Azərbaycan əsgəri burada hünər dastanı yazıb

post-img

Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etmişdir. Bu əlamətdar hadisə həmin həyəcanlı anlarda olduğu kimi, bu gün də xalqımıza qürur və sevinc bəxş edir.

Füzuli uğrunda savaş Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür. Füzuli döyüşləri 44 günlük şanlı savaşın ən parlaq səhifələrindən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir.

Bir çoxları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü. Belə ki, 30 il ərzində düşmən bu ərazidə möhkəm istehkamlar qurmuşdu. Lakin doğma Qarabağımızın xilası naminə ölüm-dirim savaşına çıxmış Azərbaycanın igid, yenilməz əsgər və zabitlərinin güclü təzyiqi qarşısında düşmən tab gətirməyərək səngərlərdən çıxaraq qaçmışdır.

Azərbaycan Ordusu həmin savaşda Vətən torpaqları naminə bütün maneələri sürətlə keçməyə qadir olduğunu sübut etdi. Təkcə düşmən deyil, çağdaş dünyanın nüfuzlu hərbi ekspertləri belə hərbçilərimizin qeyrət, əzm və hünəri qarşısında şokda idilər. Yeri gəlmişkən, ordumuz sonrakı döyüşlərdə, xüsusilə Şuşa uğrunda savaşda düşmənə və bütün dünyaya belə bir şoku yenidən yaşadacaqdı...

Unutmaq olmaz ki, biz Füzulini, eləcə də Qarabağdakı digər şəhər və kəndlərimizi şəhidlərimizin qanı hesabına azad etmişik. Onların hər birinin ruhu xalqımız üçün son dərəcə əzizdir. Gələcək nəsillərimiz bu igidlərin qəhrəmanlığını heç zaman unutmayacaq, onlarla sonsuz qürur duyacaqlar!

Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon əhalisi həmin dönəmdə düşmənə qarşı böyük müqavimət göstərmişdir. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə 663 nəfər Füzuli sakini şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.

Azərbaycan xalqı heç vaxt Füzulinin, Qarabağın digər şəhər və kəndlərinin süqutu ilə barışmayıb və barışa da bilməzdi. Hər birimizin yaxşı yadındadır ki, 1994-cü ilin 5-6 yanvar tarixlərində həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı Silahlı Qüvvələrimizin hücumu nəticəsində bir qəsəbə və 21 kənd işğaldan azad olunmuşdu. Ümummmilli lider Heydər Əliyev hərbi əməliyyata şəxsən rəhbərlik etmişdir.

İşğaldan azad edilmiş Füzulinin əhalisi, bütün xalqımız Füzuli şəhəri uğrunda unudulmaz döyüşün qəhrəmanları ilə fəxarət hissi keçirirlər. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Xoşbəxtlikdən bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. Rayonun ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilmiş, bir-birindən rahat yollar, yaraşıqlı parklar salınmış, yaşayış kompleksləri ucaldılmışdır.

Füzuli rayonu sakinlərinin bir qismi artıq doğma yurd yerlərinə qayıtmışdır. Bu günlərdə təsadüfən rastlaşdığım Füzulidən olan köhnə dostum qürur hissi ilə dedi ki, o, artıq ailəsi ilə birlikdə rayon mərkəzində ucaldılan hər cür şəraiti olan evlərdən birində yaşayır və özünü dünyanın ən xoşbəxt insanlarından biri sayır.

Əsərlərini sevə-sevə mütaliə etdiyim ədiblərdən biri deyib ki, hər bir insan azad, şanlı bir dövlətin vətəndaşı olmasa, heç vaxt tam xoşbəxt ola bilməz. Bu gün Azərbaycanın hər bir sakininin, eləcə də hünərvər Füzuli camaatının, sözün həqiqi mənasında, başını uca, dik tutmağa haqqı var! Biz torpaq bütövlüyümüzü, azadlığımızı qəhrəmancasına təmin edən şanlı Vətənin övladlarıyıq!

Məsaim ABDULLAYEV
XQ



Sosial həyat