Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasından artıq 4 il ötür. 44 günlük Vətən müharibəsi zamanı yaşadığımız o həyəcan, sevinc və coşqu yenidən canlanır. Hər bir azərbaycanlının qəlbi o qürurlu və möhtəşəm günlərin xatirələri ilə döyünür.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ard-arda torpaqlarımızın azad olunması xəbərlərini verməsi xalqımıza uzun illərdən bəri gözlədiyi xoşbəxtliyi gətirirdi. Biz illərlə ayrı düşdüyümüz, hər qarışı üçün ürəyimizin döyündüyü yurd yerlərimizə qayıdırdıq. Səngərlərdə igid əsgərlərimizin qələbə nidalari ucalanda, biz – bütün xalq evlərdə, küçələrdə, meydanlarda bu səadəti elliklə paylaşırdıq. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri xalqımızın birliyinin, əzminin, gücünün və Ali Baş Komandanımızın dəmir iradəsinin təcəssümü idi!
2020-ci il 17 oktyabr günü Füzuli şəhərinin Azərbaycan əsgərinin böyük qəhrəmanlığını ifadə edən qələbəsi ilə ən şərəfli bir səhifə kimi xalqımızın və dövlətimizin tarixinə yazıldı. Füzuli – bir vaxtlar işğal altında qalan, dağıdılmış, amma yenə də ruhumuzun bir parçası olan o doğma yurd yeri azad edildi!
27 il ərzində qara bir tarix – 23 avqust 1993-cü il Füzuli rayonunun işğal günü kədər və qüssə içində qeyd olunurdu. 27 ildən sonra isə 44 günlük taleyüklü Zəfər yeni və möhtəşəm bir tarix yazdı. Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 17-də xalqımıza çatdırdığı bu xoş xəbərin əks-sədası hələ də qulaqlarımızdadır: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Füzulinin tarixi adı Qarabulaq idi. İnzibati-ərazi vahidi kimi 1827-ci ildə elə Qarabulaq kimi də yaradılmışdı. Həmin illərdə bu tarixi ad dəyişdirilərək, çar ordusunun tanınmaz, bilinməz bir zabitinin şərəfinə “Qaryagin” adlandırılmışdı və uzun illər belə də qalmışdı. Mənim nənəm, əslən Füzulinin Cuvarlı kəndindən olan Leyla xanım Əliyeva (Cuvarlinskaya) o illərə qayıdarkən “Qaryagin” adını tez-tez çəkərdi.
Nəhayət, 1959-cu ildə şəhər bu yad və qurama addan qurtularaq Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin şərəfinə Füzuli adlandırıldı. Bu, əslində, adi ad dəyişməsi deyildi, sanki, Füzuli rayonu canlı bir vücud kimi özü də milli mənliyinə qayıtmış oldu.
Bu il Prezident İlham Əliyev ədəbiyyatımızın və ictimai fikrimizin böyük siması, milli qürur mənbələrimizdən olan Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı 25 yanvar 2024-cü il tarixli Sərəncam imzalamışdır. Dahi şairimizin yubileyi ölkənin hər yerində və əlbəttə, onun adını daşıyan şəhərdə xüsusi təntənə ilə keçirilir.
Füzuli rayonu nəinki Azərbaycanın, həm də dünyanın qədim məskənlərindən biridir. Rayon yaşı minilliklərlə ölçülən Azıx mağarası, Quruçay mədəniyyəti, eləcə də tarixi və memarlıq abidləri ilə məşhurdur. 1968-ci ildə arxeoloq-alim Məmmədəli Hüseynov Füzuli ərazisində yerləşən Azıx mağarasında qadın çənəsinin alt sümüklərini aşkar etmiş və elmdə buna “Azıxantrop” adı verilmişdir. Ərazidə müxtəlif dövrlərdə Qaraköpəktəpə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılaraq, Füzulinin Azərbaycanın ən qədim yaşayış mərkəzlərindən biri olduğu sübuta yetirilmişdir.
Şuşa başda olmaqla, bütün Qarabağ şəhərləri kimi, Füzuli də Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafına mühüm töhfələr vermişdir. Yaxşı yadımdadır, babam İlyas Əfəndiyev həmişə Füzuli Teatrından xüsusi bir həvəs və bağlılıqla danışardı, hələ lap uşaq çağlarında bu teatrda baxdığı tamaşaları xatırlayardı. Qocaman aktyor Mürşüd Həşimlinin teatrda, bir tərəfdən, “Əsli və Kərəm”də Qara Keşiş obrazını oynayıb camaatı, xüsusən də qadınları necə ağlatdığını, o biri tərəfdən isə “O olmasın, bu olsun”da Məşədi İbadı oynayıb tamaşaçıları necə güldürdüyünü şövqlə danışardı.
Hələ keçən əsrin əvvəllərində Üzeyir bəy Hacıbəylinin, Cəlil bəy Bağdadbəyovun (o, İlyas Əfəndiyevin dayısı idi), Seyid Şuşinskinin və başqa görkəmli mədəniyyət xadimlərinin köməyi ilə fəaliyyətə başlamış Füzuli Dövlət Dram Teatrı 1994-cü ildən etibarən erməni işğalından azad edilmiş doğma Horadizdə işini davam etdirməkdədir.
Ümumiyyətlə, Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Bu baxımdan, erməni irqçilərinin vandalizmi nəticəsində işğal olunmuş ərazilərimizdəki, o cümlədən də Füzuli rayonundakı mədəni irsimizə xaincəsinə vurulan ziyan tarixdə misli olmayan, görünməmiş bir vandalizmdir.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbininə aid abidələr də var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr) “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru (XVIII–XIX əsrlər) və s. kimi tarixi əhəmiyyət daşıyan abidələr Ermənistan işğalçılarının vəhşicəsinə dağıntısına məruz qalmışdır.
Dövlətimiz bütün Qarabağda sürətlə abadlıq işlərinə start verdi, işğaldan azad edilən digər rayonlar kimi Füzuli də az bir müddətdə yenidən rahat yaşayış vəziyyətə gətirildi. 2026-cı ilədək rayonun 10 kəndinin bərpası nəzərdə tutulur. Hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma yurduna qayıtmaqdadır.
Yalnız yerli camaat yox, bütün xalqımız Füzuli şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümü ərəfəsində müqəddəs Vətən torpağı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. Məhz onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün Qarabağımız azaddır, yenidən dirçəlir və dövlətimizin sarsılmaz məramı ilə daha da çiçəklənməkdədir.
Ulu Füzulinin irsi Azərbaycan ilə yanaşı, bütün Türk xalqlarına məxsus olduğu kimi, onun adını daşıyan şəhər də bütün Türk dünyasının azad şəhərinə çevrilib. Böyük mədəniyyət mərkəzlərimizdən biri olan bu qədim şəhər Füzulinin ruhunu, çoxəsrlik mənəvi dəyərlərimizi və qardaş xalqların birliyini özündə təcəssüm etdirir.
Azərbaycan işğaldan azad olunmuş ərazilərində sıfırdan və öz daxili imkanları hesabına həyata keçirilən bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Ortaq soy-kökü və tarixi-mədəni əlaqələri olan türk dövlətlərinin başçılarının bu prosesdə fəal iştirakı Azərbaycan xalqına dostluq, qardaşlıq duyğularının ifadəsinə çevrilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır.
Füzuli rayonu ərazisində inşa olunan hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışında Prezident İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişlər. Qarabağın dirçəlişini ifadə edən bu mühüm rəmzi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatları hədiyyə edərək, bildirdi: “Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur”.
Müqəddəs Qələbədən sonra Qarabağın azadlığını, şəhidlərimizin qəhrəmanlığını, fədakarlığını və mənəvi təmizliyini əks etdirən Xarıbülbül çiçəyi, həm də Azərbaycan və Türkiyənin qardaşlığını, birlikdəliyini, daimi mənəvi dəstəyini bir daha nümayiş etdirdi.
23 avqust 2023-cü il tarixində Azərbaycana rəsmi səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində, MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərdə iştirak etmişdir. Böyük özbək aliminin adını daşımaqla, Qarabağın Türk Dünyasına inteqrasiyasını təşviq edən bu məktəbin inşası dəyərli hədiyyə olmaqla yanaşı, həm də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqidir.
12 mart 2024-cü il tarixində Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında çıxış edərək, qardaş Azərbaycan və qazax xalqlarının müttəfiqliyini, strateji tərəfdaşlığını vurğuladı. Qazaxıstanın azad Qarabağa qiymətli bir ərmağanı olan bu mərkəz iki qardaş xalq arasında mədəni əlaqələri gücləndirməklə yanaşı, ortaq mədəniyyətimizi gələcək nəsillərə ötürmək üçün daha da möhkəm zəmin yaratmaqdadır.
25 aprel 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarov da Füzuliyə səfər edərək şəhərin dağıdılmış yerlərinə baxmış və baş plan ilə tanış olmuşdur. İki qardaş ölkənin ortaq tarixi-mədəni əlaqələri fonunda bu səfər, regionda sülh və əməkdaşlığın genişlənməsinə xidmət etməklə yanaşı, eyni zamanda, tarixə Qırğızıstanın Azərbaycanın bərpa və yenidənqurma prosesinə dəstəyinin timsalı olaraq yazıldı.
Bu il Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə böyük coşğunluqla son zəng bayramı keçirildi, dahi Füzulinin 530 illik yubileyi təntənə ilə qeyd olundu. Füzulinin gənc istedadları şəhərdə ilk incəsənət təhsili ocağı olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində sənətin sirlərini, incəliklərini öyrənirlər.
Sevindirici haldır ki, bugün Füzuli torpağında Türk xalqlarının maddi-mədəni irsi yenidən canlanır. Füzulidə yetişən gənc nəsil, Türk dünyasının inteqrasiyasının şahidi olaraq, birlik ruhunda böyüyür və müştərək milli dəyərlərimizi yaşadır. Əcdadlarımızın müqəddəs əmanəti olan qədim Füzulimiz öz əzəli mənəvi yoluna qayıdır, Türk dünyasında mədəni mübadilənin önəmli mərkəzlərindən birinə çevrilir.
Və biz bu gün böyük qürurla deyirik ki, Füzuli, Türk dünyasının birliyini nümayiş etdirən, qədim və zəngin ortaq irsimizin qanadlarında yüksələn azad Azərbaycan şəhəridir!
Günay ƏFƏNDİYEVA,
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini