Eçmiədzin siyasi məkrlərinin qurbanına çevrilir

post-img

Ovanavank kilsəsi isə yeni dini mərkəz rolunda çıxış etməyə başlayır

Ermənistan hökuməti, şəxsən baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi, o cümlədən bütün ermənilərin patriarxı II Qaregin arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Hayastanda bir çoxları iddia edir ki, 2025-ci ilin may ayından indiyədək katolikosu taxtdan sala bilməyən Paşinyan alternativ kilsə yaratmaq prosesinə girişib. Guya Paşinyan oktyabrın 26-da Ovanavank kilsəsində keçmiş keşiş Stepan Asatryanın (dini titulu əlindən alınanadək “Aram ata” adını daşıyırdı–S.H.) liturgiya mərasimində də bu məqsədlə iştirak edib.

Eçmiədzin dəfələrlə bildirib ki, liturgiyanı yalnız ruhani şəxs yerinə yetirə bilər, lakin S.Asatryan buna baxmayaraq, liturgiyanı baş nazirin, nazirlər və onların tərəfdarlarının iştirakı ilə keçirib. Mərasim respublika polisinin rəisi və rəis müavini də daxil olmaqla, çoxlu sayda polis əməkdaşının ciddi mühafizəsi altında baş tutub.

Situasiyanı şərh edən siyasi analitik Arqişti Kiviryan bildirib ki, N.Paşinyan Ovanavankda alternativ katolikosluq yaratmağa çalışır. Kiviryan “Nyus.am”a müsahibədə deyib ki, bu təcrübə Ermənistan tarixində əvvəllər də olub. İndi isə erməni xalqı birləşmə haqqında düşünmək əvəzinə, kilsəni parçalamaqla məşğuldur: “Yeni dini hərəkat yaratmağa cəhd edilir. Paşinyan, həmçinin yeni bir təcrübə olan keşişlərin məsh edilməsini də öz üzərinə götürüb. O, bundan istifadə edərək keşişləri kilsəyə hücum etməyə təhrik edə, bundan imtina etdikləri təqdirdə, alternativ dini hərəkat yaratmaqla hədələyə bilər. Respublika rəhbərliyinin Eçmiədzinin ana taxtına fiziki hücum təşkil edə biləcəyi də istisna olunmur”.

Onun sözlərinə görə, hakimiyyət öz təsir vasitələrindən istifadə edərək qisas almağa doğru getdiyini nümayiş etdirir: “Paşinyanın qarşısında heç bir maneə yoxdur və əgər o, bütün ermənilərin katolikosu II Qaregini həbs etmək qərarına gəlsə, bunu edəcək. Əgər o, Eçmiədzini yandırmaq qərarına gəlsə, bunu da edəcək”.

Kiviryanın sözlərinə görə, bütün ermənilərin katolikosu hakimiyyətin dəstəyi olsaydı, sərbəst hərəkət edə biləcəyini anlamalı idi: “Mən təklif etmişdim ki, katolikos Ovanavankın artıq keçmiş keşişi olan Stepan Asatryanı çağırsın və ona, məsələn, Avstraliya, İsveçrə və ya Kanada yeparxiyasında xidmət etmək kimi cəlbedici təklif versin. Bu, onun Paşinyanın nəzarətindən çıxarılmasına imkan verərdi. Bundan bir il sonra ana taxt Ovanavankın məsələlərini həll edə bilərdi. Bu halda yeni bir dini icma yaratmaq cəhdi olmazdı. Bundan əlavə, keşişlər dəyişikliklər və islahatlar həyata keçirə, bu vəziyyətdən daha güclü çıxa bilərdilər. Digər yeparxiyalar və Kilikiya Böyük Evinin katolikosluğu Eçmiədzini dəstəkləməli və onun üstünlüyünü vurğulamalıdırlar. Onlar Paşinyanın hərəkətlərinin qəbuledilməzliyini nümayiş etdirməlidirlər”.

