IV MƏQALƏ
İkinci nümunə: postmüharibə mərhələsi
Vətən müharibəsindən sonra Azərbaycana qarşı olan həmlələr heç də döyüşlərin gedişində olanlardan az deyildi. Ənənəvi olaraq Azərbaycana qərəzli münasibət göstərən və müxtəlif bəhanələrlə təzyiq etməyə çalışan böyük dairələr, sözün həqiqi anlamında, şoka düşmüşdülər. Çünki yüzillərdir region üçün müəyyən etdikləri geosiyasi şərtləri Azərbaycan Prezidenti cəmi 44 günə xalq-ordu-iqtidar birliyi ilə darmadağın etdi. Prezident İlham Əliyevin “Azərbaycan çox daşları yerindən tərpətdi” məşhur tezisi bu kimi reallıqlardan qaynaqlanır. Bu kəlama müasir siyasi və geosiyasi təlimlərin elmi əsasları prizmasında baxsaq, liderin özgüvəninin müasir şərtlərdə nə dərəcədə önəmli olduğuna bir daha əmin olarıq. Fəlsəfi baxımdan da məsələ çox dərin aktuallığa malikdir.
Ədalətin bərpasının yekunlaşdırılması kontekstində mübarizə meydanında faktiki olaraq Azərbaycan liderinin özgüvəni, düşüncə və praktiki fəaliyyətinin kreativliyi ilə innovativliyinin nisbəti qalmışdı. İlham Əliyev lider kimi təkbaşına bu əngəli də aşmalı və tam olaraq Qalib Lider obrazını tamamlamalı idi.
Lakin burada İlham Əliyev üçün daha önəmli olanı Azərbaycan Respublikası adlı müstəqil dövlətimizin əsl humanitar, sülhsevər, ədalətli gücünü uzun tarixi aradan sonra yenidən sübut etməkdən ibarət idi. Bu məqamı Prezident etdiyi çıxışlarda dəfələrlə aydın vurğulamışdır. Atdığı addımların mahiyyəti, gerçək anlamı və məqsədləri, siyasi lider kimi davranışları tam səmimi və özgüvənli olduğunu göstərirdi.
Müasir dövrdə liderlər üçün sonuncu xüsusiyyət çox önəmlidir. Müasir lideroloji təlimlərdə sözlə əməlin vəhdəti, niyyətin xoşməramlılığı ilə proqramların məzmunu arasındakı tam uyğunluq kimi keyfiyyətlər “liderlik krediti” adlandırılır (bu anlayışdan istifadə etməyən, lakin mahiyyətcə həmin mövqedə olan təlimlər də mövcuddur). Bu anlayışın dərin lideroloji məzmunu kritik və riskli dönəmlərdə daha aydın görünür. Bizim baxdığımız siyasi liderlik aspektində mühüm olan bir məqamın üzərində dayanaq.
“Liderlik krediti”
Məsələni bu kontekstdə qoymağımızın əsası vardır. Döyüş meydanında möhtəşəm Zəfərdən sonra çox qəzəblənmiş bəzi özündənrazı “güclü dövlətlər” Azərbaycan ətrafında gərgin vəziyyət yaratmaq üçün dəridən-qabıqdan çıxırdılar. Onlar haqqında mediada çox yazılıb, detalları üzərində dayanmayaq. Lakin başlıca mahiyyətləri ondan ibarət idi ki, Azərbaycanın özünümüdafiə xarakterli və işğaldan əzəli torpaqlarını azad etmək üçün apardığı müharibəni terrorçuluq kateqoriyasına aid edib, keçən əsrin 90-cı illərində olduğu kimi, yeni bədnam “907-ci düzəliş”ə bənzər sənədlər tərtib etsinlər.
Bunun fonunda darmadağın olmuş “erməni siyasi şüuru və siyasəti”ni yenidən “diriltsinlər” ki, ümumi olaraq Cənubi Qafqazdakı ədalətsizlik, haqsızlıq, qeyri-humanitarlıq, müsəlman türklərə qarşı siyasi və geosiyasi qərəzlilik davam etsin. İlham Əliyev bu antibəşəri niyyətlərin qarşısını lider kimi kəsdi!
