ATU süni intellekt əsaslı elektrik avtomobili təqdim edir

post-img

Azərbaycan Texnologiya Universiteti (ATU) innovasiya və texnologiya sahəsində yeni uğura imza atıb. Universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə müəllim və tələbələr tərəfindən hazırlanmış ilk ağıllı, süni intellekt əsaslı elektrik avtomobili- “ATU-Car” ictimaiyyətə təqdim olunacaq.

“ATU-Car” layihəsi universitetin elmi potensialının və tələbələrin yaradıcılıq bacarıqlarının birgə məhsulu kimi ərsəyə gətirilib. Avtomobil tam yerli imkanlarla hazırlanıb və bir sıra müasir texnologiyaları özündə birləşdirir.

Layihədə günəş panelli enerji sistemi, universitet istehsalı olan batareya texnologiyası, hərəkət enerjisini toplayaraq batareyanın 10 faizini təmin edən sensor sistemi, GPS əsaslı idarəetmə mexanizmi, səs komandaları ilə idarəetmə imkanı, mexaniki və uzaqdan (pultla) idarəetmə sistemi, 0-dan proqramlaşdırılmış süni intellekt əsaslı idarəetmə modulu (“beyin” sistemi) tətbiq olunub.

Layihənin müəlliflərinin sözlərinə görə, “ATU-Car” enerji səmərəliliyi, ekoloji təmizlik və intellektual idarəetmə texnologiyalarının birləşdirilməsi baxımından mühüm elmi nəticə hesab olunur.

Bu təşəbbüs həm də tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, mühəndislik və proqramlaşdırma sahəsində yeni tədqiqat istiqamətlərinin formalaşdırılması məqsədlərinə xidmət edir.

Azərbaycan Texnologiya Universiteti bu layihə ilə ölkədə süni intellekt texnologiyalarının tətbiqi və alternativ enerji mənbələrinin avtomobil sənayesində istifadəsi istiqamətində mühüm addım atmış olur.

Məlumat üçün bildirək ki, təqdimat tədbiri 5 noyabr 2025-ci il tarixində baş tutacaq və Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” elmi-praktik konfransı çərçivəsində keçiriləcək. Universitetin rektoru Yaşar Ömərov özünün sosial şəbəkə hesabında bu barədə məlumat verib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Təhsil