Paşinyanın “yarımçıq sülh” məntiqi

post-img

İrəvanın anti-Moskva ritorikasında yeni həyasızlıq elementləri

Ermənistanın “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyanın Bakı–İrəvan sülh prosesi ilə bağlı bildirdiklə­rinə əvvəl pozitiv məcradan yanaşmağın mümkünlüyü barədə düşündük. Eyni zamanda, Hovannisyanın baş nazir Nikol Paşinyan tərəfindən səs­lənmiş fikrə Azərbaycanın reaksiyasını şərh etməsi maraqlı gəldi. Maraq kontekstindəki müsbət gözləntilərimiz isə özünü qətiyyən doğrultmadı. Bunun ən bariz sübutu ilə yazının son bölümündə tanış olacaq və biləcək­siniz ki, Ermənistanın anti-sülh ritorikasında tamamilə yeni seqment var. Əlbəttə ki, söhbət həyasızlıq seqmentindən gedir.

Məlum olduğu kimi, baş nazir N.Pa­şinyan “Yerevan dialoqu” forumundakı çıxışında Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı bir çox cəhətlərə toxunub. Onlardan biri də budur: Sülh sazişi yalnız razılaşdırılmış məqamlar əsasında, yəni razılaşdırılmayanlar gündəlikdən çıxarıl­maqla imzalansın, digər məsələlərin həlli gələcəyə saxlanılsın. O da məlumdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi belə yanaşmanın yolverilməzliyini açıqlayıb. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan tərəfinin sülh sazişi layihəsini hansı formada imzalamaq niy­yətindən asılı olmayaraq, real və davamlı sülh müqaviləsi baxımından əsas şərt var – başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Müstəqillik aktı­na açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çox­saylı hüquqi və siyasi sənədlərində yer almış Azərbaycana qarşı ərazi iddialarına son qoyulması. 

Qeyd edək ki, Bakı–İrəvan sülh müqa­viləsi layihəsində “heç bir tərəf sülh sazişi çərçivəsində öhdəliklərini yerinə yetir­məməsi ilə əlaqədar öz daxili qanunveri­ciliyinə istinad edə bilməz” müddəası yer alıb. A.Hacızadənin bildirdiyinə görə, Pa­şinyanın bu müddəaya əsaslanması və Er­mənistan konstitusiyasındakı maddələrin zərərli olmadığını bildirməsi qeyri-məq­buldur. Ölkəmizin XİN rəsmisi digər bir çox cəhətlərdən də söz açıb ki, onların ha­mısının üzərində dayanmaq mümkündür. 

Amma başlıca məsələ budur ki, N.Pa­şinyan, faktiki olaraq, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­nata əsasən üzərinə düşən əsas öhdəliyi yerinə yetirmək istəmədiyini vurğulayır. Yəni, Azərbaycanın digər ərazilərini Nax­çıvanla birləşdirən yolla razılaşmır. Daha doğrusu, razılaşmadığını bir daha ortaya qoyur, ölkəsinin ərazi bütövlüyü və suve­renliyi amilini qabardır. 

Bu yerdə Azərbaycan və Rusiya lider­ləri ilə yanaşı, Nikolun da imzasının yer aldığı üçtərəfli bəyanatın 9-cu bəndini diqqətə çatdıraq: “Bölgədəki bütün iq­tisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Res­publikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti­nin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Res­publikası ilə Azərbaycanın qərb rayonla­rını birləşdirən yeni nəqliyyat kommuni­kasiyalarının inşası təmin ediləcək”.

Bəli, “maneəsiz hərəkətin təşkili”. Yəni, söhbət ölkəmizin Naxçıvana yol məsələsində irəli sürdüyü “Azərbaycan­dan Azərbaycana yol” məntiqindən ge­dir. Rəsmi Bakı ərazidə hansısa sərhəd və gömrük nəzarətinin olmamasını tələb edir. Ermənistanın haqqında söz açdığı­mız ərazi bütövlüyü və suverenlik fak­toru məhz buna qarşıdır. Əlbəttə, rəsmi İrəvan “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmə­tinin sərhəd xidmətinin orqanları həyata keçirirlər” müddəasını da özünün dövlət prinsiplərinə zidd sayır. Təsəvvür edin, Ermənistanın Türkiyə və İranla sərhədlə­rini rus hərbçiləri qoruyurlar. İndi Nikol və komandası ərazi bütövlüyü və suve­renlikdən dəm vurur. Bu, azmış kimi, ölkəmizi qeyri-konstruktivlikdə qınayır. Qınayanlardan biri də adını çəkdiyimiz A.Hovannisyandır. 

A.Hovannisyan deyir ki, Azərbaycan­la danışıqlar prosesi rəvan getmir və və­ziyyətin bu şəkildə inkişaf edəcəyi əvvəl­dən bəlli idi. Proses zamanı problemlərin yarandığını və bir sıra razılaşdırılmamış fraqmentlərin mövcudluğunu, lakin sülh müqaviləsinin əksər bəndlərinin razılaşdı­rıldığını, daha bir neçə məqamın isə qis­mən razılaşdırıldığını vurğulayan partiya funksioneri, eyni zamanda, rəsmi Bakını tez-tez konstruktiv və mehriban qonşu­luqdan uzaq bəyanatlar səsləndirməkdə ittiham edib. Necə deyərlər, köhnə ha­mam, köhnə tas. Əslində, N.Paşinyan da “Yerevan Dialoqu” forumunda Azərbay­canı günahlandırmağa köklənmişdi. Ho­vannisyan isə mövcud xüsusdakı konkret predmeti açıqlayır. Özü də son dərəcə hə­yasız formada. Fikrimizi əsaslandırmaq üçün bir məqama da diqqət yetirək. 

Məlumdur ki, 2020-ci ildən başlan­mış sülh prosesi kontekstində Ermənistan rəsmiləri çox tez-tez bildirirdilər ki, Azər­baycanla danışıqların vasitəçilərsiz apa­rılması mümkünsüzdür. Onların sözlərinə görə, guya, rəsmi Bakı proses çərçivəsin­dəki razılaşmaları pozmaq potensialına malikdir, beynəlxalq vasitəçilər bunun baş verməsinin qarşısını alacaq, münasi­bətlərin nizamlamasını, bir növ, fiksasiya edəcəklər. O da aydın idi ki, rəsmi İrəvan tərəfindən səslənmiş bu tezis manipulya­siya xarakteri daşıyır. Məsələn, Paşinya­nın Qarabağ da daxil olmaqla, Azərbay­canın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirməsi 2022-ci ildə Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mi­şelin gözləri qarşısında yaşanmışdı. Lakin bundan ötən bir il ərzində Qarabağda qey­ri-qanuni erməni silahlı birləşmələri qaldı. Yəni, Ş.Mişelin fiksasiyası əhəmiyyət da­şımadı və ölkəmizin güc tətbiqi işə yaradı. 

Digər tərəfdən, vasitəçilik özü bey­nəlxalq rəqabətə çevrilməyə başladı ki, bu istiqamətdəki spekulyasiyaları Ermənis­tan rəhbərliyi həyata keçirdi və Rusiyanın sülh təşəbbüslərini Qərbin təkliflərinə də­yişdi. Əslində, Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə çalışdı və bu gün də eyni “ampluadadır”. Azərbaycan isə və­ziyyətin xoşagəlməz şəkil almasını görüb birbaşa danışıqlar təklifini irəli sürdü və rəsmi İrəvan zaman-zaman müqavimət göstərsə də, yekunda təkliflə razılaşmaq məcburiyyətində qaldı. Təcrübə ikitərəf­li danışıqlar formatının uğurlu olduğunu təsdiqlədi. Ən qəribəsi isə odur ki, hazırda Ermənistan Azərbaycanı nizamlama pro­sesinə üçüncü tərəfi qoşmaqda günahlan­dırır. Hovannisyanın daha bir həyasızlığı elə budur. 

