Bakı və Pekin bu məramı rəsmi sənədlə bəyan ediblər
Əslində, bu sətirləri bir neçə gün əvvəl Azərbaycanda da yüksək səviyyədə qeyd edilən əlamətdar gün – Çin Xalq Respublikasının yaranmasının 75 illiyinə sözardı kimi qələmə almaq istəyirdik. Ancaq Çin mövzulu rəsmi sənədlərə nəzər salarkən üç ay əvvəl – bu il iyulun 3-də Astanada dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin müddəaları ilə tanış olanda fikirləşdik ki, bundan sonra Bakı– Pekin münasibətləri haqqında nə yazsaq, mütləq dostluq və qardaşlıq münasibətlərimizin perspektivi, qarşıdakı böyük layihələr barədə olacaq.
Həmin birgə bəyannamənin bütün bəndləri bugünkü Azərbaycan reallıqlarının dünya miqyasında tanıdılması və dövlətimizin maraqlarının təmin edilməsi baxımından yüksək səviyyədə əhəmiyyətlidir. Ancaq sənədin birinci maddəsinin birinci bəndində qeyd edilən “Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir” abzası dünyanın iqtisadi baxımdan ən güclü ikinci dövlətinin Cənubi Qafqaza sülh gətirilməsi prosesinə sədaqətinin göstəricisi kimi qəbul edilir. Bu məqamda onu da xatırladaq ki, Çin Xalq Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Elə sənədin dördüncü maddəsinin beşinci bəndində deyilən: “Çin tərəfi Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, bu təşkilatda Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır” qətiyyəti də dövlətimizin xarici siyasətinin şaxələndirilməsinə verilən yüksək qiymətin göstəricisidir.
Dövlət başçımız dəfələrlə xatırlatmışdır ki, bizim xarici siyasətimizin yeni istiqamətləri əvvəllər əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar və ya dövlətlərlə təmaslardan əl çəkmək deyil. Biz hamı ilə yaxın dostluq və tərəfdaşlıq etməyə hazırıq. Ancaq kim bizimlə əməkdaşlıqda maraqlı deyilsə, onlara yalvarmayacağıq. Azərbaycan – Çin əməkdaşlığına gəlincə isə xatırladaq ki, dövlət başçımız bir neçə il əvvəl Çin Xalq Respublikasını “Azərbaycanın böyük dostu” adlandırmışdı. Azərbaycan liderinin beynəlxalq aləmdəki nüfuzunu, özünəməxsus xarici siyasət yeritməsini, xüsusilə, Çin Xalq Respublikası ilə münasibətlərdə siyasi uzaqgörənlik nümayiş etdirməsini nəzərə alan Çin dövlət başçısı isə öz ölkəsinin mətbuatına verdiyi müsahibədə “İlham Əliyev Çinin böyük dostudur” ifadəsini dilə gətirməklə, sözün həqiqi mənasında, böyüklük nümayiş etdirmişdi.
Yəni yuxarıda adını çəkdiyimiz bəyannamədə deyildiyi kimi, tərəflər beynəlxalq və regional vəziyyətin mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Fikrimizcə, bu fakt gənc müstəqil Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsidir.
Məlum olduğu kimi dünyanın müxtəlif ünvanlarındakı anti-türk, anti-Azərbaycan məqsədli qüvvələr, xüsusən Fransa dövləti və bəzi Avropa siyasətçiləri Cənubi Qafqazda yenidən hansısa münaqişənin yaradılmasına, Ermənistandakı başıpozuq qüvvələrin revanş düşüncəsinin körüklənməsinə çalışırlar. Belə məkrli qüvvələrə xatırladırıq ki, cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycan tək deyil. Türkiyə liderinin həmin ifadəsi bu il iyulun 3-də Astanada bir daha öz təsdiqini tapmış oldu.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları birgə bəyannamədə deyilir ki, Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır, tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.
Xatırladaq ki, bu gün Azərbaycanın beynəlxalq aləmdəki siyasi çəkisini artıran əsas amillərdən biri də bizim təşəbbüsümüz və ya razılığımız əsasında ərsəyə gəlmiş çoxsaylı və çoxistiqamətli nəqliyyat layihələridir. Odur ki, Çin Xalq Respublikasının Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə çalışmasından məmnunuq. Eləcə də, rəsmi Pekin Çin – Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx əməkdaşlıq təklif edir. Üstəlik, Pekin regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.
Bu arqumenti təsadüfən yada salmadıq. Çünki Azərbaycan, Türkiyə və Rusiya prezidentləri dəfələrlə qeyd ediblər ki, Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri regionun bütün ölkələrinin iqtisadi maraqlarına cavab verir və Zəngəzur dəhlizinin açılması həmin maraqların həcmini, miqyasını böyüdəcək. Region ölkələrinin rəhbərlərindən sonra Çin lideri də öz imzası ilə təsdiq etdi ki, rəsmi Pekin regionun digər ölkələri ilə də işləməyə hazırdır. Təbii ki, bütün bunları Ermənistanda da başa düşürlər. Ancaq Makron və bəzi Avropa siyasətçiləri İrəvanın hansısa müstəqil addım atmasını mümkünsüz edirlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin yanvarında Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində demişdi ki, qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Çinlilər buna öz əzmkar əməkləri, xalqın və ölkə rəhbərliyinin müdrikliyi, nəticəyönümlü səyləri sayəsində nail olmuşlar: “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı... Bu, mənim üçün böyük şərəf idi”.
Əvvəllər də qeyd etdiyimiz kimi, hazırda ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrində ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb.
Ancaq Prezident İlham Əliyev bu göstəricilərlə razı deyil: “Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik... Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Beləliklə, bizim, həqiqətən də, çoxşaxəli münasibətlərimiz var”.
İ.MİRZƏCANOĞLU