Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Budapeştdə imzalanması təklifini verib.
Nazir bu ideyanı sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq forumunun “Qarşılıqlı əlaqənin geosiyasəti: rəqabətdən əməkdaşlığa” mövzusunda panel müzakirəsində çıxışı zamanı səsləndirib. P.Siyarto bunu ölkəsinin tərəflərə göstərə biləcəyi mühüm kömək kimi dəyərləndirib. Qeyd edib ki, müharibə heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında həllini tapır. Macarıstan münaqişənin hər iki tərəfi ilə qarşılıqlı hörmət əsasında danışmaq niyyətindədir.
Onun sözlərinə görə, Budapeşt bu yaxınlarda Ermənistanla diplomatik münasibətləri bərpa edib. Bundan sonra ikitərəfli ticarətdə rekord göstəriciyə nail olunub və paytaxtlar arasında uçuşlar başlanıb. Bundan əlavə, tərəflər əməkdaşlıq qurur, o cümlədən paytaxtlarda səfirliklər açılır.
Nazir qeyd edib ki, Macarıstan, eyni zamanda, Azərbaycanla strateji əməkdaşlıq qurub və energetika sferasında sıx qarşılıqlı əlaqədədir. “Bu, bizdən iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa imkan verən mövqedə durmağı tələb edir. Hər iki tərəflə bu yaxınlarda apardığım danışıqlar zamanı sülh müqaviləsinin imzalanması üçün məkan kimi Budapeştin seçilməsi variantını təklif etdim”, – deyə macar nazir bildirib.
Əlbəttə, macarıstanlı nazirin təşəbbüsü xoşməramlı, rəsmi Budapeştin sülh danışıqlarının müsbət istiqamətdə getməsinin, intensivləşməsinin tərəfdarı olduğunun göstəricisi sayılsa da, qeyd etmək lazımdır ki, hələlik saziş layihəsi üzərində işi tam yekunlaşdırmaq mümkün olmayıb. Doğrudur, prosesdə müəyyən dinamika var. Amma hələ də fikir ayrılığına səbəb olan əsas məsələ – Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarını özündə ehtiva edən müstəqillik bəyannaməsinə istinad çıxarılmayıb. Ermənistan tərəfi konstitusiya dəyişikliyi ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bəyan edib. Bu isə sülh danışıqlarını uzatmaq istəyindən xəbər verir.
Bir neçə gün öncə – sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik: “Bu mümkündür – Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının – halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır – özü belə düzgün istiqamətdə atılan addımlardır. Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır”.
Ermənistanın baş naziri isə sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı deyib: “Bir neçə illik danışıqların nəticəsi olaraq artıq qoyulmuş bünövrədən imtina etməmək çox vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim sülh müqaviləsinin razılaşdırılmış hissəsini imzalamaq və gələcək məsələlərin həlli üçün qalan danışıqlara keçmək imkanımız olacaq. Bu baxımdan biz təklif edirik ki, hazırda razılaşdırılan bəndləri imzalayq, fundamental sənədimiz olsun. Sonra qalan məsələlər üzrə müzakirələr davam etdirilsin”.
Bundan bir neçə gün öncə isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkənin sülh sazişi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, sazişin tezliklə imzalanması üçün real şans var: “Layihədə 16 maddə mövcuddur, onlardan 13-ü tam, 3-ü qismən razılaşdırılıb”.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, N.Paşinyanın çıxışı zamanı həm sülh sazişi layihəsi, həm də ümumilikdə, 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır. Onun sözlərinə görə, Ermənistan rəsmilərinin sülh sazişi layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. XİN bir daha xatırladıb ki, Ermənistan tərəfinin sülh sazişi layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran müstəqillik bəyannaməsinə açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Göründüyü kimi, Ermənistan və Azərbaycan arasında hələ də həllini gözləyən ciddi məsələlər var. O cümlədən hayların əsas qanunu sülhün yaranmasına böyük maneədir. Belə bir vəziyyətdə əsas məsələ prosesdə nəticə əldə etmək, o cümlədən danışıqların dalana dirənməsinin qarşısını almaqdır. Macarıstan XİN başçısının təklifi isə danışıqlar prosesinə əlavə impuls verilməsi, tərəflərə edilən müsbət jest kimi dəyərləndirilməlidir. Ümumiyyətlə isə Azərbaycanın müttəfiqi, Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstanın paytaxtında sülh sazişinin imzalanması ölkəmiz üçün məqbuldur. Yeri gəlmişkən qeyd edək ki, Macarıstan müşahidəçi üzv olmasına baxmayaraq, TDT-də çox fəal mövqe tutur. Budapeşt şəhərində TDT nümayəndəliyi də aktiv fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Ermənistanın “Armenian Report” saytı macar nazirin təşəbbüsünə, ümumiyyətlə onun İrəvana səfər etməsinə kəskin reaksiya verib. Saytda yerləşdirilmiş “Sizin özünüzə hörmətiniz hardadır, cənab Paşinyan və Mirzoyan?” sərlövhəli məqalədə Macarıstan “anti-erməni qüvvə” kimi qələmə verilir: “Biz ermənilər son illərdə özümüzə hörmət səviyyəsini çox aşağı salmışıq. Biz özümüzə hörmət etməyi unutmuşuq, amma başqalarından bizə hörmət etməyi tələb edirik. Biz hər şeyə razılaşmağa və hər şeyə dözməyə hazırıq, sadəcə başımıza sığal çəksinlər.
