Hazırda işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla Qarabağ və Şərqi Zəngəzurda yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirilir.
Bu əsasda bütün bölgədə müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun yaşayış məntəqələrində zəruri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanmanın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrinin yenidən qurulması yüksək templə davam etdirilir.
Vətən müharibəsi başa çatandan dərhal sonra düşməndən təmizlənən ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə də başlanılıb, qısa zaman ərzində bu bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb.
Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.
Bütün bunlar barədə Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində ətraflı məlumat verilib. Ağdam şəhərində bu ilin iyununda başlanılan yaşayış məhəllələrinin tikintisinin hazırda 2-ci məhəllənin 11 kvartalında sürətlə həyata keçirildiyi qeyd edilib. Eyni zamanda, 3 kənddə –Sarıcalıda 203, Kəngərlidə 292, Xıdırlıda isə 719 fərdi yaşayış evinin inşası davam etdirildiyi vurğulanıb. Eyni zamanda, bu yaşayış məntəqələrində məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bazar kompleksləri, məişət xidməti obyektləri, ailə sağlamlıq mərkəzləri, inzibati binalar və digər iaşə obyektlərinin də tikintisinin cədvəl üzrə aparıldığı xatırladılıb.
Ağdamın ən böyük kəndlərindən olan Baş Qərvənddə “Ağıllı kənd” layihəsinin icrası nəzərdə tutulub. Burada Slovakiyanın mütəxəssis və mühəndislərinin reallaşdıracaqları “ağıllı həllər”in tətbiqi ilə, ümumilikdə, ərazisi 476 hektar olan yaşayış məntəqəsinin tamamilə yenidən qurulması, “ağıllı kənd” kimi bərpası planlaşdırılıb.
“Ağıllı kənd”də “ağıllı” texnologiyalardan istifadə ediləcək. “Yaşıl” enerjidən istifadə olunmaqla kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qənaətli texnologiyalar “Ağıllı kənd” konsepsiyası çərçivəsində tətbiq ediləcək. Evlərin inşası zamanı təbii materiallardan, “smart” texnologiyaların istifadə olunacaq. Füzulinin bərpası da sürətlə davam etdirilir. Şəhərin mərkəzində, Zəfər yolunun kənarında istifadəyə verilən 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbəli binalarda 822 ailə məskunlaşıb. Baş plana uyğun olaraq burada şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub.
Şəhərdə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən tikilən Kurmanqazı Uşaq yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir. Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli kəndində bərpa işlərinə hazırlıq görülür.
Dövlətyarlı yaşayış məntəqəsi “ağıllı kənd” layihəsi kimi sistemləşdiriləcək və burada alternativ enerji mənbələrindən, “yaşıl” enerjidən istifadə ediləcək. Tikintinin ilk mərhələsində 450 fərdi ev inşa olunacaq, eləcə də məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. İşğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğu nəzərə alınaraq burada avtomobil dayanacağı yaradılacaq.
İşğaldan azad edilmiş Tuğ kəndinin bərpası da diqqətdə saxlanılır. Bu yaşayış məntəqəsində ilkin mərhələdə 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası və 50 yerlik uşaq bağçasının bərpa edilməsi nəzərdə tutulur. Yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla – hotel, mədəniyyət mərkəzi, aptek kimi fəaliyyət göstərməsi, eyni zamanda, Tuğun vacib turizm məntəqəsi olduğu nəzərə alınaraq burada avtomobil dayanacağının yaradılacağı da planlaşdırılır. Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir və hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə, Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur.
Hazırda Hadrutda həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır. Qəsəbədə istirahət sahələrinin, meydanın, çay bağçasının, uşaq oyun meydançalarının, kitabxananın, 64 yerlik avtomobil dayanacağının və s. yaradılması nəzərdə tutulub.
Laçının qurulması zamanı “yaşıl” texnologiyardan istifadə edilməsi də diqqətdə saxlanılıb. Şəhərdə 24 fərdi evdə enerji təchizatının sabitliyini gerçəkləşdirmək üçün günəş panelləri quraşdırılıb, 9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub.
Laçın rayonunda “yaşıl” enerji strategiyasına uyğun olaraq 11 yerdə su elektrik stansiyası qurulur, bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə xüsusi diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı reallaşdıran hibrid–solar lampaların istifadəsində öz əksini tapır.
Rayonda tikilən yeni hava limanı isə bölgənin turizm potensialından geniş istifadə olunmasına imkan verəcək. Laçının Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət göstərəcək beynəlxalq hava limanı yaxın perspektivdə istifadəyə veriləndən sonra bölgələrə gediş-gəliş asanlaşacaq.