Elə bir məkana ki, orada bütün tərəflərin mənafeləri uzlaşsın. Ölkəmiz “3+3”-ü bu baxımdan etibarlı platforma kimi təsəvvürə gətirir və özünün səmimiyyət paradiqması ilə bu platformanın, sözün əsl mənasında, işlək olması üçün zəruri addımlar atır.

Sonda onu da deyək ki, “3+3” regional platformasının sabah İstanbulda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşü bu təşəbbüsün dayanıqlılığının vurğulanması baxımından önəmlidir. Hesab edirik ki, regiondakı ziddiyyətlərin aradan qaldırılması tam mənada reallaşmasa da, görüşdən müsbət gözləntilər var. Ən azı, XİN rəhbərləri çərçivəsindəki təmasın Cənubi Qafqazda pozuculuq niyyətləri güdən Qərbin son hərəkət və davranışlarının müzakirəsi, eləcə də hadisə və proseslərə daha aydın yanaşmaq nöqteyi-nəzərindən müəyyən əhəmiyyətinin olacağı proznozlaşdırılandır. Gözləyək və görək nə olacaq.

Ə.RÜSTƏMOV
XQ

Siyasət