Rəsmi İrəvanın, guya, sülhün təş­viqi ilə bağlı yanaşmalarından söz açan, məsələdə beynəlxalq tərəfdaşlarla əmək­daşlıqdan danışan erməni parlamentarinin fikirlərində, müəyyən mənada, pozitiv sayılacaq bir məqam var. Belə ki, Ho­vannisyan Bakının kəskin bəyanatlar səs­ləndirməsinə baxmayaraq, danışıqlarda uğurların əldə edildiyini vurğulayır: “Ona görə də gəlin, Bakının son bəyanatını (A.Hacızadənin mövqeyini – red.) danışıq­ların dalana dirənməsinin sübutu hesab etməyək. Əvvəllər dalana dirənmiş vəziy­yət təəssüratı yaranan hallar olub. Lakin sonradan durum yumşalıb. İndi biz də bu yolla getməliyik”.

Reallıq ondadır ki, Azərbaycan kəskin bəyanatlar səsləndirməyəndə, Ermənis­tandan heç bir tərpəniş olmur. Necə deyər­lər, ilan ulduz görməsə ölmür. Yaxşı olar ki, Hovannisyan məhz bunu əsas götür­sün. Bəs erməni parlamentarinin “üçüncü tərəf” məntiqi nədən ibarətdir? Əlbəttə ki, diqqət Rusiya üzərinə yönəlir. Guya ki, Moskva Bakı–İrəvan ikitərəfli dialoquna mane olur. Deyəsən, təkcə Hovannisyan deyil, erməni siyasi hakimiyyətinin təm­silçiləri 44 günlük müharibə dönəmində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yalvarmalarını yaddan çıxarıblar. 

Yaddan çıxarıblar ki, Ermənistan üçün daha acınacaqlı sonluq vəd edən savaşı dayandıran, faktiki olaraq, ölkəni Azər­baycanın əlindən qurtaran hansısa Qərb ölkəsi yox, məhz Rusiya olub. Yəni, hər bir halda, rəsmi İrəvan Kremli nəzərə almalıdır. Bakı da nəzərə alır. O mənada ki, Rusiya savaşı dayandırmaqla, Ermə­nistanın öz öhdəliklərinə əməl etməsinə dair zəmanət götürüb. Təəssüf ki, 2020-ci ildən ötən müddətdə Rusiyanın da zə­manət öhdəliklərinə tam əməl etmədiyini gördük. Bir halda ki, Qarabağa səpələn­miş erməni silahlı birləşmələrini özümüz qovduq, qan töküb şəhid verdik, başqa nə deyək?..

Ancaq Azərbaycan prinsiplərə sadiq­dir. Eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata. Ona görə də sənədin tam şəkildə icrasını tələb edir. Ölkəmiz burada Rusiyanın xidmətlərini inkar et­mir ki, bu, tam anlaşılandır. Rəsmi Bakı prinsiplərinə həm də ona görə sadiqdir ki, ölkəmiz ötən müddətdə Qərbin sülh­yaratma missiyasının mahiyyətcə yekun nöqtəyə gətirmədiyini, erməni avantü­rizminə xidmət etdiyini gördü. Sözümüz ondadır ki, İrəvanın danışıqlara üçüncü tərəfin cəlbi ritorikasını qabartması mə­nasızdır. Çünki Rusiyaya “üçüncü tərəf” prizmasından yanaşılması yolverilməzdir. Başqa məqamlar bir yana, Moskvanın leqal tərəf statusunu təsdiqləyən N.Paşin­yanın imzasıdır. Ermənistanın zaman-za­man üstünlük verdiyi və ehkamlaşdırdı­ğı Qərb vasitəçiliyi xəttində isə nəyinsə konkret imza ilə təsdiqlənmə məntiqi yoxdur. 