Zəkası, siyasi-diplomatik məharəti, şəxsi psixoloji-emosional keyfiyyətləri, yüksək səviyyəli azərbaycanlılığı ilə düşmən niyyətlərinə keçilməz sədd oldu! Buna “yüz faizlik liderlik krediti”, yəni yenilikçi, etibarlı, etimadı yüksək olan, özgüvən sahibi və Qalib lider obrazına tam sahib olmaq deyirlər!
Əlbəttə, hər bir milli siyasi lider üçün bu, etibar, etimad, nüfuz, inam və daim qalib olmaq aspektlərində zirvədir. Elə bu anlamına görə də özündə risk daşıyır və bir sıra həssas məqamları ehtiva edir. Belə bir durumun yaranmasının səbəbi liderin həssas dönəmlərdə atdığı hər bir addımına cəmiyyətin, regionun və qlobal miqyasda dünyanın reaksiyasının necə olacağını öncədən proqnozlaşdırmaq çox çətindir. Çünki Qalibdən hər kəs nəyisə gözləyir və hər hərəkətində bunu görmək istəyir.
Deməli, bu anda liderlik kreditini tükədə bilən risklər meydana gəlir. Burada liderin nüfuzu çevik qərarqəbuletmə fonunda riskə düşür. Situasiyanın qeyri-standartlığı, əsas proseslərin “siyasi seytnot yarada” bildiyi bir dönəmdə belə bir vəziyyət hər bir uğurlu liderin qarşısına çıxa bilər. Liderliyin xüsusiyyəti, ontologiyası və anatomiyası belədir, subyektdən asılı deyildir.
Belə alınır ki, kritik dönəmlərdə liderin riskə getməsi və bu anlamda “uğurlu liderlik kreditini xərcləməsi” təbii haldır. İndi İlham Əliyevin məhz kritik situasiyalarda qəbul etdiyi qərarların onun liderlik nüfuzuna təsiri prizmasında baxaq.
Liderlik və çevik qərarqəbuletmə
Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, Azərbaycan müharibə paradiqmasına heç zaman üstünlük verməmişdir və bundan sonra da onu etməyəcək. Azərbaycan inkişafı, əməkdaşlığı və təhlükəsizliyin bərqərar olması yolunu seçmişdir və bir daha bunu təsdiq edir! Bunun üçün Azərbaycan Respublikası dövləti ədaləti, hüququ, milli ləyaqəti, milli ilə bəşəri dəyərlərin harmoniyasını, qarşılıqlı paylaşmanı, yardımlaşmanı, humanitarlığı və sühsevərliyi əldə rəhbər tutacaq.
Ancaq Azərbaycan dövləti həm də müstəqilliyi kimsəyə güzəştə gedən deyildir, suverenliyini tam təmin etməkdən vaz keçməyəcək. Buna görə də regional miqyasda dövlətlərarası münasibətləri beynəlxalq hüquq, qarşılıqlı sayğı, humanitarlıq, qarşılıqlı faydalı əməkdaşlıq və şəffaflıq prinsipləri üzrə qurmaqda Bakı qətiyyətli və qərarlıdır.
Lakin təəssüf ki, Azərbaycan liderinin bu prinsiplərinə də öncə ciddi yanaşmadılar. Bəlkə də özlərindən daha güclü bir türk (azərbaycanlı) liderin meydana gəldiyini psixoloji olaraq qəbul edə bilmirdilər. Əslində bu məqam onların bəzilərinin hirsli, bir qədər saymazyana və xeyli də qərəzli davranışlarından “etik epilepsiya” keçirmələrindən hiss olunurdu.