***

Ermənistanın Lori vilayətindəki Ovanavank kilsəsində baş verən son hadisə təkcə dini mərasim deyil, həm də ölkə daxilində gedən dərin siyasi qarşıdurmanın təzahürüdür. Katolikosun dini tituldan məhrum etdiyi keşiş Asatryanın rəhbərliyi ilə keçirilən liturgiya hökumət və kilsə arasında çoxdan qaynayan ziddiyyətləri bir daha üzə çıxardı. Mərasimə Paşinyanın özünün də qatılması bu münasibətlərin bərpasının hələlik mümkünsüz olduğunu göstərdi. Bu gərgin fonu daha da qızışdıranlardan biri də siyasi analitik Arqişti Kiviryanın açıqlamalarıdır. Onun “Paşinyan alternativ katolikosluq yaratmağa çalışır” iddiası həm emosional, həm də faktoloji cəhətdən əsassız görünür. Əvvəla, “alternativ katolikosluq” kimi anlayış Ermənistan reallığında praktik məna daşımır. Kiviryanın bu arqumenti kilsənin cəmiyyətdəki mövqeyinin zəifləməsini ört-basdır etmək cəhdidir. Reallıqda Paşinyanın mövcud kilsə sisteminə nəzarət etməyə deyil, dini institutların dövlət işlərinə təsir imkanlarını məhdudlaşdırmağa çalışdığı açıq görünür. Bu isə istənilən dünyəvi dövlətin təbii davranışıdır.

Erməni Apostol Kilsəsinin son illər apardığı fəaliyyət göstərir ki, bu qurum dini təsisat olmaqdan çoxdan uzaqlaşıb. Kilsə rəhbərliyinin bəyanatlarında siyasi terminologiyanın artması, revanşist dairələrlə əlaqələrin güclənməsi təsadüfi deyil. Ovanavank hadisəsi də bu prosesin davamıdır. Kilsə artıq dini dəyərlərin qorunmasından çox, öz təsir imkanlarını saxlamaq uğrunda mübarizə aparır. Bu mübarizə isə təkcə Paşinyan hakimiyyətinə qarşı deyil, həm də Ermənistanın modernləşməsi və dünyəviləşməsi cəhdlərinə yönəlib.

Kiviryanın arqumentlərində başqa bir ziddiyyət də diqqət çəkir: o, bir tərəfdən kilsənin bölünməsinin milli faciə olduğunu deyir, digər tərəfdən isə özü bu parçalanmanı daha da dərinləşdirən fikirlər səsləndirir. Bu yanaşma göstərir ki, bəzi analitiklər üçün məqsəd vəziyyəti təhlil etmək deyil, kilsənin siyasi mövqeyini qorumaqdır. Halbuki Ermənistanda kilsənin yenilənməsi, şəffaflıq və cəmiyyətə real mənəvi dəyərlər verməsi istiqamətində islahatlara ehtiyac var. Kiviryan kimi şəxslər isə bu dəyişiklikləri təhlükə kimi təqdim etməyə çalışır.

***

Maraqlı məqam ondan ibarətdir ki, kilsə rəhbərliyi son illər tez-tez Azərbaycandakı alban dini abidələrini “erməni dini abidələri” kimi qələmə verərək, onların guya yox olmaq təhlükəsi altında olması barədə iddialar səsləndirir. Bu bəyanatlar, əslində, diqqəti daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanın mədəni irs siyasəti, o cümlədən alban-udi kilsələrinin bərpası istiqamətində görülən işlər bu iddiaları təkzib edir. Amma Eçmiədzin rəhbərliyi bu faktları etiraf etmək əvəzinə, siyasi mübarizə aparan tərəf kimi çıxış edir.

Kilsənin Rusiya ilə münasibətləri məsələsi də diqqətdən qaçmır. Rəsmi səviyyədə bu əlaqələr “qardaşlıq münasibətləri” kimi təqdim olunsa da, əslində, Moskva dini təsisat üzərindən Ermənistanın daxili və xarici siyasətinə təsir imkanlarını qorumağa çalışır. Bu prosesdə Rusiyanın qonşu ölkədəki əsas təsir vasitələrindən olan “Sputnik Ermənistan” agentliyinin canfəşanlığı, Paşinyanı hədəfə alması, kilsəni birmənalı şəkildə dəstəkləməsi diqqətdən yayınmır. Ovanavank ətrafında baş verənlər də göstərir ki, kilsə hələ də Rusiya yönümlü revanşist dairələrin ideoloji dayağı kimi çıxış edir. Bu isə həm Ermənistanın müstəqil siyasət yürütmək cəhdlərinə, həm də regionda sabitliyə mane olur.

Bütün bu proseslər fonunda Paşinyan hökuməti ilə kilsə arasında dərin uçurum yaranıb. Cəmiyyətin bir hissəsi kilsəni mənəvi dayağından çox, siyasi manipulyasiya aləti kimi görməyə başlayıb. Əgər Eçmiədzin doğrudan da xalqın birliyinə xidmət etmək istəyirsə, ilk növbədə, siyasətdən uzaqlaşmalı, öz missiyasını yenidən müəyyənləşdirməlidir. Kiviryan kimi şəxslərin açıqlamaları isə bu zərurəti daha da aktuallaşdırır: çünki onların ritorikası Ermənistanı keçmişin kölgəsində saxlamaq, milli birliyi parçalamaq təhlükəsi yaradır.

Situasiyanı şərh edən “Qafqaz tarixi” Mərkəzinin rəhbəri, siyasi ekspert Rizvan Hüseynovun fikrincə, Ovanavank hadisəsi və Kiviryanın açıqlamaları kilsənin Ermənistanda siyasətə nə qədər dərindən qarışdığını göstərir. Onun sözlərinə görə, bu, dini yox, siyasi prosesdir: “Erməni Apostol Kilsəsi öz mənəvi nüfuzundan istifadə edərək revanşist dairələrin ideoloji platformasına çevrilib. Kiviryanın arqumentləri dini məzmundan uzaq, siyasi məqsədlərə yönəlib. Əslində, Ermənistan cəmiyyəti artıq dərk etməlidir ki, dini institutun əsas funksiyası ibadət və mənəvi dəyərlərin qorunmasıdır, siyasi qütbləşmənin alətinə çevrilmək deyil. Kilsənin bəzi dairələri Rusiya ilə əlaqələrindən istifadə edərək, hökumətə təzyiq vasitəsi kimi çıxış edir. Bu isə ölkənin suverenliyinə zərbə vurur. Eyni zamanda, kilsənin bu cür siyasi çıxışları gənc nəslin dini baxışlarını da yanlış istiqamətə yönəldə bilər. Onlar dini institutları yalnız ideoloji və siyasi platforma kimi görməyə başlaya bilərlər. Kilsənin revanşist dairələrlə əlaqələri, həmçinin Ermənistanda və regionda gərginliyi artırır, cəmiyyətin parçalanmasına xidmət edir. Əgər kilsə rəhbərliyi və Kiviryan kimi analitiklər mövqelərini yenidən gözdən keçirməsələr, bu, həm yerli, həm də xarici ictimaiyyətin etimadını itirməyə səbəb olacaq”.

Ekspert qeyd etdi ki, digər tərəfdən, Azərbaycanın multikultural mühitinə qarşı səsləndirilən əsassız iddialar da təxribat xarakteri daşıyır və real faktlara söykənmir. Erməni kilsəsinin bu cür bəyanatları bölgədəki dialoqun qarşısını almağa, sülh prosesini ləngitməyə xidmət edir. Əgər İrəvan doğrudan da sabitlik və inteqrasiya istəyirsə, ilk növbədə, kilsənin siyasətə müdaxiləsinə son qoyulmalıdır.

Səxavət HƏMİD
XQ



Siyasət