“Artsax” layihəsi qapandı

post-img

Ömrü başa çatmış fitnəkarlığa sərmayə qoymurlar

Zamanın öz hökmü var. Ona qarşı çıxmaq, yaxud hökmünə korrektələr etmək insanın işi deyil. Beləliklə, hayların “artsax” adlı ömrü süni şəkildə uzadılmış saxta layihəsi başa çatıb. İndi getsinlər dünyanın başqa bir yerində yeni “artsax” layihəsini həyata keçirməyə dair özlərinin məkrli planlarını qursunlar. Eynilə bəzi qeyri-hökumət təşkilatları üçün qazanc əldə etmək üsulu sayılan qrant-layihələrdə olduğu kimi. Amma icra müddəti başa çatmış və özünü doğrultmamış layihəyə ikinci dəfə qrant ayırmırlar. Necə ki, “artsax projesi”nə daha pul verən yoxdur... 

Azərbaycanın tərkibində 30 ildən çox mövcud olan qeyri-qanuni anklavın, xə­ritəmizdəki “qarayara”nın, bir sözlə, heç vaxt heç kimin tanımadığı “artsax”, “miat­sum” layihəsi indi tarixin arxivində tozlan­ma aqibətini gözləməkdədir. 

Dinc yolla münaqişəni həll etməkdən boyun qaçıran işğalçını müharibə ilə tor­paqlarımızdan qovduq, lokal antiterror təd­biri ilə (sülhə məcburetmə əməliyyatı da deyə bilərik – red.) ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Artıq za­manın təkəri tərsinə deyil, düz istiqamətdə fırlanır. Reallıq “artsax” layihəsinin məhv olmasından, bir daha başını qaldırmaq şansının olmamasından ibarətdir. Bəli, bu, Azərbaycanın böyük geosiyasi qələbəsidir. 

İndi İrəvanda əyləşib Qarabağ ermə­nilərinin geridönmə hüququndan dəm vu­ranlar bu pozulmuş “kartdan” daha çox daxili siyasi qarşıdurmada yararlanmağa çalışırlar. 20 il Ermənistanda hakimiyyət­də olmuş “Qarabağ klanı”nın başı məh­kəmə çəkişmələrindən ayılanda özlərini, guya, “artsaxlıların” qeyrətini çəkənlər kimi göstərən Koçaryan, Sarkisyan, keşiş Qalstanyan kimi separatçılar beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır, ABŞ Konqresində dinləmələr keçirirlər. Bun­ların altməqsədləri Paşinyanı kürsüsün­dən aşırmaq və yenidən hakimiyyəti ələ keçirməkdir. Hər iki cəbhədə faydasız və səmərəsiz fəaliyyətə baş vuranlara sadə bir həqiqəti xatırlatmağımıza gərək var. Axı, Qarabağın Azərbaycan torpağı olduğunu Ermənistan isteblişmentinin, demək olar ki, bütün üzvləri etiraf ediblər. Əgər onlar bunu unudublarsa, yadlarına sala bilərik. 

* 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə!” deyən baş nazir Nikol Paşinyan cəmi bir ildən sonra sözünü 180 dərəcə döndərərək, “Qarabağ Azərbaycan tor­pağıdır” etirafı tarixi reallığın və ədalətin bərpası demək idi. 

* 2021-ci ilin noyabrında təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bəyan edirdi: “Ermənistan demarkasiya və deli­mitasiyası prosesinə başlamağa hazırdır. Bu, o deməkdir ki, “artsax” məsələsi bir­dəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!”.

* Bir il əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan –“dqr” qondarma parlamentlərarası komissiyası­nın buraxıldığını bəyan edib. Onun söz­lərinə görə, komissiyanın ikinci tərəfinin səlahiyyəti mövcud deyil. Hayların spikeri ərz edib ki, “Dağlıq Qarabağın prezidenti” termini də daxil olmaqla, qondarma reji­min vəzifələri daha mövcud deyil.

* 2024-cü ilin aprelində “artsaxlılar” xa­rici işlər naziri Ararat Mirzoyan və Armen Qriqoryanla görüş variantlarını müzakirə edib, sonda əslən Hadrutdan olan Qriqor­yanla görüşə üstünlük veriblər. Onlar ümid edirdilər ki, təhlükəsizlik şurasının katibi onlarla həmfikir olacaq. Amma ümidləri puça çıxıb. Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq şəraitdə keçib. “Hraparak”dan sitat: “Bizə dedilər ki, görüş cəmi 20-30 dəqiqə çəkib. Onlar Qriqoryanı inandırmağa çalışdılar ki, bö­yük nəticə əldə etmək mümkün olmasa da, “artsax” məsələsini gündəmdə saxlamaqla Ermənistanın müdafiəsinin güclənməsinə töhfə vermək olar. Fəqət ,Armen Qriqoryan onları dinləmək belə istəməyib və açıq şə­kildə deyib ki, “artsax” məsələsi qapanıb”.

Bizə elə gəlir ki, separatçıların yadda­şını təzələmək üçün bu qədər yetər. 

* * * 

İndi isə gələk separatçı-revanşist qa­ragüruhun, “artsax” mövzusunu gündəmə gətirməyə çalışanların cavablarını verməyə çalışan Paşinyan komandasının üzvlərinin ritorikasına. Onlardan biri son vaxtlar siya­si fəallığını artırmış parlamentdəki “Mül­ki müqavilə” fraksiyasının katibi Artur Hovannisyandır. Onun dediklərinə diqqət yetirək: “Hazırda Dağlıq Qarabağdan (?) məcburi köçkün düşmüş soydaşlarımızın sülh yolu ilə öz evlərinə qayıda biləcək­ləri ilə bağlı şansları yoxdur”. Hovannis­yanın sözlərinə görə, 2020-ci il 10 noyabr Bəyanatının şərtləri, faktiki olaraq, yerinə yetirilməyib. Parlamentdəki iqtidar fraksi­yasının katibi hesab edir ki, bu cür adamlar heç nədən “artsax” problemini qabartmaq­la Ermənistanın daxili həyatında gərginlik yaratmağa, ölkənin boynuna yeni “siyasi kəndiri” dolamağa çalışırlar.

Bunun ardınca məlum bəyanatı ikibaşlı izah etməyə girişən hay deputat qeyd edir ki, hazırda Dağlıq Qarabağdan (?) məcbu­ri köçkün düşmüş ermənilərin sülh yolu ilə öz evlərinə qayıda biləcəkləri yönündə təsəvvürləri yoxdur. Çünki noyabrın 10-da imzalanmış bəyanat yerinə yetirilməyib. Hovannisyan bildirib ki, bəyanatın şərtinə görə, Rusiya sülhməramlıları Dağlıq Qa­rabağdakı (?) ermənilərin təhlükəsizliyini təmin edə bilməyiblər: “Bu, Ermənistan hakimiyyətinin uğursuzluğu deyil. Azər­baycan hərbi addımlar atdı, Ermənistanı müharibəyə sürükləməyə cəhd göstərdi ki, sərhəddə müəyyən proseslər baş versin”.

“Mülki müqavilə” fraksiyası üzvünün ikibaşlı açıqlaması ictimaiyyətin damarı­na basmamaq niyyəti ilə izah oluna bilər. Artur Hovannisyan Ermənistandan xarici ölkələrə köçməyə üstünlük verən və say­ları getdikcə azalan Qarabağ erməniərini əmin edib ki, hakimiyyət Dağlıq Qarabağ­dan (?) məcburi köçkünlərin problemlərini həll etməyə çalışır ki, onlar Ermənistan cə­miyyətinə tam inteqrasiya olunsunlar. 

* * * 

Oxuculara xatırladaq ki, Paşinyan hö­kuməti, həqiqətən də, köçkünləri yaşayış yeri, normal işlə təmin etmək məqsədilə xüsusi proqram qəbul edib. Həmin proq­ramda keçmiş Qarabağ ermənilərinin ha­mısına Ermənistan pasportunun verilməsi nəzərdə tutulub. Hətta onlara qaçqın statu­sunun verilməsi ara-sıra gündəmə gətirilir. Amma bu məsələnin bir “əmma”sı var. Qarabağdan Ermənistana gedən ermənilər hansı statusu ala bilər? Axı onların əksə­riyyəti Ermənistan vətəndaşları idilər. Bir qismi isə məqsədli şəkildə Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırıl­mışdı. Bu halda onlara heç bir status ve­rilə bilməz. Əgər onlara qondarma “dqr”in pasportu verilibsə, deməli, qaçqın statusu­nun verilməsi beynəlxalq hüquqa ziddir. “dqr” heç vaxt beynəlxalq hüququn sub­yekti olmayıb, yəni bu separaçı qurumu dünyanın heç bir ölkəsi tanımayıb. 