Beləliklə, görünür, bizim rəsmi şəxslər Avropanın ən anti-erməni ölkəsi olan bir dövlətinin başımıza sığal çəkməsinə imkan yaratmaq istəyirlər. Söhbət Macarıstandan gedir. Onun xarici işlər naziri Peter Siyarto sentyabrın 10-da İrəvana gəlib. Məgər, Avropa İttifaqının Sülh Fondundan Ermənistana dəstək layihəsini əngəlləmək üçün əlindən gələni edən Macarıstan deyilmi? Bütün Aİ ölkələri Ermənistana yardım göstərməyə razıdırlar və yalnız Macarıstan bunun qəti əleyhinədir. Eyni zamanda, iyunda həmin Siyarto bəyan etdi ki, əgər Ermənistana Sülh Fondundan 10 milyon dollar yardım göstərilsə, o zaman eyni yardım Azərbaycana da göstərilməlidir. İndi isə İrəvanda ona qucaq açıblar”.
Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, bu gün əsas məsələ sülh sazişinin harada, hansı ölkədə, hansı paytaxtda imzalanması deyil, ümumiyyətlə, sazişin mətninin razılaşdırılmasıdır. Hər iki tərəf mətnin çox hissəsinin artıq razılaşdırıldığı qənaətindədir: “Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da mətnin 80 faizinin razılaşdırıldığını bildirmişdi. Ermənistan baş naziri Nikol Paşinyan isə sentyabrın 10-da bu fikri təsdiq edərək sazişin 16 bəndinin 13-nün razılaşdırıldığını, tərəflərin digər 3 bənd üzrə razılığa yaxın olduğunu deyib. Əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən preambula hissəsinin çıxarılmasıdır. Bunun üçün heç referenduma da ehtiyac yoxdur. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan bizim torpaqlarımızı işğal edəndə həmin müddəanı konstitusiyaya referendum keçirmədən – parlamentdə baş tutan səsvermədə sadə səs çoxluğu ilə daxil etmişdilər. Nikol Paşinyanın partiyası hazırda parlamentdə böyük çoxluğa malikdir. İstəsələr parlament çox qısa müddətdə bu məsələni həll edə bilər. Bu isə öz növbəsində sülh sazişinin imzalanmasını sürətləndirər”.
E.Şahinoğlu qeyd etdi ki, bundan sonra sülh sazişinin harada imzalanması əsas müzakirə predmeti ola bilər: “Əslində, hesab edirəm ki, sülh sazişini sərhəddə də imzalamaq olar. Bu, daha münasib variantlardan biridir. Çünki birbaşa danışıqlar gedir. Müəyyən uğurlu nəticələr var. Sərhədin müəyyən hissəsi delimitasiya və demarkasiya olunub. Xarici işlər nazirlərinin ünsiyyət qurmasında hansısa bir problem yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistan konstitusiya dəyişikiliyi ilə bağlı gərəkli addım atarsa, liderlər sülh sazişini imzalaya bilərlər”.
Müsahibimiz qeyd etdi ki, yox, əgər sazişin imzalanması üçün hansısa ölkəyə ehtiyac varsa, bu, neytral ölkə olmalıdır: “Məsələn, mən sazişin Rusiyada imzalanmasını doğru hesab etmirəm. Çünki bu zaman Rusiya sülh sazişi vasitəsilə tərəflərə təzyiq etməyə çalışacaq. Məncə, ABŞ variantı da istisna olunmalıdır. Amma Budapeştdə imzalana bilər. Macarıstanın Azərbaycan və Ermənistanla münasibətləri var. Həmçinin, qonşu Gürcüstanda da imzalana bilər. Bu, daha məqbul variantdır. Çünki sülh sazişinin imzalanmasından sonra “Ümumqafqaz evi” ideyasının reallaşdırılmasına başlanıla bilər. Prezident İlham Əliyev də çıxışlarında bu ideyaya müsbət yanaşdığını bildirib. Yaxud, Qazaxıstanda – Astanada imzalanması mümkündür. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sazişin Astanada imzalanması ilə bağlı Bakı və İrəvana təklifi var”.
Mərkəz rəhbəri sonda bir daha qeyd etdi ki, əsas məsələ sülh sazişinin mətninin razılaşdırılmasıdır. Mətn razılaşdırıldıqdan sonra məkanın, yerin müəyyənləşməsi elə böyük əhəmiyyət kəsb etməyəcək.
Səxavət HƏMİD
XQ