Xüsusilə, Azərbaycan liderinin Fransa prezidenti E.Makronu Ermənistanla danışıqlarda vasitəçi kimi qəbul etməməsindən sonra rəsmi Parisin Almaniya kanslerini onları dəstəkləmədiyi üçün “prinsipsiz, qətiyyətsiz adam” adlandırması yaddaşlardadır. Fransa rəhbərliyi birbaşa tələb edirdi ki, hər bir Avropa ölkəsi onların birtərəfli, haqsız, ədalətsiz və ksenofob mövqelərini müdafiə etsin. Ancaq İlham Əliyev mövqeyini qorudu və daha da inkişaf etdirdi.
Nəticə nə oldu?. “Avropa Siyasi Birliyi”nin son zirvə toplantısında Makronun özü hörmətlə İlham Əliyevlə görüşdü, əlini sıxdı və mehribanlıq nümayiş etdirdi. O zaman E.Makronun O.Şoltsun haqlı olduğunu xatırlayıb–xatırlamadığını bilmirik. Lakin siyasi mübarizənin qalibinin İlham Əliyev olduğunu əzilə-əzilə qəbul etdiyi aydın görünürdü!
İlham Əliyev üçün siyasi və geosiyasi kontekstdə risk buradan qaynaqlandı. Şübhə etmirik ki, özlərini güclü sayanlar gözləyirdilər ki, İlham Əliyev geri addım atacaq və güzəştə gedəcək.
Bu, əlbəttə, müstəqilliyini tarixi zaman baxımından yeni əldə etmiş dövlət üçün həqiqətən risk idi. Lakin kimlərin nə və necə deməsindən asılı olmayaraq, 2023-cü ilin sentyabrında düşmənin başına 23 saat müddətində “dəmir yumruğu” endirəndə İlham Əliyevin lider kimi zəkası, qətiyyəti, özünə və xalqına inamı, dövlətçilik ənənəsinə siyasi varislik kontekstində dərin sadiqliyi bir daha hər kəsə aydın oldu!
Bu da əlavə risklər meydana gətirdi! Lakin əsl qazanan Prezident İlham Əliyev oldu! İzah edək.
Xalqın inamı, etimadı və sevgisi
Azərbaycan xalqı liderin tam suverenliyi təmin etməsini müstəqillik tariximizin ən qiymətli incisi kimi qiymətləndirdi. Ulu öndər bu xalqı müdrik və ziyalı mahiyyətli adlandırmaqla qətiyyən yanılmamışdır. Azərbaycan xalqı 23 saatda verdiyimiz yüzlərlə şəhidini ağlaya-ağlaya alqışlarla əbədi dünyaya yola saldı. Doğrudan şəhidlərin anaları, bacıları, həyat yoldaşları ilə yanaşı, hər birimizin Vətən övladları üçün içimiz göynədi. Dövlətin başçısı göz yaşlarını saxlaya bilmədi! Bunları heç zaman unutmarıq, həmişə bizim üçün örnək olaraq qalacaq, həmin anlar!
Azərbaycan dövləti və xalqı öz müstəqilliyini, vətənsevərliyini, azadlıqsevərliyini bir daha nümayiş etdirdi. Təəssüf ki, bizə savaşdan başqa yol qoymadılar və Prezidentimiz riskə getdi. Çevik və ani qərarı ilə düşmənin on minlərlə xüsusi dəstəsini darmadağın etmək əmrini verdi! Bununla Azərbaycan lideri riskləri aşaraq xalqın etimadına, etibarına və sevgisinə yeni səviyyədə nail oldu.
Çox müxtəlif səviyyələrdə təzyiq cəhdlərinə baxmayaraq, Ermənistanla sülhə yalnız Bakının irəli sürdüyü 5 baza prinsipi çərçivəsində nail oluna bilinəcəyini hər kəsə aydın izah etdi. Məlum Vaşinqton görüşü bu xəttin təntənəsi idi! Bu İlham Əliyevin lider kimi yüksək potensialının və onun praktiki reallaşmasının göstəricisi idi!