Onların yeganə yolu Bakının təklif etdiyi variantla razılaşmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək idi ki, bundan yararlanmaq Qarabağ ermənilərinin heç də hamısı üçün təhlükəsiz sayılmırdı. Axı on­ların əksəriyyəti 30 il ərzində Azərbaycan xalqına və dövlətinə qarşı kifayət qədər hərbi və digər ağır cinayətlər törədiblər. 

Bütün bunları sadalayandan sonra sö­zümüzün əvvəlinə qayıdırıq. “Artsax” yoxdur. Erməni nazirlərdən birinin etiraf etdiyi kimi, torpaq yoxdursa, “dövlət” də yoxdur. Hazırda İrəvanda yerləşən Qara­bağ separatçılarının nəinki “dövləti”, onun atributları belə iqtidar komandasında qıcıq yaradır. Görünür, ayın sonunda baş qaldı­racaqları təqdirdə, Paşinyan onları separat­çı ideyaları ilə bir yerdə ölkədən kənara ix­rac etmək istiqamətində konkret addımlar atmalı olacaq. 

Rasim MUSABƏYOV,
politoloq

– “Artsax”, yaxud “Dağlıq Qara­bağ Respublikası” qondarma qurumlar idi. Artıq bu layihə nə “de-yure”, nə də “de-fakto” mövcuddur. Kimlərsə bu “kartla” yenidən oynamaq istəyirlərsə, nahaq yerə özlərini yorurlar. Guya Qara­bağ ernmənilərinin mütəşəkkil, təhlükə­siz şəkildə geriyə dönmələrini kimsə təmin etməlidir. Bunun cəfəngiyyat ol­duğunu özləri də başa düşürlər. Həmin Qarabağ ermənilərinin böyük bir qismi Azərbaycan xalqına, dövlətinə qarşı ci­nayət törədiblər. Məhz həmin cinayətin məsuliyyətindən yayınmaq üçün öz xoş­ları ilə yığışıb Ermənistana köçüblər. İndi görün nə deyirlər: o halda qayıda­rıq ki, orada Azərbaycan ordusu, polisi, ümumiyətlə, Azərbaycanlılar olmasın. Onlar bu məsələni heç müzakirəyə çıxarmaq iqtidarında deyillər. 

Söhbət ondan gedir ki, Azərbayca­nın müəyyən etdiyi qaydalar çərçivə­sində buyurub fərdi şəkildə portalda ərizə ilə müraciət etsinlər. Bütün pro­sedurlardan keçsinlər və əgər keçmişdə cinayət əməlləri yoxdursa, ya Azərbay­can vətəndaşlığını qəbul etsinlər, ya da gəlib hansısa işi görmək üçün icazə almalıdırlar. Bunun başqa yolu yoxdur. Qayıdış arxivə göndərdiyimiz “artsax”a, “” deyil, yalnız Azərbaycana ola bilər. Düşünürəm ki, bunu özləri də anlayırlar. Sadəcə olaraq, bu “çevrilmiş kartdan” Bakıya təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. 

İndi bu “kartdan” daha çox daxildə istifadə olunduğu görünür. Deyə bilə­rik ki, Qarabağ erməniləri separatçılar Sarkisyanın, Koçaryanın ətrafına top­laşırlar. Hayların eks-prezidentləri bu kütlə ilə Nikol Paşinyana qarşı “tarana” getməyi planlayırlar. Məqsəd əllərindən qoparılmış hakimiyyəti geri qaytarmaq­dır. Qarabağ ermənilərinin İrəvandakı qərargahı Paşinyan əleyhdarlarının yu­vasına çevrilib. Həm də buna görə baş nazir və onun tərəfdarları bu ayın sonla­rında gözlənilən “hücum” baş tutarsa, o yuvanı mütləq dağıdacaqlar. Bu, onların daxili işidir.

Azərbaycan üçün “artsax”, “dağlıq Qarabağ” məsələsi bağlanıb. Azərbayca­nın siyasi gündəliyində bu adda mövzu yoxdur!

İmran BƏDİRXANLI
XQ



Siyasət