Anti-Azərbaycançı şəbəkə COP29 ərəfəsində ölkəmizə qarşı düşmənçiliyini davam etdirir. Bu şəbəkənin, necə deyərlər, çörəyinin “erməni dəyirmanı”ndan çıxdığına dair son günlər yeni-yeni faktlar yayılır. Məsələn, “Caliber.az” saytında yayımlanmış məqalədə bildirilir ki, bu kampaniyanın aparıcısı dünya ermənilərinin əsas təşkilatı – Erməni Milli Komitəsi (ANC) və onun ABŞ şöbəsidir (ANCA). Məhz onlar bu kampaniyanı maliyyələşdirir və həyata keçirirlər.
Onlar, həmçinin materialların və tezislərin hazırlanmasında və iştirakçılar arasında bölüşdürülməsində bilavasitə iştirak edirlər. Bununla belə, ANCA buna nail olmaq üçün təkcə özünün birbaşa ünsiyyət vasitələrindən istifadə etmir. Bəzi şəxsləri pulla ələ alaraq, onların sosial şəbəkələrin son dərəcə aktiv olduqları seqmentlərində COP29-la bağlı yazılar vermələrini təşkil edirlər. Onlar özlərini “azadlıq və ədalət carçıları” kimi təqdim edirlər, əslində isə adı çəkilən təşkilatların başında oturanların pul kisəsindən asılıdırlar.
Dünya ermənilərinin Azərbaycan əleyhinə təbliğat tezislərini yaymaq üçün, belə deyək, işə götürdüyü əsas media ruporu artıq oxucularımıza yaxşı tanış olan personadır. Söhbət, təbii ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampodan gedir. O, 2024-cü il sentyabrın 6-da şəbəkəyə bağlı olan “Armenianweekly.com” saytına verdiyi eksklüziv müsahibəsində etiraf edib ki, Argentinadakı erməni diasporunun üç tanınmış nümayəndəsi, yəni hakim Leon Karlos Arslanyan, sosioloq Xuan Qabriel Tokatlyan və Sosialist İnternasionalının vitse-prezidenti Mario Nalpatiyan 2023-cü ilin yayında onu əməkdaşlığa dəvət ediblər. Tam dəqiq desək, ona zəng edib “Dağlıq Qarabağ” üçün nə edə biləcəyini soruşan Nalpatiyan olub.
Sözsüz ki, bu, bir sövdələşmə üçün tipik başlanğıcdır. Lakin Okampo, təbii ki, “cəsur üçlüy”ün keçmiş prokurora nə qədər pul təklif etdiyini qeyd etməyib. Yada salaq ki, məhz o vaxt başlayan anti-Azərbaycan fəaliyyəti çərçivəsində Okampo Azərbaycanın Qarabağ bölgəsində baş verdiyi iddia edilən “erməni əhalinin etnik təmizlənməsi” ilə bağlı tamamilə yalan məlumat yayıb.
Qeyd edək ki, erməni inqilabi federasiyası – “Daşnaksütyun” partiyasının idarə heyətinin üzvü, ANCA-nın vitse-prezidenti Mario Nalpatiyan da bir vaxtlar hazırda həbsdə olan separatçıların “qlavarı” Bako Saakyanla görüşmüşdü. Bu fakt özlüyündə Okamponun birbaşa ANCA-dan tapşırıqlar aldığını və separatizmi dəstəklədiyini sübut edir.
Fransa Milli Assambleyasının 2017–2024-cü illərdə sədr müavini olmuş Anne-Laurence Petel “#COP29” heşteqindən istifadə edərək Azərbaycan əleyhinə “X” platformasında belə yazıb: “Azərbaycan dünyanın indiyədək gördüyü ən böyük saxta xəbərləri istehsal edir. Əsl Azərbaycan qaz və neft dövlətidir. 2020-ci ildə Dağlıq Qarabağda cihadçılardan və fosfor bombalarından, 2023-cü ildə blokada və aclıqdan istifadə edib. “Utanc COP”una xoş gəlmisiniz”.
“Human Rights House Foundation” adlanan təşkilatın vəkillik şöbəsinin rəhbəri Deyv Elseroud Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran tanınmış analitik Brenda Şafferi hədəfə alıb. O, kin-küdurətini bu sözlərlə ifadə edib: “Azərbaycan kimi ölkələr niyə beynəlxalq tədbirlərə evsahibliyi edirlər? Çünki onlar professor Brenda Şaffer kimilərindən istifadə edərək, Azərbaycanı yeni yaranmış demokratik dövlət kimi göstərmək istəyirlər. Norveçdəki “CAN” adlı Azərbaycan təşkilatı 300-dən çox siyasi məhbusun (?) olduğu ölkəni təbliğ edir”.
Təəssüf ki, belə nümunələrin sayı çoxdur və hər gün onların sırasına yeniləri əlavə olunur. Hətta, dünən keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerə təxribatçı sual da ünvanlanıb. Sualın qoyuluşu özü təxribat xarakterli olub: “Azərbaycan COP-a qədər insan hüquqları ilə bağlı problemlərini həll etməyib. Dedilər ki, biz sizin narahatlığınıza qulaq asmayacağıq. Onlar sülh sazişinin olmayacağını da bildiriblər. Dövlət katibinin ümid etdiyi bu idimi?”
Ancaq M.Miller bu sualı verəni və onun simasında düşərgəsini məyus edib: “ABŞ heç vaxt Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə əlaqələndirməyib. Biz ümid edirik ki, Azərbaycan və Ermənistan yekun nəticədə bu sənədi imzalayacaqlar. Lakin bu ABŞ-dən deyil, bilavasitə tərəflərin özlərindən asılıdır”.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirdi ki, beynəlxalq münasibətlərdə təsadüfi heç nə baş vermir. Onun sözlərinə görə, əgər biz müəyyən dövlətlərin, beynəlxalq təşkilatların birləşərək qrup şəklində bu və ya digər ölkələrlə, siyasi hakimiyyətlərlə bağlı ardıcıl addımlarını görürüksə, deməli, bəlli mərkəzlərdən göstərişlər alınıb. Həmin göstərişləri verən mərkəzlər müxtəlif aktorlardan öz kampaniyalarından yararlanırlar: “Biz bunu son zamanlar Cənubi Qafqazdakı proseslərdə də görməkdəyik. İstər Gürcüstana, istərsə də Azərbaycana qarşı Qərb tərəfindən idarə olunan kampaniya başladılıb. Bu kampaniya bir neçə istiqamətdə aparılır. Məqsəd də bəllidir. Hazırda Avrasiyanın ortaq xəttində müəyyən qruplar arasında geosiyasi və geoiqtisadi mübarizə, daha doğrusu, çəkişmə gedir. Biz bunu hətta, gizli müharibə də adlandıra bilərik. Onlar bu kontekstdə Gürcüstandan, Azərbaycandan alət kimi istifadə etmək istəyirlər. Ermənistanla bağlı buna nail olublar. İrəvan alət rolunda çıxış edir. Buna görə də Nikol Paşinyan iqtidarını dəstəkləyirlər. Onun, necə deyərlər, ayaqda qalması üçün həm siyasi, həm iqtisadi, həm də hərbi dəstək göstərilir. Yəni, dövlətin suveren hüquqlarını məhdudlaşdıran və həmin mərkəzlərin dediyi ilə oturub-duran hakimiyyətlər, əlbəttə, onlar tərəfindən bu və ya digər şəkildə mükafatlandırılırlar. Biz də hazırda Paşinyan iqtidarının mükafatlandırıldığını görürük”.
Politoloq qeyd etdi ki, Paşinyan 30 il işğalçılıqla məşğul olan Ermənistanın baş naziridir. Amma bu gün həmin ölkənin hərbi büdcəsi dəfələrlə artırılıb. Ermənistan silahlanmaya külli miqdarda vəsait xərcləyir. Həmçinin, Qərbdən pulsuz silahlar alır. “Bu, mükafatlandırılma deyilsə, bəs nədir!” ritorik sualını verən Z.Məmmədov əlavə etdi ki, beynəlxalq praktikaya nəzər saldıqda qonşu dövlətin torpaqlarına göz dikən ölkənin işğalçı müharibədə məğlubiyyətdən sonra cəzalandırıldığını görmək mümkündür. Amma müəyyən beynəlxalq şəbəkə nədənsə, Ermənistanın deyil, Azərbaycanın cəzalandırılması üçün əlindən gələni edir: “Luis Moreno Okamponun açıqlamaları, “Human Rights Watch”, “Amnesty International” tərəfindən verilən bəyanatlar, hazırlanan hesabatlar, ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən qəbul edilən qətnamələr, əlbəttə, bilavasitə eyni şəbəkədən idarə olunur. Bu şəbəkənin əsas istək və məramı məhz öz məqsədlərini həyata keçirməkdir”.
Z.Məmmədov dedi ki, 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri bu prosesə, sadəcə, təkan verib. Əgər təkcə MDB məkanına nəzər yetirsək, onların müxtəlif illərdə rəngli inqilablar həyata keçirməyə nail olduqlarını görə bilərik. Onlar siyasi hakimiyyətləri devirdilər. Nəticədə həmin ölkələrdə baş verənləri biz bu gün görürük – hərc-mərclik, ərazi bütövlüyünün pozulması, milli ideyanın olmaması, milli ideya əvəzinə məhz Qərb ideyalarının cəmiyyətdə tüğyan etməsi və sair... Azərbaycanda isə onlar heç bir dəyişiklik edə bilmədilər. Soros fondu kütləni arxasınca apararaq, xalqın hakimiyyətə qarşı çıxmasına nail ola bilmədi. Nəticə etibarilə biz bu fərqi indi də görürük. Azərbaycan cəmiyyəti monolitdir və vahiddir. Cəmiyyətdə məhz milli ideyalar təbliğ olunur, milli ideyalar ən üst davranış kodeksidir.
Müsahibimiz onu da bildirdi ki, Azəbaycanda həm daxili, həm xarici siyasət, həm də milli ideya ilə bağlı vahid yanaşma mövcuddur. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan cəmiyyətini parçalamağı bacarmayanlar müharibədən sonra ciddi şəkildə Rusiya – Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hadisələr fonunda Qara dəniz və Xəzər dənizi bölgəsində iştirakçılıq paylarını artırmağa çalışırlar. Onlar bu kontekstdə Azərbaycanın suveren hüquqlarından əl çəkərək, onların dediklərinə əməl etməsi üçün ciddi çalışırlar: “Gəlin, Azərbaycandan nəsə tələb edən, bizə təzyiq göstərən dövlətlərin və mərkəzlərin Bakı–İrəvan sülh danışıqları prosesi ilə bağlı özlərini necə apardıqlarına baxaq. Görək, onların əsas istəkləri nədən ibarətdir. Bu gün ölkəmizə edilən təzyiqlərin əsas səbəblərindən biri, guya, Qarabağ erməniləri ilə bağlıdır. Əslində isə, Qarabağ erməniləri alətdirlər. Onlar heç kim, o cümlədən, Qərbdəki mərkəzlər üçün maraqlı deyillər. Sadəcə olaraq, Qərbdəki mərkəzlər bu il Ermənistanla Azərbaycan arasında yarımçıq sülh müqaviləsinin bağlanmasını istəyirdilər. Əlbəttə, yarımçıq sülh müqaviləsinin iki ölkə arasında daha böyük müharibəyə gətirib çıxara biləcəyi də onları maraqlandırmır. Sadəcə, sülh müqaviləsini imzalayaraq, daha sonra NATO bazalarını Zəngəzurda yerləşdirmək, öz geosiyasi rəqiblərinə qarşı mübarizə aparmaq niyyətində idilər. Yaxud, regional kommunikasiyaların açılması ilə bağlı da eyni düşüncədədirlər. Onlar bu günədək öz məqsədlərinə çatmayıblar. Qərbdəki bəzi dövlətlər və mərkəzlər yarımçıq sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycana qarşı tələ hazırlamışdılar. İndi isə onlar görürlər ki, Cənubi Qafqazla bağlı planları boşa çıxıb. Belə olan təqdirdə, artıq Azərbaycana qarşı açıq müstəvidə hücuma keçmək lazımdır”.
Ekspert onu da qeyd etdi ki, COP29-un keçirilməsi bu düşərgə üçün bəhanədir. Onlar bu mötəbər tədbir ərəfəsində dünyanın diqqətinin Azərbaycana yönəlməsindən istifadə edərək, qlobal miqyasda ölkəmizə qarşı əks-təbliğat kampaniyasına başlayıblar. Onlar burada da riyakar siyasət aparırlar. Çünki COP29 Azərbaycanın şəxsi tədbiri deyil, bu, BMT-nin himayəsi altında keçirlən iqlim dəyişmələri üzrə əsas qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bu gün bəşəriyyəti təhdid edən ən ciddi məsələ ekologiyanın çirklənməsi, tullantıların artması, qlobal istiləşmədir. Qeyd olunan problemlər dünyada quraqlığın artmasına, aclığa, iqtisadi göstəricilərin pisləşməsinə gətirib çıxarır. Belə olan təqdirdə, əksinə, COP tədbirlərinə dəstək vermək, onun işində iştirak etmək, problemlərin həlli üçün əlindən gələni etmək lazımdır. İldə bir dəfə müxtəlif ölkələrdə keçirilən bu tədbirlə bağlı Qərbin müəyyən mərkəzləri tərəfindən nümayiş etdirilən davranış və COP29-u boykot etmək səyləri göstərir ki, bəli, həmin qruplaşmalar bəşəri problemlərin həllində maraqlı deyillər. Bu mənada, onların COP29 ərəfəsində Azərbaycana təzyiqləri iç üzlərini açır, maskalarını yırtır. Bir daha göstərir ki, onların əsas məqsədi dünyada siyasi, əsasən də maddi-iqtisadi ambisiyalarını təmin etməkdən ibarətdir.
Səxavət HƏMİD
XQ