Nəzəri təlimlərin soyuq məntiqi və quru ritorikası ilə desək, İlham Əliyev çevik qərarlarıyla liderlik kreditini daha da yüksəltdi! Məhz bu nəticəyə nail olmağı riskli situasiyada düzgün qərarlar qəbul etməklə, bütövlükdə, vəziyyəti dövlətin və millətin xeyrinə dəyişmək məharəti deyirlər. Bu prosesdə başqa bir mühüm amilin rolunu vurğulamaq gərəkdir.
Liderin strateji vizyonu
Maraqlı və əhəmiyyətlidir ki, liderin kreativliyi, innovativliyi ilə onun strateji düşünmək sərhədləri arasında sıx bağlılıq vardır. Həqiqi mənada yaradıcı (kreativ) və praktikada yenilikçi (aldığı nəticələrə görə, innovativ) ola bilməyən siyasi liderin müsbət nəticəverici strateji vizyona sahib olması, bizcə, mümkün deyildir. Çünki strategiya avtomatik olaraq gələcəyi bu gündən necə görməyi, yəni gələcəyin obrazını necə təsəvvür etməyi ehtiva edir. Sinergetiklər bunu liderin “bifurkasiya zonası”nda (çox ehtimallı, riskli, fərqli ssenariləri daşıyan xüsusi həssas zona) seçimi fonunda müəyyən edirlər.
Beləliklə, lider dövləti, ölkəni və xalqı inkişaf və tərəqqi potensialı öncəki vəziyyətə nisbətən daha yüksək olan “qəribə attraktur”un (yeni sosial-mədəni, siyasi, iqtisadi, mədəni, mənəvi-əxlaqi və s. struktur-funksional sahəsi) cazibə sahəsinə yönəldə bilirsə, onun strateji vizyonu mövcud reallığa tam uyğundur! Əgər bu praktiki və konkret nəticə yoxdursa, liderin fəaliyyətinin ehtimallılıq və risk daşıma xüsusiyyətləri qalmış olur!
Strateji vizyonun praktiki düzgün olmasının əlaməti kimi nələri göstərmək olar? Əlbəttə, ilk növbədə, Liderin riskdən sonra fəaliyyət diapazonu, əhatə etdiyi məsələlərin əhatəlilik səviyyəsi və canlı fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlər burada əsas rol oynayır. Azərbaycan Prezidentinin bu aspektdə göstəriciləri necədir?
İndi analitiklər, filosoflar, politoloqlar, ekspert camiyəsi Azərbaycan Prezidentinin son iki aydakı fəaliyyətinə maraqlı yanaşmalar nümayiş etdirirlər. Çox qısa müddətdə İlham Əliyev 8 istiqamətdə vacib addımlar atmış, səfərlər etmişdir. Hər birində də konkret nəticələri vardır. Biz onlardan Vaşinqton Sazişini, Çinə səfərini, Düşənbəyə səfəri zamanı V.Putinlə apardığı müzakirələri və əldə etdiyi nailiyyəti, Yaxın Şərqdə sülhün yaradılması ilə bağlı tədbiri, Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsini, “Avropa Siyasi Birliyi”nin tədbirində iştirakını, İtaliya dövlət başçısının Bakıya səfəri zamanı müzakirə edilən məsələləri, Azərbaycan rəhbərinin Qazaxıstana səfərini vurğulaya bilərik.
Beləliklə, Azərbaycan Prezidentinin lider kimi kreativliyi, innovativ addımları və strateji vizyonu bir-birini tamamlayan mükəmməl sistemin əsas amillərindəndir. İlham Əliyev bu kimi üstün keyfiyyətləri ilə Azərbaycan Respublikasını özünəməxsus Orta Güc halına gətirmişdir. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatının lideri və aparıcı dövlətidir. Azərbaycan geosiyasətdə öz sözü və statusu olan ölkədir! Bütün bunların hamısı Azərbaycan liderinin sayəsində bizim üçün reallığa çevrilmişdir. Eyni zamanda, inkişafın yeni mərhələsinin möhkəm təməlini hazırlamışdır! Onun da nəticələrini yaxın zamanlarda görəcəyik!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