Əlqərəz, A.Hovvanisyan region­da başqa maraqları olan digər regional ölkələrin Bakı–İrəvan dialoquna mü­daxilə etdiyini vurğulayır. Heç şübhəsiz, Rusiyanı nəzərdə tutur. Demək istəyir ki, Bakı Moskvanın maraqlarına xidmət edən fərqli ritorikaya əl atır ki, bu da danışıqla­rın normal gedişinə əngəl yaradır. Sanki Rusiya olmasaydı, Azərbaycan Naxçıva­na yol məsələsində Ermənistanın hazırda məqbul saydığı formulu qəbul edəcəkdi. 

Belə bir halın yaşanmayacağı gün kimi aydındır. Həm də ona görə ki, keç­mişin acı təcrübəsi var. Ölkəmiz Bakıdan Naxçıvana və əks istiqamətə hərəkət edən qatarların Meğri ərazində daşa basıldığını unutmayıb. Nə indiki, nə də gələcək er­məni rəhbərliyi oxşar halın yaşanmayaca­ğına təminat verə bilər. Nəzərə alsaq ki, hazırda Naxçıvana yol daha qlobal mar­şrut sayılır, o zaman Azərbaycan nə üçün heç bir avantürizmindən əl çəkməyən, konstitusiyasında və qanunlarında qonşu­lara qarşı ərazi iddiasını saxlayan Ermə­nistanın təminatına etibar etməlidir? Yəni, sülh müstəvisindəki bütün məsələlər bir-biri ilə bağlıdır. Elə məhz bu səbəbdən də Paşinyanın razılaşdırılmış müddəalar üzrə barış sazişinin imzalanması istəyi mümkünsüzdür. Axı sülh fundamental xassəyə malik olmalı, səmimiyyətə əsas­lanmalı, İrəvanın vaxt udmaq niyyətinə yer olmamalıdır.

Əvvəldə vurğulamışdıq ki, Ermənis­tanın anti-sülh ritorikasına tamamilə yeni seqment, daha dəqiq desək, unikal həya­sızlıq əlavə edilib. İndiyədək heç bir er­məni rəsmisinin, yaxud siyasətçisinin sər­səmləmə bazasında olmayan həyasızlıq. Sonda bu barədə bir qədər ətraflı söz açaq. 

A.Hovannisyan İranın “Zəngəzur dəh­lizi” məsələsində özünü qabarıq göstərən etirazları fonunda vurğulayıb ki, ekstra­territorial dəhliz məsələsi heç vaxt gün­dəmdə olmayıb. Yəni, bu, o deməkdir ki, Tehran rəsmilərinin nə cür fikir bil­dirmələrindən, sərt reaksiyalarından asılı olmayaraq, rəsmi İrəvanın özü təkbaşına “Zəngəzur dəhlizi”nə qarşıdır. Ən başlı­cası isə erməni parlamentari bu dəfə ad çəkərək, Rusiyanın sözügedən dəhliz­də marağından danışır və bildirir: “Əgər kiminsə gündəliyində Ermənistanın İt­tifaq dövlətinin bir hissəsinə çevrilməsi məsələsi varsa, bu, onların problemidir. Əgər bu məsələ Rusiyanın gündəmində­dirsə, bu, heç də o demək deyil ki, bizim gündəmimizdədir”.

Bəli, “Zəngəzur dəhlizi”ni Rusiyanın İttifaq dövləti məntiqi ilə əlaqələndirmək qalmışdı ki, erməni tərəfi həyasızlığın bu pilləsinə də baş vurdu. Hesab edirik ki, belə bir yaramaz tezis Ermənistanın Azərbaycanla sülhdən yayınmaq yönüm­lü dəst-xəttində tam yenilikdir və heç şübhəsiz, İrəvanın anti-sülh mahiyyətli baxışlarının tərkib hissəsi olaraq tirajlana­caq. Bütün bunların, səmimiyyətdən uzaq, spekulyasiyalara və manipulyasiyalara hesablanmş gedişlərin isə Azərbaycan və Ermənistan arasındakı normallaşma pro­sesinə xələl gətirdiyi, ümumən, Cənubi Qafqazda gərginliyi saxladığı şübhəsizdir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət