Qərbi Azərbaycan İcması İrəvanı və Vaşinqtonu ədalətə çağırır

post-img

Qərbi Azərbaycan İcmasının dünən yaydığı növbəti bəyanatda Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsi və irqçi fikirlər səsləndirməsi kəskin pislənib:

– Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur.

Bəyanatda xatırladılır: “27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur. Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”.

***

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransında ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın, guya, “Dağlıq Qarabağda insan hüquqları və humanitar hüquqların pozulması”nı iddia etməsini də qətiyyətlə qınayıb:

– Əvvəla Azərbaycanda “Dağlıq Qarabağ” adlı heç bir region mövcud deyil. ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməmişdir. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir.

Bəyanatın davamında qeyd edilir: “ABŞ-nin Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına onilliklər ərzində göz yumması fonunda belə bir mövqe sərgiləməsi azərbaycanlılara qarşı etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin bariz sübutudur. Ermənistandan axırıncı deportasiya zamanı qovulmuş 300 mindən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. İşğal altında olmuş Azərbaycan torpaqlarından qovulmuş 700 mindən çox azərbaycanlı 30 il ərzində geri qayıda bilməmişdir.

Bütün bunlara görə biz ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa, bölgədə yenidən münaqişə alovlandırmaq cəhdlərindən əl çəkməyə və deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırırıq”.

XQ



Siyasət