Füzulinin dünya şöhrəti

post-img

Dünən X Bakı Beynəlxalq Kitab Sərgisində “Məhəmməd Füzuli 530” mövzusunda ekspozisiyanın da açılışı olub. Sonra Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Klassik Azərbaycan şeirinin günəşi - Məhəmməd Füzuli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov konfransın məqsədinin Məhəmməd Füzulinin dünya miqyasında əsərlərinin təbliği, çapı, əlyazmaların yerləşdiyi kitabxanalar haqqında müzakirələrin aparılması olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. O, dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdən bəri yaşadığını vurğulayıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunun füzulişünaslıq sektorunda Füzulinin 530 illik yubileyinə həsr edilmiş kollektiv monoqrafiya üzərində iş aparıldığını bildirib.

AMEA Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Fəridə Əzizova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru professor Konstantin Qamsaxurdiya, Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser dahi mütəfəkkir Məhəmməd Füzulinin zəngin irsinin bəşəri dəyərindən, dünya şöhrətindən ətraflı bəhs ediblər.

Elmi məclisdə aktyorlar Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova Məhəmməd Füzulinin şeirlərini səsləndiriblər.

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər